Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra – yoxlama) – yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;

1.1.2. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər;

1.1.2-1. yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:

1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;

1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər;

1.1.2-2. yaxın qohum – ər-arvad, valideynlər, uşaqlar, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, övladlığa götürülənlər;

1.1.3. yoxlayıcı orqan – qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslər;

1.1.4. yoxlayıcı – yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsi;

1.1.5. plan üzrə (növbəti) yoxlama – risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlama;

1.1.6. plandankənar (növbədənkənar) yoxlama – yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlama;

1.1.7. risk – sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına zərərin vurulması ehtimalı;

1.1.8. risklərin idarə olunması sistemi – sahibkarın risk qrupunun müəyyən edilməsi və dəyişdirilməsi, riskin azaldılması, yol verilən (və ya qəbul edilən) risk səviyyəsinin təmin edilməsi məqsədilə yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsi üzrə fəaliyyətin planlaşdırılması və təşkili ilə əlaqədar həyata keçirilən və bu Qanunun 9-1.1-ci maddəsində göstərilən tədbirlərin məcmusu;

1.1.9. risk qruplarının müəyyənləşdirilməsi meyarları – sahibkarın fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olan və sahibkarların müxtəlif risk qruplarına aid olunması üçün istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;

1.1.10. yoxlama suallarının siyahısı – yoxlama zamanı yerinə yetirilməsi yoxlayıcı orqan tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin müfəssəl siyahısını əks etdirən yoxlama aktının tərkib hissəsi;

1.1.11. yoxlamaların vahid məlumat reyestri – bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri;

1.1.12. insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təhlükə və ya zərər.

1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi istisna olmaqla, digər qanunlarda verilmiş anlayışlar bu Qanunda fərqli mənada nəzərdə tutulduqda, bu Qanunda verilmiş mənada tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver