Qanunvericilik › “Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.11.2023) › Tam mətn

“Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.11.2023)

“Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.11.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci, 10.6-cı və 78.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

“Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 10.2-ci, 10.6-cı və 78.2-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərini, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri müəyyən edir.

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. aparıcı təkrarsığortaçı – birdən artıq xarici sığortaçının iştirak etdiyi təkrarsığorta müqaviləsində (müqavilələrində) şərtləri razılaşdırılan və şərtlərinə təkrarsığorta müqaviləsinin (müqavilələrinin) digər iştirakçıları tərəfindən istinad edilən xarici sığortaçı;

2.1.2. kredit reytinqi − bu Qaydanın 1 nömrəli Əlavəsində göstərilən və xarici sığortaçılara onların uzunmüddətli maliyyə öhdəliklərini yerinə yetirə bilməsi ilə bağlı müvafiq beynəlxalq nüfuzlu reytinq agentlikləri tərəfindən qiymətləndirmə nəticəsində verilən dərəcə;

2.1.3. reytinq qrupu − bu Qaydanın 1 nömrəli Əlavəsində göstərilən və aşağı kredit riski kimi qiymətləndirilən 0-cı qrupdan yüksək kredit riski kimi qiymətləndirilən 4-cü qrupadək olmaqla xarici sığortaçıların kredit reytinqləri və ya “Solvency” əmsalları üzrə təsnifatı;

2.1.4. “Solvency ll” rejimi − Avropa İttifaqına daxil olan ölkələrdə fəaliyyət göstərən xarici sığortaçılar üzrə risk əsaslı nəzarəti həyata keçirmək məqsədilə tətbiq olunan tənzimləmə çərçivəsi;

2.1.5. “Solvency ll” rejiminə ekvivalent olan nəzarət rejimləri − Avropa Komissiyası tərəfindən “Solvency ll” rejiminə ekvivalent olaraq tanınan və bununla bağlı məlumatın Avropa Komissiyasının rəsmi internet səhifəsində dərc olunduğu sığorta nəzarəti rejimləri;

2.1.6. “Solvency” əmsalı − “Solvency ll” rejimi və “Solvency ll” rejiminə ekvivalent olan nəzarət rejimlərinin tətbiq dairəsinə daxil olan xarici sığortaçıların “Solvency ll” direktivi və onun əsasında qəbul edilən hüquqi aktlara əsasən hesablanan ödəmə qabiliyyəti ilə bağlı əmsal;

2.1.7. katastrofik risk − bu Qaydanın məqsədləri üçün zəlzələ;

2.1.8. ehtimal olunan maksimum zərər məbləği (bundan sonra − “PML” məbləği) − bir katastrofik riskin bir dəfə meydana gəlməsi nəticəsində baş verə biləcək hadisə üzrə ehtimal olunan maksimal zərər məbləği;

2.1.9. konsentrasiya riski – bu Qaydanın məqsədləri üçün ən azı ölkə, region, habelə sığortaçı və xarici sığortaçı üzrə cəmlənmiş sığorta risklərinin həcmi;

2.1.10. riskli zonalar − “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə uyğun olaraq müəyyən edilən yüksək riskli zonalar və “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli 1505 nömrəli Fərmanı ilə müəyyən edilmiş güzəştli vergi tutulan ölkələr və ərazilər;

2.1.11. Müdafiə və Təzminat Klubu (bundan sonra − “P&I” klubu) − riskləri sığortaya və (və ya) təkrarsığortaya qəbul edən gəmi sahiblərinin təsis etdiyi birlik.

2.2. Bu Qaydada istifadə olunan “sığortaçı” və “xarici sığortaçı” anlayışları müvafiq olaraq təkrarsığortaçıları və xarici təkrarsığortaçıları da əhatə edir.

3.1. Sığortaçı sığorta risklərini təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyası (icazəsi) olan və aşağıdakı tələblərə uyğun gələn xarici sığortaçılarda təkrarsığorta etdirə bilər:

3.1.1. xarici sığortaçı təkrarsığorta müqaviləsinin bağlanmasından əvvəlki son 12 təqvim ayı ərzində verilmiş bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulan kredit reytinqinə malik olduqda;

3.1.2. bu Qaydanın 3.1.1-ci yarımbəndinin tələbinə cavab verməyən xarici sığortaçı təkrarsığorta müqaviləsinin bağlanmasından əvvəlki son 12 təqvim ayı ərzində müəyyən edilmiş bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulan müvafiq kredit reytinqinə münasibətdə “Solvency” əmsalına malik olduqda.

3.2. Sığortaçı sığorta risklərini bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş xarici sığortaçılarda təkrarsığorta etdirərkən aşağıdakı tələblərə riayət etməlidir:

3.2.1. mütənasib təkrarsığorta müqavilələri üzrə sığorta riskləri bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş 4-cü reytinq qrupuna daxil olan bir xarici sığortaçıya münasibətdə sığorta məbləğinin 10 faizindən artıq olmamaqla, həmin tələblərə cavab verən xarici sığortaçılarda ümumilikdə bir sığorta müqaviləsi üzrə sığorta məbləğinin maksimum 20 faizi həddində təkrarsığorta etdirilə bilər;

3.2.2. qeyri-mütənasib təkrarsığorta müqavilələri üzrə sığorta riskləri yalnız bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş 3-cü və ya daha yuxarı reytinq qrupuna daxil olan xarici sığortaçılarda təkrarsığorta etdirilə bilər;

3.2.3. bu Qaydanın 3.2.4-cü yarımbəndinin tələbi nəzərə alınmaqla sığorta riskləri riskli zonada yerləşən xarici sığortaçılarda yalnız həmin xarici sığortaçılar bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş 0-cı və ya 1-ci reytinq qruplarına daxil olduqda təkrarsığorta etdirilə bilər;

3.2.4. katastrofik risklər yalnız kredit reytinqinə malik olan xarici sığortaçılarda təkrarsığorta etdirilə bilər. Bu halda xarici sığortaçı bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş 3-cü və ya daha yuxarı reytinq qrupu üzrə kredit reytinqinə, riskli zonada yerləşdikdə isə 0-cı və ya 1-ci reytinq qrupu üzrə kredit reytinqinə malik olmalıdır.

3.3. Sığortaçı yalnız bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş 3-cü və ya daha yuxarı reytinq qrupuna daxil olan xarici sığortaçıları aparıcı təkrarsığortaçı qismində qəbul edə bilər.

3.4. Bu Qaydanın 3.1.1-ci yarımbəndinə münasibətdə qüvvədə olan ən aşağı kredit reytinqi əsas götürülür.

3.5. Bu Qaydanın 3.1.2-ci yarımbəndinə münasibətdə xarici sığortaçıların özlərinin rəsmi internet səhifəsində açıqladığı ən sonuncu rəsmi hesabat (ödəmə qabiliyyəti və maliyyə vəziyyəti) əsasında müəyyən edilən "Solvency" əmsalı əsas götürülür.

4.1. Sığortaçı katastrofik riskləri sığortaladığı (təkrarsığortaladığı) təqdirdə bütün qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələri üzrə akkumulyasiya olunmuş katastrofik risklərə münasibətdə ən azı 250 illik dövr ərzində meydana gələcək risklər üçün “PML” məbləğini hesablamalıdır.

4.2. Sığortaçı katastrofik risklər üzrə “PML” məbləğinin onun məcmu kapitalının 20 faizindən çox olmayan hissəsini öz üzərində saxlaya bilər. Həmin faiz təkrarsığorta müqaviləsinin bağlanmasından əvvəlki son 12 təqvim ayı ərzində hesablanmış məcmu kapitalın ən aşağı məbləğinə tətbiq edilir.

4.3. Sığortaçı tərəfindən akkumulyasiya olunmuş katastrofik risklərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına rüblük hesabatlar təqdim edilir. Hesabatlar müvafiq rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilən formaya uyğun olaraq sığortaçının İdarə Heyətinin sədrinin (və ya onun vəzifələrini müvəqqəti icra edən şəxsin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron sistemi vasitəsilə təqdim edilməlidir.

5.1. Sığortaçı bu Qaydanın tələbləri nəzərə alınmaqla, ən azı aşağıdakı istiqamətlər əsasında təkrarsığorta əməliyyatları üzrə siyasəti müəyyən etməlidir:

5.1.1. sığorta siniflərinə münasibətdə bağlanması nəzərdə tutulan təkrarsığorta müqavilələrinin növləri;

5.1.2. sığortaçının hər bir sığorta sinfinə münasibətdə ehtimal olunan şəxsi tutumunun həcmi;

5.1.3. sığortaçıların və xarici sığortaçıların, habelə sığorta brokerlərinin seçilməsi və təkrarsığorta təkliflərinin alınması meyarları;

5.1.4. sığortaçıların və xarici sığortaçıların ən azı maliyyə hesabatlarının və kredit reytinqlərinin təhlilini əhatə edən maliyyə vəziyyətinin izlənilməsi mexanizmi və proseduru;

5.1.5. təkrarsığorta proqramının izlənilməsi və yetərli (adekvat) təkrarsığorta təminatının davamlılığının yoxlanılması mexanizmi və proseduru.

5.2. Sığortaçı tərəfindən sığorta siniflərinə münasibətdə onun risk və zərərlilik profilləri formalaşdırılmalıdır.

5.3. Sığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətində təkrarsığorta proqramının məqsədləri qeyd olunmalı və tərtib olunan təkrarsığorta proqramının onun məqsədlərinə və sığortaçının risk profilinə uyğunluğu təmin edilməlidir.

5.4. Sığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətində sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri sığortalamış (təkrarsığortalamış) sığortaçı tərəfindən həmin risklərin təkrarsığortaya qəbul edilməsinə yol verilməməsi ilə bağlı tələb əks olunmalıdır.

5.5. Sığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasəti zərərlərin sığorta və təkrarsığorta müqavilələri üzərində mümkün mənfi təsirini azaltmaq funksiyasını daşımalıdır.

5.6. Sığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətində dəyişikliklər baş verdiyi təqdirdə, həmin dəyişikliklərin sığortaçının maliyyə vəziyyətinə təsiri ilə bağlı təhlil aparılmalı və təhlilin nəticəsi barədə sığortaçının Direktorlar Şurasına hər təqvim ili ərzində hesabatlar təqdim edilməlidir.

5.7. Sığortaçı təkrarsığortaya ötürdüyü risklərə münasibətdə konsentrasiya riskini ölçməli və bununla əlaqədar olaraq sığortaçının Direktorlar Şurasına hər təqvim ili ərzində hesabatlar təqdim etməlidir.

5.8. Bu Qaydanın 5.6-cı və 5.7-ci bəndlərində göstərilən hər təqdim olunmuş hesabat əsasında sığortaçı tərəfindən təkrarsığorta əməliyyatları üzrə siyasət təkmilləşdirilməlidir.

6.1. Bu Qaydanın 3-cü hissəsinin tələbləri sığorta risklərinin “P&I” klublarında təkrarsığortalanmasına və səfər sığortası sinfi üzrə sığorta risklərinin təkrarsığortalanmasına tətbiq edilmir.

6.2. Bu Qaydanın 3-cü hissəsinin tələbləri bu Qaydanın qüvvəyə mindiyi tarixdən sonra bağlanan, davam etdirilən və yenilənən təkrarsığorta müqavilələrinə tətbiq edilir.

6.3. Bu Qayda qüvvəyə minənədək 1 (bir) ildən artıq müddətə bağlanılmış təkrarsığorta müqavilələri üzrə münasibətlər bu Qayda qüvvəyə mindiyi tarixdən 1 (bir) il ərzində bu Qaydanın 3-cü hissəsinin tələblərinə uyğunlaşdırılmalıdır.

6.4. Sığortaçı bu Qaydanın qüvvəyə mindiyi tarixdən 3 (üç) ay ərzində bu Qaydanın 4-cü hissəsinin tələblərinin bütün sığorta (təkrarsığorta) müqavilələrinə tətbiqini təmin etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver