Qanunvericilik › Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Patent üçün ərizə verilməsi hüququ

Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Patent üçün ərizə verilməsi hüququ ilk növbədə seleksiya nailiyyətinin müəllifinə və ya onun hüquqi varisinə məxsusdur.

Seleksiya nailiyyəti müştərək yaradılıbsa, yaxud ərizəçilər müəlliflərin hüquqi varisləridirsə, onda ərizə bir neçə şəxs tərəfindən verilir və onların arasındakı münasibətlər bağlanmış müqavilə ilə tənzimlənir.

Seleksiya nailiyyəti müəllif tərəfindən qulluq vəzifəsini yerinə yetirilən vaxt yaradılıbsa və müəlliflə işəgötürən arasında bağlanmış müəlliflik müqaviləsində başqa şərtlər nəzərdə tutulmamışsa, patent üçün ərizə verilməsi hüququ işəgötürənə məxsusdur. Bu zaman müqavilədə müəllifin (müəlliflərin) seleksiya nailiyyətindən istifadəyə görə mükafatlandırılması nəzərə alınmalıdır.

Əgər işəgötürən ilə müəllif arasında patentin işəgötürənə verilməsi barədə müəlliflik müqaviləsi bağlanmamışsa və ya işəgötürən müqavilə şərtlərini pozarsa, patent alınması hüququ müəllifdə qalır.

Patent üçün ərizə verilməsi hüququ müəllifin ərizəsində göstərilən başqa şəxsə də verilə bilər. Belə halda müəllifin ərizəsi səlahiyyətli orqana patent verilməsi barədə qərar qəbul edilməzdən əvvəl daxil olmalıdır.

Xarici dövlətlərin hüquqi şəxsləri və vətəndaşları, Azərbaycan Respublikası ilə bu dövlətlər arasında seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə beynəlxalq müqavilələrin bağlandığı halda patent üçün ərizə vermək hüququna malik olurlar.

Səlahiyyətli orqanın əməkdaşlarına bütün işlədikləri müddət ərzində və işdən azad olduqdan sonra üç il müddətində patent üçün ərizə vermək hüququ verilmir.

Hər seleksiya nailiyyəti üçün ayrıca ərizə verilir.

Ərizə sənədləri Azərbaycan Respublikasının dövlət dilində və ya başqa dildə təqdim oluna bilər. Sənədlər başqa dildə təqdim olunarsa, ərizəyə sənədlərin Azərbaycan dilində tərcüməsi əlavə edilir.

Patent almaq üçün aşağıdakı sənədlər təqdim olunur:

seleksiya nailiyyətinə patent verilməsi üçün ərizə;

seleksiya nailiyyətinin təsvirini və əlamətlərini əks etdirən anket;

tələb olunan rüsumların ödəniş qəbzi;

seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış;

genetik pasport;

Ərizə sənədlərinin tərtib olunma və baxılma qaydaları müvafiq qaydada təsdiq edilmiş təlimatla müəyyən edilir.

Patent almaq üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver