Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

12.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

12.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

12.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatlar;

12.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

12.1.5. yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş media məhsullarında, o cümlədən televiziya və radio proqramlarında yerləşdirilməsi;

12.1.6. yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

12.1.7. yetkinlik yaşına çatmayanların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;

12.1.8. energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların energetik içkilərin reklamı ilə kəsilməsi.

12.2. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

12.3. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq televiziya və radio proqramlarında, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

12.4. Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.

12.5. Reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver