1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
2. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir.
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər.
Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır.
3. Sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətlərindən asılı olaraq razılığın (lisenziyanın) verilmə müddətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Müvafiq dövlət orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.
Xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilməlidir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
4. Xüsusi razılıq (lisenziya) verilməsindən aşağıdakı hallarda imtina edilir:
a) xüsusi razılıq (lisenziya) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
v) müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda;
q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən imtinanı əsassız hesab etdikdə, o, müvafiq mәhkәmәyә müraciət etmək hüququna malikdir.
Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.
Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunla nәzәrdә tutulan qaydada məsuliyyətə cəlb edə bilər.