Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
seleksiya nailiyyətləri — seleksiya işi nəticəsində yaradılmış, cəmiyyət üçün faydalı bitki sortları, heyvan cinsləri, onların hibridləri, xəttləri, krossları və klonları;
bitki materialı — sortu yaymaq məqsədi daşıyan bitki toxumları, soğanaqları, yumruları, çubuqları və digər hissələri;
damazlıq ehtiyatı (məhsulu, materialı) — dövlət sertifikatına malik, damazlıq məqsədilə yetişdirilən heyvanlar və onların toxumları, yumurtaları, rüşeymləri;
seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı (bundan sonra – Reyestr) – seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusu;
mühafizə olunan seleksiya nailiyyəti — Reyestrə daxil olan, petentləşmiş bitki materialı və damazlıq ehtiyatı;
ərizəçi — seleksiya nailiyyətinə patent verilməsi üçün müvafiq dövlət orqanına müraciət edən hüquqi və ya fiziki şəxs;
patent — seleksiya nailiyyətinin ixtira kimi qəbul edilməsini, mühafizə olunmasını və bu ixtira üzərində müstəsna hüququ təsdiq edən sənəd;
müəllif — seleksiya nailiyyətini yaradan fiziki şəxs və ya şəxslər qrupu;
lisenziya müqaviləsi — patent sahibi ilə fiziki və hüquqi şəxslər arasında seleksiya nailiyyətindən istifadə etmək haqqında tərtib olunmuş hüquqi akt.