22.1. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edildiyi vaxtdan qırx səkkiz saatdan çox olmayan müddətdə həyata keçirilir.
22.2. Yoxlama zamanı məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsinə başlamazdan əvvəl məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcı:
22.2.1. məhsulun tədqiqi (sınağı) barədə qərarın nüsxəsini sahibkara təqdim etməlidir;
22.2.2. məhsulun tədqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi qaydası və bununla bağlı sahibkarın hüquq və vəzifələrini ona izah etməlidir;
22.2.3. götürülən məhsul nümunələrinin dəyərini ödəməlidir.
22.3. Məhsul nümunələri yoxlanılan sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür və məhsul nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.
22.4. Məhsul nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:
22.4.1. aktın tərtib edilmə tarixi və məhsul nümunələrinin dəqiq götürülmə vaxtı;
22.4.2. məhsul nümunələrinin götürülməsinin əsaslandığı və bu Qanunun 21.3-cü maddəsində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
22.4.3. məhsul nümunələri götürülmüş sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
22.4.4. məhsul nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
22.4.5. məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı;
22.4.6. nümunəsi götürülmüş məhsulun adı;
22.4.7. nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
22.4.8. götürülmüş məhsul nümunələrinin sayı;
22.4.9. götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri;
22.4.10. götürülmüş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;
22.4.11. əgər varsa, sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin izahatı, iradı və ya etirazı;
22.4.12. məhsul nümunələrini götürmüş yoxlayıcının imzası;
22.4.13. məhsul nümunələrinin götürülməsində iştirak etmiş sahibkarın, yaxud səlahiyyətli nümayəndəsinin imzası.
22.5. Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
22.6. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasında sahibkarın və ya onun səlahiyyətli nümayəndənin ifadə etdiyi izahlar, iradlar və etirazların əks etdirilməsi üçün müvafiq bölmə olmalıdır.
22.7. Tədqiq (sınaq) üçün götürülən məhsul nümunələrinin sayı müvafiq tədqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan artıq olmamalıdır. Əgər müvafiq tədqiq (sınaq) aparılması metodikasında məhsul nümunələrinin tələb olunan sayı göstərilməyibsə, yoxlayıcı buna oxşar digər tədqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan çox olmayan sayda məhsul nümunələrini götürmək hüququna malikdir.
22.8. Tədqiq (sınaq) üçün götürülmüş məhsul nümunələrini qablaşdırarkən yoxlayıcı onların bütövlüyünü və tədqiq (sınaq) zamanı uyğunluğu yoxlanacaq parametrlərin tədqiq (sınaq) aparılacaq yerə çatdırılması üçün kifayət edən vaxt ərzində dəyişməz qalmasını təmin etməlidir.
22.9. Tədqiq (sınaq) üçün götürülən məhsul nümunələri yoxlayıcı tərəfindən elə möhürlənməlidir ki, qablaşdırmanın bütövlüyünü pozmadan onu açmaq mümkün olmasın.
22.10. Məhsul nümunələrinin götürülməsini başa çatdırdıqdan sonra yoxlayıcı sahibkara məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi barədə aktın müvafiq şəkildə rəsmiləşdirilmiş surətini təqdim etməlidir.
22.11. Əgər məhsulun spesifik xüsusiyyətləri və (və ya) xarakteristikası səbəbindən məhsul nümunələrinin götürülməsi və bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata çatdırılması mümkün deyilsə, yoxlayıcı həmin məhsulun yerləşdiyi yerə onun tədqiqi (sınağı) üçün tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilatın mütəxəssislərinin gəlməsini təşkil edir. Bu zaman məhsulun bu növ tədqiqi (sınağı) sahibkarın normal fəaliyyət aparmasına mane olmamalı və (və ya) onun fəaliyyətini məhdudlaşdırmamalıdır, həmçinin insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükə yaratmamalıdır.
22.12. Sahibkarın məhsul nümunələrinin götürülməsində iştirak etmək, bu Qanunda və müvafiq məhsul nümunələrinin götürülməsi metodikasında nəzərdə tutulan qaydalara əməl edilməsini tələb etmək, habelə öz izah, irad və etirazlarını bildirmək hüququ vardır.