9.1. Reklamın təkzib edilməsi haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün bu Qanunun tələblərini pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən verilir.
9.2. Bu Qanunun tələblərini tələblərini pozmuş reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində reklamı təkzib etməyə borcludur. Bunun üçün tələb olunan bütün xərclər qanunu pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
9.3. Reklamın təkzib edilməsi obyektivliyinin təmin olunması üçün onun yayımlanma vaxtı, davamiyyəti, yeri, vasitələri haqsız, qeyri-dəqiq və gizli reklamın göstəriciləri ilə bərabər olmalı, məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Reklamın təkzib edilməsinin vaxtı, davamiyyəti, vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaxud onunla razılaşdırılmaqla dəyişdirilə bilər.
9.4. Reklamın təkzib edilməsini müəyyən olunmuş müddət ərzində təmin etməyən reklam fəaliyyətinin subyektinin reklam sahəsində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında reklam təkzib edilənədək dayandırıla bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı reklam fəaliyyətinin həmin subyekti ilə həmin reklam sahəsində müqavilə bağlamış bütün tərəflərə məlumat verir.
9.5. Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
9.6. Bu Qanunda nəzərdə tutulan halda reklamı təkzib etməyən və ya təkzibi yayımlama şərtlərinə əməl etməyən reklam fəaliyyətinin subyekti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.