Qanunvericilik › “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.03.2016) › Tam mətn

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.03.2016)

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.03.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ölkədə xarici valyuta tənzimlənməsi rejiminin mövcud makroiqtisadi şəraitə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununın 8-ci, 9-cu və 11-ci maddələrinə uyğun olaraq

1. “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” və bu Qaydalara 18 fevral 2008-ci il tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 11-ci maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (banklar və xarici bankların yerli filialları istisna olmaqla) tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması, habelə xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydalarını müəyyən edir.

1.3. Bu Qaydalarda istifadə olunan “xarici valyuta”, “xarici valyutada qiymətli kağızlar”, “rezident”, “qeyri-rezident” və “müvəkkil banklar” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

1.4. Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

2.1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı və xarici valyutada qiymətli kağızları nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

2.3-1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutada qiymətli kağızları əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından çıxara bilərlər.

2.4. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

1. 24 fevral 2023-cü il tarixli 11/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202302240112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 fevral 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver