Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

17.2. Yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir:

17.2.1. qərarın nömrəsi və tarixi;

17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);

17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

17.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.);

17.2.5. yoxlamanın növü;

17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi;

17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;

17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri.

17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.

17.4. Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver