"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 fevral 2007-ci il
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.6-cı bəndinə, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Rabitə haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2006-cı il 29 noyabr tarixli 485 nömrəli Fərmanının 2.2.2-ci bəndinə, həmçinin "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
1.2. Azərbaycan Respublikasının ərazisində radiotezliklər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun ayrılır.
1.3. Radiotezlik zolaqları Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) tərəfindən sifarişçilərin müraciətləri əsasında ayrılır. Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (bundan sonra – REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radio-elektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.
1.4. Bütün təyinatlardan olan (kosmik-peyk rabitə vasitələri istisna olmaqla) REV-in işçi tezliklərinin ayrılması üzrə qərarı Komissiya qəbul edir. Kosmik-peyk rabitə vasitələrinin dövriyyəsinə xüsusi icazə (Müdafiə Nazirliyinin kosmik-peyk rabitə vasitələri istisna olmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla verilir.
1.5. Komissiyanın qərarına əsasən mülki məqsədlər üçün istifadə olunan tezlik nominalları tezlik zolaqlarının ayrılması cədvəlində "birgə istifadə üçün" qeydi olan tezlik zolaqlarında ayrılır.
1.6. Tezlik zolaqlarının ayrılması cədvəlində "xüsusi istifadə üçün" qeydi olan tezlik zolaqlarından Komissiyanın qərarına əsasən yalnız xüsusi təyinatlı dövlət orqanları - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti üçün tezlik nominalları ayrılır.
1.7. Mülki istifadə məqsədləri üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə REV-nin qeydiyyatı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ) tərəfindən aparılır.
1.8. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri, xarici dövlətlərin səfirliklərində, diplomatik konsulluqlarında, nümayəndəliklərində istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklər Xarici İşlər Nazirliyinin (bundan sonra - XİN) müraciətinə əsasən Komissiya tərəfindən ayrılır. Avadanlığın qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət DRİ tərəfindən XİN-in vasitəçiliyi ilə aparılır.
1.9. Televiziya və radio yayımçılarına televiziya və radio yayımı üçün radiotezliklərin ayrılması qaydası “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
2.1. Respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan REV üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.
2.2. Müraciətlərdə nəzərdə tutulmuş şəbəkənin təyinatı, istifadə olunacaq radiotezliklərin diapazonları, radiotezliklərin sayı, zolaqların eni, istifadə olunacaq texnologiyalar və avadanlıqlar haqqında digər texniki məlumatlar öz əksini tapmalıdır.
2.3. Fəaliyyətdə olan radiorabitə şəbəkələrinin və avadanlıqlarının yeniləşdirildiyi zaman istifadə olunan tezlik zolaqlarının (kanallarının) və Komissiyanın qərarında göstərilən dislokasiya yerinin dəyişdirilməsi tələb olunduğu təqdirdə, yenidən müvafiq qaydada Komissiyaya müraciət olunmalıdır.
2.4. Xarici ölkələrdə istehsal olunmuş, elmi tədqiqat işləri (bundan sonra - ETİ) aparmaq üçün və ya respublikanın ərazisində istifadə məqsədilə idxal edilmiş REV-ə işçi tezliklərin ayrılması üçün müraciətləri Azərbaycan Respublikasının ərazisində bu işlərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyan təşkilatlar təqdim edirlər.
2.5. Xarici tərsanələrdə hazırlanan gəmilərdə (hava gəmilərində) REV qoyularkən, radiotezlik ayrılması barədə müraciət gəminin (hava gəmisinin) sifarişçisi tərəfindən təqdim olunur.
2.6. Müraciətin təqdimat müddəti aşağıdakı kimi olmalıdır:
işlənilib hazırlanan və istehsal edilən REV üçün - eskiz mərhələsindən və ya eskiz-texniki layihələndirmə müddətindən gec olmayaraq;
xaricdən alınan REV üçün - danışıqlar aparıldığı mərhələdə;
ETİ-də və eksperimental işlərdə istifadə olunan REV üçün - tematik tapşırığın təsdiq olunduğu andan 2 (iki) aydan gec olmayaraq.
2.7. REV-in işçi tezlik diapazonları tezlik zolaqlarının ayrılması cədvəli ilə uyğunsuzluq təşkil edərsə, belə müraciətlər üzrə radiotezliklərin ayrılması məsələsinə baxılmır və bu haqda müraciət edən şəxsə əsaslandırılmış rəsmi məlumat verilir.
2.8. Ayrılmış radiotezlik zolağının istifadəsi dayandırıldıqda bu haqda DRi tərəfindən 1 (bir) ay müddətində Komissiyaya rəsmi məlumat verilməlidir.
2.10. Komissiyaya daxil olan müraciətlərə Komissiyanın iclaslarında baxılır.
2.11. Komissiyanın növbəti iclasına qədər mülki məqsədlər üçün olan müraciətlər Komissiyanın Katibliyi (bundan sonra – Katiblik) tərəfindən araşdırılır.
2.12. Araşdırma prosesində müraciət etmiş şəxs haqqında məlumat, yaradılacaq şəbəkənin təyinatı, tələb olunan tezlik nominalları, istifadə olunacaq avadanlıqların texniki xarakteristikaları, istehsalçı tərəfindən verilən sertifikat, DRİ-nin planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə rəyi və bu kimi sənədlər toplanmalıdır.
2.13. Araşdırmaların nəticələri toplanmış sənədlərlə birlikdə Katiblik tərəfindən münasibət bildirilməsi üçün Komissiya üzvlərinə təqdim olunur.
2.14. Komissiya üzvlərinin hər bir müraciət üçün rəy və təklifləri toplanır və Komissiyanın növbəti iclasında müzakirəyə çıxarılır.
2.15. İclasda hər bir müraciət Komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunur və müvafiq qərar qəbul edilir.
2.16. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə radiotezlik ayrılması barədə müraciətlərə bilavasitə Komissiyanın iclasında baxılır, tələb olunduğu təqdirdə, müraciətlə bağlı iclasda həmin təşkilatı təmsil edən Komissiya üzvü və ya onun dəvət olunmuş nümayəndəsi tərəfindən şifahi və ya yazılı arayış verilir.
2.17. Komissiyanın iclas protokoluna əsasən hər bir müraciətlə bağlı qərarın surəti 10 (on) gündən gec olmayaraq müraciət edən şəxsə göndərilir.
2.18. Komissiyaya daxil olmuş müraciətlərə 2 (iki) aydan gec olmayaraq cavab verilir.
2.19. Komissiya tərəfindən müraciətlərə baxılarkən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə radiotezlik ayrılması məsələsinə üstünlük verilir.
2.20. Radiotezliyin ayrılması barədə müraciətlərə baxılarkən, aşağıdakı amillər əsas götürülür:
radioşüalanmanın texniki xarakteristikalarının REV-in elektromaqnit uzlaşması sahəsindəki mövcud normativ texniki sənədlərin tələblərinə cavab verməsi;
tələb olunan tezlik nominallarının istifadədə olan REV-in tezlik nominallarına radiomaneə təsirinin istisna olması;
qanunvericiliyə əsasən verilən lisenziyaların şərtlərinə cavab verməsi;
icbari sertifikatlaşma üzrə tələblərə uyğunluq;
qanunvericiliyə əsasən verilən nömrə resursu üzrə şərtlərə uyğunluq;
ayrılması nəzərdə tutulan radiotezliklərin respublika ərazisində istifadəsinin dövlət orqanları tərəfindən götürülmüş beynəlxalq öhdəliklərin pozulmasına səbəb olmaması.
2.21. Komissiyanın qərarı haqqında bildiriş aldıqdan sonra istifadəçi konkret tezlik nominallarının (kanallarının) qeydiyyata alınması üçün 10 (on) gün müddətində DRİ-yə müraciət edir.
2.22. Komissiyanın qərarına müvafiq olaraq müraciət etmiş hüquqi və fiziki şəxslərə ayrılmış tezlik nominalları (kanalları) DRİ tərəfindən qeydiyyata alınır.
2.23. Komissiya tərəfindən radiotezlik ayrılmasına qərar verilmiş hüquqi və fiziki şəxslər DRİ ilə tezlik nominalları üçün mövcud tariflərə uyğun ödəniş edilməsi, radiotezliklərdən qanunvericiliyə uyğun istifadə olunması və s. üçün müqavilə bağlayırlar.
2.24. DRİ tərəfindən istifadəçiyə verilmiş yaradılacaq şəbəkənin təyinatına uyğun anketlər doldurularaq geri qaytarılır.
2.25. Təqdim olunmuş anket materiallarına əsasən hər bir radiorabitə vasitəsi üçün ödəniş aparıldıqdan sonra, həmin radiorabitə vasitələri DRİ-də qeydiyyata alınır və onların istifadəsinə icazə vərəqələri verilir.
2.27. Bu Qaydaların 1.4-cü bəndinə uyğun olaraq respublikanın ərazisində istismarına xüsusi icazə verilmiş yerüstü peyk terminallarının (VSAT, İNMARSAT, İRİDİUM, THURAYA və s.) qeydiyyatı üçün anket doldurularaq geri qaytarılır, müqavilə bağlandıqdan və ödəniş aparıldıqdan sonra peyk terminalı DRİ-də qeydiyyata alınır.
2.28. Respublikanın ərazisində istifadəsinə Komissiya tərəfindən qərar verilmiş bütün növ radiouzadıcılar (radiotelefonlar) DRİ-də müvafiq qaydada qeydiyyata götürülür.
2.29. Komissiya tərəfindən radiotezlik ayrılmasına qərar verilmiş ümumi istifadəli radiorabitə şəbəkələrinin baza stansiyalarının quraşdırılacağı yerlər haqqında operator 1 (bir) ay əvvəl Katibliyə müraciət edir. Katiblik Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla müraciətdə göstərilən ünvanlarda baza stansiyalarının quraşdırılması haqqında qərar qəbul edir və nəticəsi barədə operatora və müqavilələrin bağlanması haqqında DRİ-yə bildiriş göndərir.
2.30. Komissiyanın qərarına əsasən xüsusi dövlət orqanları - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti üçün tezlik zolaqlarının ayrılması cədvəlində "birgə istifadə üçün" nəzərdə tutulan diapazonlardan tezlik nominalları (kanalları) Katiblik tərəfindən razılaşdırılmaqla ayrılır.
2.31. Komissiya tərəfindən qəbul olunmuş qərarlar və verilmiş icazələr haqqında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə Katiblik tərəfindən yazılı məlumat verilməlidir.
2.32. Radiotezlik istifadəçiləri radiomübadilə prosesində məxfiliyi qorumalıdırlar.
2.33. Radiotezlik istifadəçiləri şəbəkəni onlara verilmiş icazə şərtləri daxilində təşkil etməlidirlər.
2.34. Radiorabitə şəbəkələrində uyğunluq sertifikatı olmayan və ya nasaz olan avadanlıqların istifadəsi yolverilməzdir.
2.35. Radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir:
2.35.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
2.35.2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;
2.35.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.
2.35-1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.
2.36. Müəssisədaxili radiorabitə şəbəkələrində radiomübadilə zamanı DRİ tərəfindən ayrılmış çağırış siqnalından istifadə olunmalıdır.
2.37. Radiorabitə şəbəkələrinin işi fəaliyyətdə olan digər şəbəkələrə radiomaneələr yaratmamalıdır.
2.38. Xüsusi dövlət orqanlarına məxsus radiorabitə şəbəkələrində radiotezliklərdən istifadə qaydaları həmin orqanların rabitə xidmətləri tərəfindən hazırlanır və onlara əməl olunmasına nəzarət təmin edilir.
2.39. Mülki təyinatlı radiorabitə şəbəkələrində radiotezliklərdən istifadə qaydalarına əməl olunmasına DRİ tərəfindən nəzarət edilir.
3.1. Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan REV nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir.
3.2. Tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq REV-in texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
4.1. Hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinin yerinə yetirilməsinə, REV-in radioşüalanma və qəbul üzrə texniki xarakteristikalarının elektromaqnit uzlaşması sahəsində normativ hüquqi və texniki sənədlərə uyğunluğuna görə mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
4.2. Bu Qaydaların tələblərinin icrasına nəzarət Komissiya tərəfindən həyata keçirilir.
4.3. Radiotezlik istifadəçiləri bu Qaydalara nəzarət edən şəxsin hərəkətlərindən mövcud qanunvericiliyə uyğun şikayət verə bilərlər.
1. 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)
2. 25 fevral 2014-cü il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 216)
3. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
4. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
5. 21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158)
6. 24 iyul 2021-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyul 2021-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 888)
7. 4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 391)
8. 18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558)
9. 25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015)
10. 9 dekabr 2022-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 13 dekabr 2022-ci il, “Xalq” qəzeti, 15 dekabr 2022-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1544)
11. 28 iyul 2023-cü il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2023-cü il, “Xalq” qəzeti, 30 iyul 2023-cü il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1085)
12. 30 avqust 2023-cü il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 2 sentyabr 2023-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1281)
13. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)
14. 9 fevral 2024-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 211)
15. 24 fevral 2024-cü il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 233)
16. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)
17. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)