Qanunvericilik › “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025) › Tam mətn

“Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025)

“Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın 1-ci hissəsi 2026-cı il mayın 4-dən qüvvəyə minir.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 46 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları (bundan sonra – Qaydalar) heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, o cümlədən onların rifahının təmin edilməsi məqsədilə sahibsiz heyvan sığınacaqlarına dair təşkilati və hüquqi məsələləri tənzimləyir.

1.2. Qaydalar “Baytarlıq haqqında” və “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na, habelə 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hazırlanmışdır.

1.3. Sahibsiz heyvan sığınacaqlarına dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

1.4. Sığınacaqların yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə cavab verməlidir.

1.5. Qaydalar sahibsiz heyvanların saxlanılmaqla baytarlıq tədbirlərinin yerinə yetirildiyi baytarlıq klinikalarına şamil edilmir.

2.1. Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Sahibsiz heyvan sığınacaqları (bundan sonra – Sığınacaq) - heyvanların sahibləndirilənə və ya götürüldüyü mühitə geri qaytarılanadək reabilitasiya edildiyi və bu müddət ərzində müvəqqəti saxlanılaraq baytarlıq tədbirlərinin yerinə yetirildiyi məkan;

2.1.2. Sahibsiz heyvan - Sığınacaq yeri olmayan və ya ev və ərazisinin sərhədlərindən kənarda heyvan sahibinin nəzarəti və ya birbaşa idarəsi altında olmayan it, pişik və ya digər ev heyvanları;

2.1.3. Dezbaryer - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə Sığınacağın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiyaedici məhlul ilə doldurulmuş və ya hopdurulmuş bölmə;

2.1.4. Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin kimyəvi maddələr və ya buxar vasitəsilə məhv edilməsi;

2.1.5. Dezinseksiya - zərərli həşəratların məhv edilməsi məqsədilə həyata keçirilən kompleks mübarizə (fiziki, kimyəvi, bioloji və s.) tədbirləri;

2.1.6. Deratizasiya - yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə gəmiricilərə qarşı həyata keçirilən kompleks mübarizə (fiziki, kimyəvi, bioloji və s.) tədbirləri;

2.1.7. Etoloji ehtiyaclar - heyvanların təbii davranışlarından və instinktlərindən irəli gələn, onların rifahı üçün vacib olan tələbatlar (heyvanların sağlamlığını qorumaq və stresdən azad yaşamalarını təmin etmək üçün bu ehtiyaclar nəzərə alınmalıdır).

2.1.8. Kabin - heyvanların müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş, ölçüsü və konstruksiyası heyvanın növü, çəkisi və etoloji ehtiyaclarına uyğun saxlanma yeridir.

3.1. Yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında Sığınacaqlar yaradılmamalıdır.

3.2. Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

3.3. Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilir:

3.3.1. avtomobil yollarından - 30 metr;

3.3.2. fermalardan - 100 metr;

3.3.3. su hövzələrindən - 100 metr;

3.3.4. sənaye müəssisələrindən - 100 metr;

3.3.5. yaşayış binalarından - 100 metr.

4.1. Sığınacağın yerləşdiyi ərazi 0,6 metr dərində özül üzərində inşa edilməklə 2,2 metr hündürlükdə möhkəm materialla hasarlanmalıdır.

4.2. Sığınacaqlar aşağıdakılardan ibarət olmalıdır:

4.2.1. Sığınacaqlara gətirilən və Sığınacaqda mövcud olan heyvanların ilkin tibbi yardım, kliniki müayinəsi, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün qəbul, müayinə və müalicə otağı və ya bölməsi;

4.2.2. Sığınacaqlara yeni gətirilən heyvanların digər heyvanlardan təcrid edilmiş halda saxlanılması üçün heyvan növünə uyğun təşkil edilmiş karantin (izolyasiya) otağı və ya bölməsi;

4.2.3. yoluxucu xəstəlik aşkar edilmiş heyvanların növlərinə uyğun saxlanılaraq müalicə və profilaktik tədbirlərin aparıldığı və növlərinə uyğun saxlanıldığı stasionar və intensiv terapiya otağı və ya bölməsi;

4.2.4. fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) görə heyvanların növlərinə uyğun müvəqqəti saxlanıldığı həssas heyvan saxlanc otağı və ya bölməsi;

4.2.5. kliniki müayinələrə əsasən sağlam olan heyvanların növünə və sayına uyğun saxlanıldığı sağlam heyvanlar üçün saxlanc otağı və ya bölməsi;

4.2.6. heyvanlara baytarlıq xidməti zamanı istifadə olunan qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış baytarlıq preparatlarının saxlanıldığı otaq və ya bölmə;

4.2.7. inzibati (müdiriyyət, baytarlıq mütəxəssisi və s. üçün otaqlar) və yardımçı (işçilərin soyunub-geyinmə, sanitar qovşaq, ləvazimatların və avadanlıqların saxlanıldığı, giriş-çıxış qapılarında nəzarətçi və s. otaqları) otaqlar və ya bölmələr;

4.2.8. heyvanların qidalanmasında istifadə olunan yem məhsullarının saxlanıldığı otaq və ya bölmə;

4.2.9. heyvanın saxlanıldığı otaq və ya bölmənin təmizlənib dezinfeksiya edildiyi zaman onların müvəqqəti olaraq yerləşdirilməsi üçün nəzərdə tutulan otaq və ya bölmə.

4.3. Sığınacaqlarda otaq və ya bölmələr bir tikilinin daxilində və ya ayrı-ayrı tikililərdə təşkil edilə bilər.

4.4. Sağlam heyvanlar üçün saxlanc otağı və ya bölməsi tikilinin daxilində qapalı və ya Sığınacağın ərazisində qapalı-açıq formada təşkil edilməklə aşağıdakı tələblərə cavab verməlidir:

4.4.1. qapalı hissə heyvanları günəşin və yağışın təsirindən qorumaq məqsədilə su keçirməyən tavan ilə örtülməlidir;

4.4.2. açıq hissə heyvanların gəzinti sahəsi olduğu üçün onların qaçmaması və digər heyvanlara zərər verməməsi üçün Qaydaların 4.1-ci bəndində göstərilmiş formada hasarlanmalıdır.

4.5. Bir otaq və ya bölmədə heyvanların saxlanıldığı kabinlər və qəfəslər bir və iki cərgəli, bir cərgədə 20-dən çox olmamaqla yerləşdirilə bilər. Kabinlərin sahəsi heyvanların çəkisinə uyğun olaraq aşağıdakı kimi olmalıdır:

4.5.1. çəkisi 22,5 kq və daha çox olan heyvanlar üçün - 2,5 m;

4.5.2. çəkisi 16 - 22,5 kq olan orta boylu heyvanlar üçün - 1,8 m;

4.5.3. çəkisi 10 - 16 kq olan kiçik heyvanlar üçün - 1,1 m;

4.5.4. çəkisi 10 kq-dan az olan kiçik heyvanlar üçün - 0,6 m.

4.6. Qəfəslərin minimum sahəsi və hündürlüyü aşağıdakı kimi olmalıdır:

4.6.1. çəkisi 22,5 kq və daha çox olan heyvanlar üçün - 2,2 m;

4.6.2. çəkisi 16 - 22,5 kq olan orta boylu heyvanlar üçün - 1,8 m;

4.6.3. çəkisi 16 kq-dan kiçik heyvanlar üçün - 1,1 m;

4.6.4. qəfəslərin hündürlüyü aşağıdakı kimi olmalıdır:

4.6.4.1. iri və orta heyvanlar üçün - 0.9 m;

4.6.4.2. kiçik heyvanlar üçün - 0.6 m.

4.7. Sığınacaqda drenaj sistemi olmalıdır. Drenaj sistemi çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır.

4.8. Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə təchiz edilməlidir.

4.9. Heyvanların saxlanıldığı otaq və bölmələr heyvanların sayına uyğun olaraq asanlıqla yuyula və dezinfeksiya oluna bilən, möhkəm materiallardan hazırlanmış altlıqlarla təmin edilməlidir.

4.10. Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı gözlənilməlidir.

4.11. Sığınacaqda heyvanların saxlanıldığı otaq və bölmələrin təmizlənməsi və yuyulması üçün ləvazimat və avadanlıqlar olmalıdır.

4.12. Sığınacağın istilik, havalandırma, işıqlandırma sistemləri ilə təchizatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın tələblərinə uyğun olmalıdır.

4.13. Sığınacaq fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və ya mexaniki havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı ilə təmin edilməlidir.

4.14. Heyvanların Sığınacağı tərk etməsinin qarşısını almaq və etoloji ehtiyaclarını qarşılamaq üçün tədbirlər görülməlidir.

4.15. İtlər və pişiklər eyni otaq və ya bölmədə yerləşdirilərsə, həmin heyvanların bir-birini görməsinin qarşısını almaq məqsədilə arakəsmə dizayn edilməlidir.

4.16. Qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış baytarlıq preparatlarının saxlanıldığı otaq və ya bölmədə aşağıdakı avadanlıqlar, cihazlar və digər ləvazimatlar olmalıdır:

4.16.1. termolabil preparatların saxlanması üçün soyuducu;

4.16.2. baytarlıq preparatlarının həcm və çəkisini ölçmək üçün vasitələr (tərəzi, bölgülü silindr, stəkanlar və s.);

4.16.3. temperatur və rütubəti ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.);

4.16.4. baytarlıq preparatları və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının saxlanılması və qorunmasını təmin etmək üçün yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallardan hazırlanmış gigiyenik örtüyə malik olan avadanlıq, mebel və rəflər;

4.16.5. narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya dəmir qıfıllı dolablar.

4.17. Baytarlıq yemlərinin saxlanıldığı otaq və ya bölmədə rəflər, stellajlar və dolablar quraşdırıldıqda divardan 0,6-0,7 m, tavandan 0,5 m, döşəmədən 0,25 m məsafələr gözlənilməlidir. Rəflər arasındakı məsafə 0,75 m olmaqla işıqlanmaya mane olmamalıdır.

5.1. Sığınacağın döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyü təmin edilməli, həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir.

5.2. Sığınacağın otaq və bölmələrinin döşəməsi və qəfəslər təmiz saxlanılmalı, bölmələrdəki altlıqlar hər gün təmizlənməli və minimum iki gündə bir dəfə dezinfeksiya edilməlidir.

5.3. Kimyəvi dezinfeksiyaedici maddələrlə aparılan təmizlik işləri həmin maddələrin təlimatına uyğun olmalı və heyvanlara zərər verməməlidir.

5.4. Sığınacaqların daxilində və ətraf ərazisində patogen mikroorqanizmlərə qarşı ayda minimum 1 (bir) dəfə, gəmiricilərə və həşəratlara qarşı isə rübdə minimum 1 (bir) dəfə olmaqla dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilməlidir.

5.5. Qəfəsə yeni heyvan gətirilərkən qəfəsə yerləşdirilən altlıqlar dezinfeksiya edilməlidir.

5.6. Tullantılar gigiyena tələblərinə uyğun olaraq və ətraf mühitin biotəhlükəsizlik tələblərinə riayət edilərək kənarlaşdırılmalıdır. Bu tullantılar birbaşa və ya dolayı yolla ətraf mühiti çirkləndirməməlidir.

5.7. Qaydaların 5.8-ci bəndi nəzərə alınmaqla Sığınacaqda əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməlidir.

5.8. Sığınacaqda yaranan tibbi tullantıların saxlanılması və kənarlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun həyata keçirilməlidir.

5.9. Heyvanların saxlanıldığı otaq və bölmələrin giriş qapısında ayaqqabıların dezinfeksiya edilməsi üçün dezinfeksiyaedici örtük və ya dezbaryerlər quraşdırılmalıdır.

5.10. Sığınacaqda insanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və bu qapılardan kənar yerlərdə giriş-çıxışa yol verilməməlidir. Bu qapılarda dezbaryerlər quraşdırılmalıdır.

6.1. Sığınacaqda fizioloji vəziyyətindən asılı olaraq, baxıma ehtiyacı olan heyvanlara xüsusi diqqət göstərilməlidir.

6.2. Heyvanlar bir-birinə zərər verməsinin qarşısının alınması məqsədilə oxşar etioloji xüsusiyyətləri nəzərə alınaraq bir yerdə saxlanıla bilər.

6.3. Sığınacaqda heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi yalnız baytarlıq mütəxəssisi tərəfindən həyata keçirilməlidir.

6.4. Sığınacaqda dezinfeksiya və digər sanitariya normaları və qaydalarına əsasən görülən işlərin uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) müvafiq olaraq aparılmalıdır.

6.5. Sığınacaqda lisenziyalaşdırılan və icazə tələb olunan fəaliyyət “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

6.6. Sığınacaqlara yerləşdirilən zaman görülən bütün zəruri tədbirlərə baxmayaraq, ölən sahibsiz heyvanlar dərhal digər heyvanlardan ayrılaraq baytarlıq sanitariya norma və qaydalarına uyğun olaraq məhv edilməli və ya basdırılmalıdır.

6.7. Sığınacaqda ölmüş heyvanların ölüm səbəbi, ölümə qədərki laboratoriya müayinə nəticələri, tətbiq olunan müalicələr, profilaktiki tədbirlər və yarma protokoluna dair qeydlər kağız daşıyıcılarda (jurnallarda) və ya elektron formada Sığınacağın məsul şəxsi və ya baytarlıq mütəxəssisi tərəfindən aparılmalı və məlumatlar Sığınacaqda saxlanılmalıdır.

6.7.1. Sığınacağa gətirilən sahibsiz heyvanların yaşı, cinsi, cinsiyyəti, davranış forması, sağlamlıq vəziyyəti Qaydalara 1 nömrəli əlavədə qeyd edilmiş formaya uyğun ”Sahibsiz heyvanların qeydiyyat jurnalı”nda yazılmalıdır;

6.7.2. Sığınacaqda mövcud heyvanlarda aparılmış kliniki müayinələr 2 nömrəli əlavədə qeyd edilmiş formaya uyğun “Sahibsiz heyvanların kliniki müayinə jurnalı”nda yazılmalıdır;

6.7.3. Sığınacaqda ölmüş heyvanlarda aparılacaq patoloji-anatomik yarmaların qeydiyyatı Qaydalara 3 nömrəli əlavədə qeyd edilmiş formaya uyğun “Patoloji-anatomik yarmaların qeydiyyat jurnalı”nda yazılmalıdır;

6.7.4. sahibləndirilməsi mümkün olduğu təqdirdə heyvan sahibi haqqında məlumatlar Qaydalara 4 nömrəli əlavədə qeyd edilmiş formaya uyğun “Sahibləndirilməsi mümkün olduğu təqdirdə heyvan sahibi haqqında məlumatların qeydiyyat jurnalı”nda yazılmalıdır.

6.8. Kliniki müayinələrin aparılması zamanı heyvanda xüsusi təhlükəli xəstəliklərə yoluxma şübhəsi aşkar edildikdə bu barədə dərhal Agentliyə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumat verilməli və Sığınacağın baytarlıq mütəxəssisi tərəfindən həmin heyvandan diaqnostik nümunələr (qanın və ya patoloji materialın) götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməlidir.

6.9. Sığınacaqları ziyarət edən şəxslərin saxlanılan heyvanlara birbaşa toxunmasının və onlarla təmas qurmasının qarşısı alınmalıdır.

7.1. Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilmir.

7.2. Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən məlumatlandırılmalıdır.

7.3. Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən sonra əlcəklər yenilənməlidir.

7.4. Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilməməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver