“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 30 oktyabr 2013-cü il
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 195.2.4-cü maddəsinə əsasən hazırlanmışdır və rüsumsuz ticarət mağazalarının (bundan sonra – mağaza) yaradılması və onların fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.
1.2. Mağazada idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır.
1.3. Mağazanın ərazisi (ticarət zalları, köməkçi otaqlar və anbarlar) gömrük nəzarəti zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar gömrük nəzarəti altında olur.
1.4. Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçirilir.
2.1. Mağazanın yaradılmasına icazə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) tərəfindən verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. İcazənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə qanunvericilikdə nəzərdə tutulmuş məlumatlarla yanaşı aşağıdakılar da göstərilir:
2.1.1. şəxsə verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
2.1.2. bank hesabı barədə məlumat;
2.1.3. mağazanın yerləşdiyi yer barədə məlumat.
2.2-1. Mağazanın yaradılmasına icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.2. Ərizəyə şəxsin mağazanın ərazisindən istifadə (icarə) hüququnu təsdiq edən sənədin surəti əlavə edilir.
2.3. Ərizə Komitəyə daxil olduğu gündən 30 (otuz) gün müddətində mağazanın ərazisinin bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır və imtina üçün əsas olmadıqda mağazanın yaradılmasına icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada ərizəçiyə məlumat verilir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Komitəyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Komitəyə təqdim edilmədikdə, Komitə tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür. Təqdim edilmiş sənədlərdə və ya yoxlama zamanı çatışmazlıqlar (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal yazılı məlumat verilir. Çatışmazlıqlar 15 (on beş) gün müddətində aradan qaldırıldıqda müvafiq qərar qəbul edilir.
2.4. İcazə Komitənin sədri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.5. İcazədə aşağıdakılar göstərilir:
2.5.1. Komitənin tam adı;
2.5.2. icazəni almış şəxs barədə məlumatlar;
2.5.3. mağazanın yerləşdiyi yer;
2.5.4. icazənin qeydiyyat nömrəsi;
2.5.5. icazənin verilmə tarixi;
2.5.6. icazənin etibarlılıq müddəti.
2.6. İcazə sahibi barədə məlumatlarda dəyişikliklər olduqda, icazə itirildikdə və ya yararsız hala düşdükdə, icazə sahibi 3 (üç) iş günü müddətində yeni icazənin alınması üçün Komitəyə ərizə ilə müraciət etməlidir.
2.7. İcazə 5 (beş) il müddətinə verilir. Qüvvədə olan icazənin müddətinin bitməsinə 3 (üç) ay qalmış yeni icazənin alınması üçün müraciət edilə bilər.
2.8. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.8.1. bu Qaydaların 2.3-cü bəndinə uyğun olaraq aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılmadıqda;
2.8.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;
2.8.3. mağazada yerləşdirilən mallara gömrük nəzarətinin həyata keçirilməsi mümkün olmadıqda;
2.8.4. mağazanın ərazisi və quruluşu bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olmadıqda.
2.9. Şəxs icazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən Komitəyə müraciət edə bilər.
3.1. Komitə icazənin fəaliyyətini aşağıdakı hallarda 3 (üç) aydan artıq olmayan müddətə dayandırır:
3.1.1. icazə sahibinin bu barədə müraciəti olduqda;
3.1.2. şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması barədə məhkəmənin qərarı olduqda.
3.2. Komitə icazənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdikdə, dərhal bu barədə icazə sahibinə və vergi orqanına məlumat verir.
3.3. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, icazə sahibinin müraciətinə əsasən icazənin fəaliyyəti Komitənin qərarı ilə bərpa edilir və bu barədə dərhal icazə sahibinə və vergi orqanına məlumat verilir. İcazənin fəaliyyətinin dayandırılması müddəti icazənin ümumi müddətinə daxil edilmir.
3.4. Komitə icazəni aşağıdakı hallarda ləğv edir:
3.4.1. icazə sahibinin bu barədə müraciəti olduqda;
3.4.2. şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə məhkəmənin qərarı olduqda;
3.4.3. icazənin verilməsi üçün təqdim edilmiş sənəd və məlumatlarda yanlış məlumat aşkar edildikdə;
3.4.4. mağazaya dair bu Qaydalarla müəyyən edilmiş tələblər il ərzində təkrar pozulduqda;
3.4.5. bu Qaydaların 3.1-ci bəndində göstərilən müddət bitdikdə;
3.4.6. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan müddətdə Komitəyə təqdim edilmədikdə.
3.5. Komitə icazənin ləğv edilməsi haqqında qərar qəbul etdikdə, dərhal icazə sahibinə və vergi orqanına məlumat göndərir.
3.6. İcazə ləğv edildikdə, mağazada yerləşdirilən mallar seçilmiş gömrük proseduruna uyğun olaraq gömrük rəsmiləşdirilməsindən keçirilir.
3.7. Komitə tərəfindən verilən, fəaliyyəti dayandırılan, bərpa və ya ləğv edilən icazələrin uçotu aparılır.
4.1. Mağazalar gömrük ərazisinin aşağıda göstərilən yerlərində yaradıla bilər:
4.1.1. beynəlxalq hava limanının gömrük nəzarəti zonasında;
4.1.2. beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında;
4.1.3. gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında;
4.1.4. xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında.
4.2. Mağazanın aşağıdakı otaqları olmalıdır:
4.3. Mağazanın köməkçi otağına və anbarına kənar şəxslərin daxil olması istisna edilməlidir.
4.4. Mağazada satılmamış malların gömrük nəzarəti zonasından kənara çıxarılması və mağazaya gömrük nəzarəti zonasından kənar malların daxil olması gömrük nəzarəti altında həyata keçirilməlidir.
4.5. Mağazanın ticarət zalı, köməkçi otağı və anbarı yanğın təhlükəsizliyi tələblərinə cavab verməli, habelə müvafiq mühafizə vasitələri ilə təchiz edilməlidir.
4.6. Mağazada olan bitki və heyvan mənşəli məhsullar fitosanitar, sanitar və baytar nəzarəti üzrə müəyyən edilmiş normalara cavab verməlidir.
4.7. Mağazada satılan malların xüsusi nişanı olmalı və onlar əvvəlcədən pərakəndə satış üçün qablaşdırılmalıdır.
4.8. Bu Qaydaların 4.1.4-cü yarımbəndində nəzərdə tutulan mağazalardakı mallar üzərində gömrük nəzarətinin təmin edilməsi üçün həmin mağazaların ərazisi və quruluşuna dair Komitə əlavə tələblər müəyyən edir.
4.9. Mağazanın sahibi aşağıdakılara riayət etməlidir:
4.9.1. gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanlarının vəzifəli şəxslərinə müvafiq şərait yaratmaq;
4.9.2. malların yalnız gömrük sərhədindən keçən şəxslərə satılmasını təmin etmək;
4.9.3. malların yalnız pərakəndə satışını təmin etmək;
4.9.4. mağazaya daxil olan və satılan malların uçotunu aparmaq, bu Qaydalara uyğun olaraq həmin mallar barədə gömrük orqanına məlumat vermək;
4.9.5. icazənin alınması üçün şəxs tərəfindən təqdim edilmiş məlumatlarda baş vermiş dəyişikliklər barədə gömrük orqanına məlumat vermək.
5.1. Mağazada olan malların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”na uyğun olaraq mağazanın sahibi tərəfindən aparılır.
5.2. Mağazanın sahibi 3 (üç) ayda bir dəfədən az olmayaraq, mağazaya daxil olmuş və satılmış mallar barədə gömrük orqanına məlumat verir.
5.3. Bu Qaydaların tələblərinin pozulması barədə əsas olduqda, gömrük orqanı tərəfindən növbədənkənar məlumatın verilməsi tələb edilir. Belə məlumat mağazanın sahibi tərəfindən gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı tələbinin alınması tarixindən 7 (yeddi) iş günü müddətində təqdim edilməlidir.
6.1. Mağazada yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi mağazanın anbarında və ya gömrük orqanının icazəsi ilə digər yerlərdə həyata keçirilir.
6.2. Gömrük və müvəqqəti saxlanc anbarlarında yerləşdirilmiş mallar mağazanın anbarına gömrük nəzarəti altında çatdırılır.
6.3. Fiziki şəxslər gömrük ərazisinə daxil olarkən, onların mağazadan aldıqları malların gömrük dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda nəzərdə tutulmuş həddən artıq olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük idxal rüsumları və vergilər ödənilir.
1. 01 may 2015-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 623)
2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)
3. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
4. 22 oktyabr 2025-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 29 oktyabr 2025-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 993)