Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs;

1.0.2. xüsusi təhsil - xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə təhsili;

1.0.3. xüsusi şərait - sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait;

1.0.4. fiziki çatışmazlıq - insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq:

1.0.5. psixi ləngimə - psixi inkişafın ləngiməsi, o cümlədən nitq pozuntuları, emosional-iradi mühitin pozuntuları və autizm;

1.0.6. mürəkkəb çatışmazlıq - fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu;

1.0.7. əqli çatışmazlıq - mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıq:

1.0.8. ağır çatışmazlıq - dövlət təhsil (xüsusi təhsil) standartlarına uyğun təlimi qeyri-mümkün edən fiziki, əqli və (və ya) psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş yüksək dərəcəsi;

1.0.9. xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün xüsusi dövlət təhsil standartları və proqramları əsasında təhsil prosesini həyata keçirən təhsil müəssisəsi;

1.0.10. xüsusi təhsil bölməsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil müəssisəsində yaradılmış struktur bölmə;

1.0.11. ümumi təyinatlı təhsil müəssisəsi - sağlam şəxslərin təhsili üçün yaradılmış təhsil müəssisəsi;

1.0.12. inklüziv təhsil - sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;

1.0.13. inteqrasiya təlimli təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi;

1.0.14. evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsi;

1.0.15. tam dövlət təminatı - sağlamlıq imkanları məhdud şəxslərin dövlət tərəfindən təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin edilməsi;

1.016. müəllim köməkçisi - inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

1.0.17. stasionar təhsil - uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver