Statistika Şurası (bundan sonra - Şura) proqramın hazırlanması, həyata keçirilməsi və statistikanın təşkili, inkişafı və fəaliyyət göstərməsi üzrə məsləhətlərin verilməsi məqsədi ilə yaradılır. Şura müvafiq icra hakimiyyəti orqanı yanında, ictimai əsaslarla fəaliyyət göstərir və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
- proqramın hazırlanmasına dair təklif və tövsiyələrin verilməsini;
- proqramın həyata keçirilməsi məsələləri ilə bağlı məsləhətlərin verilməsini;
- Azərbaycan Respublikasında rəsmi statistikanın ardıcıl inkişafı üzrə tövsiyələrin hazırlanmasını;
- statistik məlumat istifadəçilərinin statistikaya dair irad, rəy və təkliflərinə baxaraq müvafiq icra hakimiyyəti orqanına tövsiyələr verilməsini.
Şuranın işi aşkarlıq şəraitində həyata keçirilir. Şuranın tövsiyələri geniş ictimaiyyətə çatdırıla bilər.
Şuranın tərkibinə statistika, maliyyə, iqtisadiyyat, vergi, gömrük orqanlarının, bankların, həmkarlar ittifaqları birliklərinin, sahibkarların ictimai birliklərinin, təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların və statistik məlumatların istifadəçilərinin nümayəndələri daxil edilirlər.
Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 5 il müddətinə təsdiq edilir.