21.1. Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır.
21.2. Psixoloji-tibbi-pedaqoji komissiyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
21.3. Psixoloji-tibbi-pedaqoji komissiyaların vəzifələri aşağıdakılardır:
21.3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;
21.3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;
21.3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
21.3.4. fərdi tədris planına dair tövsiyələr vermək;
21.3.5. təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;
21.3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;
21.3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərlə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyə və məsləhətlər vermək;
21.3.8. sağlamlıq imkanları məhdud şəxslər barədə məlumat bankını təşkil etmək və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək.
21.4. Xüsusi təhsil alma formalarını və xüsusi təhsil müəssisələrinin tipini müəyyənləşdirmək, imtahanlardan azad edilmək üçün psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasdır. Psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər.
21.5. Sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə razılaşmadıqda məhkəməyə müraciət edə bilərlər.
21.6. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə:
21.6.1. sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi ilə;
21.6.2. valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə tibb, sosial müdafiə müəssisələrinin və müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə;
21.6.3. valideynlərin və ya digər qanuni nümayəndələrin yaşayış yeri məlum olmayan sağlamlıq imkanları məhdud uşaqlar barəsində nizamnamələrinə əsasən uşaqların hüquqlarını müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə;
21.6.4. valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə məhkəmənin qərarı ilə aparılır.
21.7. Yetkinlik yaşına çatanlarla əlaqədar bu maddədə nəzərdə tutulmuş vəzifələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
21.8. Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.