Rəsmi statistika sistemi vahid, mərkəzləşdirilmiş ümumdövlət sistemidir.
Azərbaycan Respublikasında statistika sisteminin təşkili və onun fəaliyyətinin təmin olunması ilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları və onların yerli orqanları məşğul olurlar. Yerli orqanlar yalnız yuxarı müvafiq icra hakimiyyəti orqanına tabedir.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının mərkəzi icra orqanları sistemində fəaliyyət göstərir və respublikada rəsmi statistikanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılan “Statistik işlər haqqında proqram”a (bundan sonra – proqram) uyğun həyata keçirir. Həmin proqram idarəetmə orqanlarını, müəssisələri, təşkilatları və idarələri, işgüzar dairələri və ictimaiyyəti məlumatlandırmaq üçün müvafiq qaydada mütləq dərc edilməlidir. Proqramda mövcud ehtiyatlar, respondentlərə düşən yük və onun dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı təşkil ediləcək statistik müşahidələr nəticəsində əldə olunacaq məlumatlar, məlumatların əldə olunması üçün hər bir elementin əhatəlilik, növ, dövrilik və mövzu əlamətləri əks etdirilir. Əgər başqa qayda nəzərdə tutulmayıbsa, müayinələr və siyahıyaalmalar proqram əsasında keçirilir və sorğu edilən statistik vahidlər müvafiq nəticələrin alınması üçün zəruri olan məlumatları verməlidirlər.
Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq subyektlərinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü nəzərə alınır.
Müvafiq icra hakimiyyəti orqanı və onun yerli orqanları, müstəqil xərclər smetasına, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq xəzinə hesablanma, habelə bank hesabına, Azərbaycan Respublikasının gerbi təsvir edilmiş möhürə malikdir.