AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI
“Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli 983 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
1. “Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 02 aprel tarixli 20040005357 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2021-ci il 31 mart tarixli 21050000130 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. “Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi Qaydaları” (bundan sonra- Qaydalar) “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinin 8-ci hissəsinə və “Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 aprel tarixli 983 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır.
1.2. Bu Qaydalar müəssisə və təşkilatlarda çalışan işçilərin radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyinin mühafizəsinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hazırlanmışdır.
1.3. Müəssisə və təşkilatlarda çalışan işçilər “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq müəyyən olunmuş dozadan artıq şüalanmaya məruz qaldıqda bu Qaydalara uyğun olaraq sağlamlığının qorunması və sosial müdafiə hüququna malikdirlər.
1.4. Qanuna və bu Qaydalara uyğun olaraq, müəssisə və təşkilatlarda müvafiq iş yerlərində mövcud olan radioaktiv maddənin aktivliyi, texnoloji proses, radioaktiv maddə istifadə edilən avadanlığın xarakteristikası və şüalanmanın bütün formaları nəzərə alınmaqla işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatı (mövcud olduqda) ilə razılaşdırılmaqla işçilərin əməyinin mühafizəsi üzrə daxili qaydalar hazırlanaraq tətbiq edilir.
1.5. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi üzrə daxili qaydalar hazırlanarkən radiasiya təhlükəsizliyinin təmin olunmasının normalaşdırma, əsaslandırma və optimallaşdırma prinsipləri nəzərə alınır.
2.1. Müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
2.1.1. Qanunda, radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid digər normativ hüquqi aktlarda və bu Qaydalarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;
2.1.2. əməyin mühafizəsi üzrə radiasiya təhlükəsizliyinin təmin edilməsi, radiasiya qəzasının baş verməməsi üçün tədbirlərin planlaşdırılıb həyata keçirilməsi;
2.1.3. ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması, bununla bağlı əməyin mühafizəsi üzrə daxili qaydalara əlavə və dəyişikliklər edilməsi;
2.1.4. radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi;
2.1.5. işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
2.1.6. ionlaşdırıcı şüalanmanın ölçülməsi üçün istifadə edilən ölçü vasitələrinin saz və nizamlanmış vəziyyətdə olmasını təsdiq edən sertifikasiyasının olması;
2.1.7. istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin iş yerlərinin attestasiyasının keçirilməsi;
2.1.8. işçilərin ilkin (işə qəbul olunarkən) və ildə bir dəfədən az olmayaraq müntəzəm qaydada tibbi müayinələrdən keçirilməsi;
2.1.9. işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozalarının uçotunun aparılması və aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi;
2.1.10. radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qəza şəraiti yaradan hallar və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi;
2.1.11. radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
2.1.12. radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi;
2.1.13. radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi.
2.2. Əməyin mühafizəsi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müəssisə və təşkilatlarda çalışan işçilərin, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, əmək münasibətlərində olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və işə cəlb edilən digər şəxslərin vəzifələri aşağıdakılardır:
2.2.1. Qanunda, radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid digər normativ hüquqi aktlarda, bu Qaydalarda və əməyin mühafizəsi üzrə daxili qaydalarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;
2.2.2. radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müəssisə və təşkilatda müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsində iştirak etmək.
2.3. Müəssisə və təşkilatlarda işçilərin sayı 50 nəfərdən çox olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi xidməti yaradılmalıdır. Müəssisə və təşkilatlarda işçilərinin sayı 50 nəfərdən az olduqda və əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi tətbiq edilmədikdə, əməyin mühafizəsi işinin təşkili işəgötürənin əmri ilə əməyin mühafizəsi üzrə səriştəli işçilərdən birinin əmək funksiyasına aid edilir. Bu müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
2.4. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətinin rəhbəri və ya əməyin mühafizəsi üzrə mühəndis və ya əməyin mühafizəsi üzrə məsul işçi (bundan sonra- əməyin mühafizəsi üzrə mühəndis) əməyin mühafizəsinin təmin edilməsi üçün görülən işlərin xüsusiyyəti və əmək şəraiti nəzərə alınmaqla iş yerlərində vaxtaşırı istehsalat nəzarəti həyata keçirir və işəgötürənə bu barədə məlumat verir.
2.5. Əməyin mühafizəsi üzrə mühəndis radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılan pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.
2.6. Əməyin mühafizəsi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dərhal və ya qısa müddət ərzində aradan qaldırılması mümkün olmayan pozuntular aşkar edildikdə, müəssisə və təşkilatlarda istehsalat nəzarətini həyata keçirən əməyin mühafizəsi üzrə mühəndis şüa mənbələri ilə aparılan işlərin dayandırması üçün işəgötürənə rəsmi təqdimat verməlidir.
2.7. Müəssisə və təşkilatlarda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və ilk həmkarlar ittifaqı təşkilatı müvafiq qaydada radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi qaydalarının yerinə yetirilməsinə ictimai nəzarət etmək hüququna malikdirlər. İctimai birlik nümayəndələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunları və nizamnamələri ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində həmin müəssisə və təşkilatların ərazisinə daxil ola bilərlər.
2.8. Müəssisə və təşkilatların işəgötürənləri iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və ya texnologiyanın tətbiqi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları ilk təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
2.9. Müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyası 5 ildə bir dəfədən az olmayaraq keçirilməlidir. Tətbiq edilən radioaktiv maddələr dəyişdirildikdə, radioaktiv maddələr tətbiq edilən yeni texnologiya tətbiq edildikdə, habelə ionlaşdırıcı şüalanma mənbələri ilə bağlı işin xüsusiyyətində və şəraitində hər hansı dəyişiklik olduqda müəssisə və təşkilatlarda dərhal iş yerlərinin attestasiyası yenidən keçirilməlidir.
2.10. İş yerlərində ionlaşdırıcı şüalanmanın ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyaları və bu sahədə ölçmələrin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunmalıdır.
2.11. İş yerində radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri mövcud olduqda əmək şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla şüalanmadan qorunmaq üçün xüsusi geyim və digər fərdi mühafizə vasitələri tətbiq edilməli, tətbiq edilən xüsusi geyim və digər fərdi mühafizə vasitələri əməyin mühafizəsi üzrə daxili qaydalarda müəyyən edilməlidir.
2.12. İş yerlərinin attestasiyası aparılarkən şüalanmanın ölçülməsi əmək funksiyalarının yerinə yetirildiyi iş yerində, işçinin şüalanmaya məruz qaldığı məsafədə aparılmalıdır.
2.13. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində sanitariya norma və qaydaları, gigiyena normativləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilir və iş yerlərinin attestasiyası aparılarkən bu norma və normativlər ionlaşdırıcı şüalanma üzrə iş şəraitinin amilləri qiymətləndirilərkən yol verilən doza olaraq qəbul edilir.
İş yerlərinin attestasiyası aparılarkən əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsində radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri tətbiq edilən iş yerlərində yol verilən doza amilinin faktiki göstəricisi ilə müqayisə edilir və əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsində nəzərə alınır.
2.14. İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Qanunun 9-cu maddəsinin 3-cü hissəsində müəyyən edilmiş əsas gigiyena normativləri- yol verilən orta illik doza tətbiq edilir. Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilir.
Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilir.
Əhali şüalanmaya məruz qaldıqda müəyyənləşdirilmiş şüalanmanın əsas gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin müxtəlif əraziləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən konkret sanitariya-gigiyena və ekoloji şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir səviyyəsini nəzərə almaqla azaldılır və bu ərazilərdə iş yerlərinin attestasiyası aparılarkən toplanmış şüalanmanın buraxıla bilən həddi olaraq azaldılmış normalar tətbiq edilir.
2.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nda müəyyən edilmiş radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçilər üçün qısaldılmış iş həftəsi müəyyən edilir. Qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
2.16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nda müəyyən edilmiş radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçilərə əlavə məzuniyyət verilir. Siyahıda nəzərdə tutulmuş əlavə məzuniyyətin əsas əmək məzuniyyəti ilə birlikdə verilməsi təmin edilir. Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçiyə ərizəsi əsasında müvafiq əmək şəraitinə görə əlavə məzuniyyətin verilməsindən imtina edilməsi qadağandır.
2.17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nda müəyyən edilmiş radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında rasionlar üzrə müalicə-profilaktik yeməklər və ya pulsuz süd və ona bərabər tutulan məhsullar verilir. Bu halda radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində təyin olunan müalicə-profilaktik yeməklərin rasionu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 18 may tarixli 29 nömrəli Qərarı təsdiq edilmiş “Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi” əsasında müəyyən edilir. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.
2.18. Radioaktiv maddələr və ionlaşdırıcı şüalanma ilə bağlı işçilərə bu Qaydaların 2.15-2.17-ci bəndlərində göstərilən normativ hüquqi aktlara əsasən müvafiq təminatlar verildikdə, eləcə də kollektiv müqavilədə nəzərdə tutulmaqla əmək qanunvericiliyinə nisbətən daha geniş güzəşt, imtiyaz və əlavə təminatlar müəyyən edildikdə, əmək şəraitinin dəyişməsindən asılı olaraq iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq daha qısa müddətlərdə keçirilməsi əməyin mühafizəsi üzrə daxili qaydalarda nəzərdə tutulur.