Qanunvericilik › “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə (Prezidentin fərmanı, 24.04.2013) › Tam mətn

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə (Prezidentin fərmanı, 24.04.2013)

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə (Prezidentin fərmanı, 24.04.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də “səlahiyyətli orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.3-cü bəndinin ikinci cümləsində, 5.0.7-2-ci, 6.0.2-1-ci, 7.1.6-cı, 7.1.17-ci yarımbəndlərində, 9.2-ci bəndinin birinci cümləsində, 9.3-cü bəndinin ikinci cümləsində, 9.6.6-cı yarımbəndində, 9.7-ci bəndində, 9.10-cu bəndinin birinci və üçüncü cümlələrində, 9.11-ci və 14.3-cü bəndlərində nəzərdə tutulmuş aktları qəbul etsin;

3.2. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər funksiyaları həyata keçirsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2013-cü il

1.1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” (bundan sonra – Əsasnamə) “Sumqayıt Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 7.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Sənaye parklarında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda malların satışı ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.

1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda malların satışı məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi;

1.3.2. sənaye parkının idarəedici təşkilatı (bundan sonra ‒ idarəedici təşkilat) – sənaye parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını təmin edən dövlətə məxsus hüquqi şəxs;

1.3.3. sənaye parkının operatoru (bundan sonra – operator) – idarəedici təşkilat tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində sənaye parkının idarə olunmasını təmin edən hüquqi şəxs;

1.3.4. sənaye parkının rezidenti — “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.3.4-1. sənaye parkının qeyri-rezidenti ‒ bu Əsasnamə ilə müəyyən edilmiş qaydada idarəedici təşkilatla torpaq sahəsinin (sahələrinin) və (və ya) tikilinin icarəsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair bağlanılmış müqavilələr əsasında sənaye parkında səlahiyyətli orqanın müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növlərini həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.3.5. mühəndis-kommunikasiya təminatı sistemi – sənaye parkında obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və tullantı sularının axıdılması vasitələri və qurğuları;

1.3.6. sənaye parkının infrastrukturu – yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və sənaye parkının fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;

1.3.7. sənaye parkının ümumi istifadədə olan əraziləri – sənaye parkının sərhədləri daxilində sənaye parkının infrastrukturunun, küçələrin, meydanların, stadionların, idman meydançalarının və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.

1.4. Bu Əsasnamə dövlət tərəfindən yaradılan sənaye parklarına şamil olunur.

1.5. Sənaye parkı ixtisaslaşmış və qarışıq profilli ola bilər.

1.6. Bu Əsasnamə idarəetmə sazişi qanunla təsdiq edilən sənaye parklarına şamil edilmir.

2.0. Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

2.0.1. innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

2.0.2. iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;

2.0.3. ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;

2.0.4. əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

3.1. Sənaye parkı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye parkının yaradılması haqqında qərar səlahiyyətli orqanın təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Sənaye parkına xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri onların mülkiyyətçiləri ilə bağlanılan icarə və ya alğı-satqı müqavilələri əsasında cəlb edilir.

3.2. Sənaye parkının yaradılması haqqında qərarda sənaye parkının yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.

3.3. Səlahiyyətli orqanın sənaye parkının yaradılması haqqında təklifinə aşağıdakı sənədlər əlavə edilir:

3.3.1. sənaye parkının yaradılmasının iqtisadi əsaslandırılması;

3.3.2. sənaye parkının müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin təhlili, maddi və əmək resursları, mühəndis-kommunikasiya və digər infrastrukturla təminat imkanları barədə məlumat;

3.3.3. sənaye parkının təklif olunan fəaliyyət profili, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri barədə məlumatlar;

3.3.4. sənaye parkının ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan sənaye parkında yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı;

3.3.5. yaradılması təklif olunan sənaye parkının əsasnaməsinin layihəsi;

3.3.6. sənaye parkının yaradılması ilə əlaqədar tədbirlər planı.

3.4. Sənaye parkının yaradılması üçün ayrılan torpaq sahəsi:

3.4.1. məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;

3.4.2. avtomobil və dəmir yollarına, hava və dəniz limanlarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;

3.4.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır;

3.4.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla həyata keçirilən torpağın məcburi alınması ilə bağlı tədbirlərdən azad olmalıdır;

3.4.5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.

3.5. Sənaye parkının ərazisi onun fəaliyyəti üçün zəruri olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsinin və digər amillərin mövcudluğu, habelə ərazinin inkişaf perspektivi qiymətləndirilməklə müəyyən edilir.

3.6. Sənaye parkı üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye parkı üçün ayrılan torpaq sahəsi yalnız sənaye parkının fəaliyyəti məqsədi ilə istifadə edilir.

3.7. Sənaye parkının fəaliyyət müddəti 30 il təşkil edir. Sənaye parkının fəaliyyət müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.

3.8. İdarəedici təşkilat sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini (bundan sonra – reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir. Reyestrin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edir.

3.9. Sənaye parkının yaradılması barədə qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq, bu barədə Əsasnamənin 3.10-cu bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.

3.10. Reyestr informasiya ehtiyatıdır və oraya sənaye parkının yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi daxil edilir.

4.1. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, sənaye parkının əsasnaməsinə və sənaye parkının inkişaf konsepsiyasına uyğun həyata keçirilir.

4.2. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat sənaye parkının fəaliyyətinə görə cavabdehdir. İdarəedici təşkilat və operator sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi fəaliyyət göstərə bilməz.

4.3. Sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə idarəedici təşkilatın müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

4.4. Sənaye parkının operator tərəfindən idarə olunması onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir.

4.5. İdarəetmə sazişində bu Əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:

4.5.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi üzrə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

4.5.2. sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;

4.5.3. idarəetmə sazişinin müddəti;

4.5.4. sənaye parkının infrastrukturunun verilməsi, istismarı və saxlanılması şərtləri;

4.5.5. sənaye parkının infrastrukturuna münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;

4.5.6. sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələrinin operatora verilməsi və onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;

4.5.7. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və Azərbaycan Respublikasının qanunlarına zidd olmayan digər müddəalar.

4.6. Sənaye parkının fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

4.6.1. sənaye parkı üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;

4.6.2. sənaye parkının infrastrukturu yaradılır;

4.6.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, anbar, ərazinin mühafizəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.

4.7. Sənaye parkının ərazisinin planlaşdırılması müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri əsasında həyata keçirilir.

4.8. Sənaye parkının Əsasnaməsi idarəedici təşkilat tərəfindən təsdiq olunur. Əsasnamədə sənaye parkının vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, sənaye parkının müvafiq dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir.

4.9. Sənaye parkının infrastrukturu və sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.

4.10. Sənaye parkının ərazisində sənaye parkının rezidenti tərəfindən yaradılan istehsal sahələri, habelə rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular onların mülkiyyəti hesab olunur.

4.11. Sənaye parkının rezidentinə, habelə qeyri-rezidentinə icarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.

5.0. Səlahiyyətli orqan:

5.0.1. sənaye parkının yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətini hazırlayır və bu siyasətin həyata keçirilməsini təmin edir;

5.0.2. sənaye parkının yaradılması və vaxtından əvvəl ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

5.0.3. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir;

5.0.4. sənaye parkında inhisarçılığa yol verilməməsi üçün tədbirlər görür;

5.0.5. sənaye parkının fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.0.6. istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görür;

5.0.7. sənaye parkının rezidenti və qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və tikilinin icarə müqavilələrinin nümunəvi formasını müəyyən edir;

5.0.7-1. sənaye parkının idarəedici təşkilatı, operatoru və ya rezidenti tərəfindən malların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunması məqsədilə verilmiş təsdiqedici sənədlər və həmin sənədlərdəki dəyişikliklər barədə məlumatı 3 (üç) iş günü müddətində elektron qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edir;

5.0.7-2. sənaye parkının qeyri-rezidentlərinin sənaye parkında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq edir;

5.0.7-3. operator tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatın, habelə operatorun fəaliyyətinin kənar auditor hesabatının idarəedici təşkilata təqdim edilmə qaydasını müəyyən edir;

5.0.8. bu Əsasnamə ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:

6.1.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;

6.1.2. sənaye parkının inkişaf konsepsiyasının və əsasnaməsinin layihələrini hazırlamaq, səlahiyyətli orqanla razılaşdırmaqla təsdiq etmək;

6.1.3. sənaye parkının inkişaf konsepsiyasını, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı proqramları həyata keçirmək;

6.1.4. sənaye parkının, onun rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini aparmaq, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi vermək;

6.1.5. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşması bağlamaq;

6.1.6. sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamaq;

6.1.7. sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini və (və ya) tikililəri sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;

6.1.8. sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrinin və mülkiyyətində (istifadəsində) olan tikililərin onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye parkının fəaliyyətinə uyğunluğunu müəyyən etmək;

6.1.9. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə aşkar olunmuş pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;

6.1.10. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabatlar, statistik məlumatlar almaq, sənaye parkının rezidentlərinin fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunu qiymətləndirmək;

6.1.11. sənaye parkında səlahiyyətli orqanın, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;

6.1.12. dövlət orqanları (qurumları) tərəfindən sənaye parkının rezidentlərində və qeyri-rezidentlərində keçirilən yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;

6.1.13. sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim etmək;

6.1.14. mühasibat uçotu aparmaq və statistik hesabatlar tərtib etmək;

6.1.15. sənaye parkının operatoru seçildiyi halda onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

6.1.16. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;

6.1.17. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;

6.1.18. sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;

6.1.19. sənaye parkının infrastrukturuna xidmət göstərmək, onun normal fəaliyyətini təmin etmək, cari və əsaslı təmirini həyata keçirmək;

6.1.20. sənaye parkının rezidentlərinin və qeyri-rezidentlərinin yazılı müraciətləri əsasında onların adından dövlət və yerli özünüidarəetmə orqanları qarşısında təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;

6.1.21. istilik və elektrik enerjisinin, suyun və qazın paylanılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək;

6.1.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. İdarəedici təşkilatın hüquqları aşağıdakılardır:

6.2.1. sənaye parkının fəaliyyətini təşviq etmək, sənaye parkında istehsalın inkişafı üçün investorları cəlb etmək və onlarla danışıqlar aparmaq;

6.2.2. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;

6.2.3. sənaye parkının idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;

6.2.4. sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operatoru seçmək;

6.2.5. elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;

6.2.6. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini təmin etmək;

6.2.7. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirmək;

6.2.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6.3. Sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye parkında idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulmuş vəzifələrin və hüquqların (6.1.1-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.1.7-ci, 6.1.8-ci, 6.1.13-cü, 6.1.15-ci, 6.1.16-cı (mübahisə tərəflərindən biri operator olduqda), 6.2.3-cü, 6.2.4-cü və 6.2.7-ci yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələr və hüquqlar istisna olmaqla) həyata keçirilməsi ona həvalə edilə bilər.

8.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

8.1.1. sənaye parkının sosial, mədəni, ictimai iaşə, inzibati və istehsal təyinatlı obyektlərinin icarəyə verilməsindən əldə olunan gəlirin “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsindən;

8.1.2. sənaye parkının idarə olunmasına görə alınan haqlardan;

8.1.3. istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərindən;

8.1.4. kreditlərdən, qrantlardan, ianələrdən;

8.1.5. müxtəlif məsləhət, logistika, mühafizə xidmətlərindən və qadağan olunmayan digər mənbələrdən.

8.2. Sənaye parkının sosial, mədəni, ictimai iaşə, inzibati və istehsal təyinatlı obyektləri idarəedici təşkilat tərəfindən icarəyə verilir.

8.3. Sənaye parkının idarə olunmasına görə haqqa sənaye parkının infrastrukturunun və ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər sənaye parkının rezidentləri, habelə qeyri-rezidentləri tərəfindən ödənilir. Sənaye parkının idarə olunmasına görə haqq idarəedici təşkilat tərəfindən gəlir və xərclər nəzərə alınmaqla müəyyən edilir.

8.4. Sənaye parkında icarə əsasında istifadə olunan obyektlərin saxlanması xərcləri bu Əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan xərclərə daxil edilmir.

8.5. Bu Əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan xərclərdə (təmizləyici qurğuların istismarı xərcləri istisna olmaqla) sənaye parkının rezidentinin payı onun icarəyə götürdüyü torpaq sahəsinin və (və ya) tikilinin ölçüsünə görə müəyyən edilir. Təmizləyici qurğuların istismar xərcləri axıdılan suyun həcmindən və çirkləndirmənin miqyasından asılı olaraq sənaye parkının rezidenti tərəfindən ödənilir.

8.6. İdarəedici təşkilat tərəfindən istilik və elektrik enerjisinin, suyun və qazın topdansatış qiymətlərlə alınması və sənaye parkının rezidentlərinə, habelə qeyri-rezidentlərinə pərakəndə satış qiymətləri ilə satılması, habelə tullantı sularının axıdılması xidməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərə uyğun olaraq həyata keçirilir.

9.1. Sənaye parkının rezidenti sənaye parkında sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun həyata keçirir.

9.2. Sənaye parkında fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun idarəedici təşkilatla niyyət razılaşması bağlamalı və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye parkının qeydiyyat şəhadətnaməsini almalıdırlar..

9.2-1. Sənaye parkının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

9.3. Hüquqi və fiziki şəxslər sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

9.4. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir və qeydiyyata alır. İdarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 9.3-cü bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni vaxtda bildirilməlidir.

9.5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu bənddə göstərilən müddətdə aradan qaldırmadıqda, idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.

9.6. Ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi aşağıdakı meyarlar əsasında idarəedici təşkilat tərəfindən qiymətləndirilir:

9.6.1. investisiya layihəsinin ixtisaslaşmış sənaye parkının profilinə uyğunluğu;

9.6.2. investisiya layihəsinin istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərə uyğunluğu;

9.6.3. məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir texnologiyaların tətbiqi;

9.6.4. investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olması;

9.6.5. investisiya layihəsinin sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri;

9.6.6. investisiyanın həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluğu.

9.7. Ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsinin bu Əsasnamənin 9.6-cı bəndində nəzərdə tutulan meyarlara uyğunluğu səlahiyyətli orqanın müəyyən etdiyi qaydaya əsasən idarəedici təşkilat tərəfindən qiymətləndirilir.

9.8. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınması barədə qərar qəbul edir və ərizəçiyə səlahiyyətli orqanın təsdiq etdiyi formaya uyğun sənaye parkının qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyata almaqdan imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edir.

9.8-1. İdarəedici təşkilat sənaye parkının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

9.8-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra sənaye parkının qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən sənaye parkının qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.

9.9. Ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina olunur:

9.9.1. ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi bu Əsasnamənin 9.6-cı bəndində göstərilən meyarlara uyğun olmadıqda;

9.9.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində müəyyən edilmiş hallarda.

9.10. Hüquqi və fiziki şəxslər sənaye parkının qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye parkının rezidenti hesab edilirlər.

9.11. Sənaye parkının rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra, 30 (otuz) gün ərzində idarəedici təşkilatla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə və səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və (və ya) tikilinin icarə müqavilələrini bağlayır. Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmək istəyən hüquqi və fiziki şəxslər icarə müqaviləsini rezidentlə bağlamalıdırlar.

9.12. İdarəedici təşkilatla sənaye parkının rezidenti arasında sənaye parkında fəaliyyətə dair bağlanan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

9.12.1. sənaye parkının ərazisində həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, görüləcək iş və xidmətlər;

9.12.2. sənaye parkının ərazisinə qoyulacaq investisiyanın həcmi, istehsal sahələrinin və digər obyektlərin qurulması və yerləşdirilməsi şərtləri, məhsul (iş, xidmət) istehsalına başlama tarixi;

9.12.3. infrastrukturdan və istehsal sahələrindən istifadəyə, idarəedici təşkilat tərəfindən göstərilən xidmətlərə görə haqqın məbləği;

9.12.4. müqavilənin müddəti;

9.12.5. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti;

9.12.6. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

9.13. Sənaye parkının rezidentinin vəzifələri aşağıdakılardır:

9.13.1. öz fəaliyyətini bu Əsasnaməyə və idarəedici təşkilatla bağlanmış müqaviləyə uyğun təşkil etmək;

9.13.2. icarə haqlarını və sənaye parkının saxlanılması ilə bağlı xərcləri ödəmək;

9.13.3. bu Əsasnaməyə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyən edilmiş hesabatları tərtib etmək və aidiyyəti üzrə təqdim etmək.

9.14. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilən, lakin sənaye parkının fəaliyyət müddətindən çox olmayan müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə, müqavilə həmin müddətə uzadılmış hesab edilir.

9.15. Sənaye parkının rezidenti müqavilədə göstərilən istehsal sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına başlanılması ilə bağlı öhdəliklərini müəyyən olunmuş müddətdə icra etmədikdə idarəedici təşkilat sənaye parkının rezidentinə bildiriş təqdim edir. Bildirişdə sənaye parkının rezidentinə qeyd olunan işlərin başa çatdırılması üçün əlavə olaraq bir ildən çox olmayan müddət təyin edilir.

9.16. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə aşağıdakı hallarda xitam verilir:

9.16.1. müqavilənin müddəti başa çatdıqda;

9.16.2. altı ay əvvəlcədən idarəedici təşkilata xəbərdarlıq etməklə sənaye parkının rezidentinin tələbi ilə;

9.16.3. sənaye parkının rezidenti müqavilədə göstərilən istehsal sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına başlanılması ilə bağlı öhdəliklərini bu Əsasnamənin 9.15-ci bəndinə uyğun olaraq verilən bildirişdə müəyyən olunmuş müddətdə icra etmədikdə idarəedici təşkilatın təşəbbüsü ilə;

9.16.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.

9.17. Bu Əsasnamənin 9.16-cı bəndində göstərilən əsaslarla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi torpaq sahəsinin və (və ya) tikilinin icarə müqavilələrinin, sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur.

9.18. Bu Əsasnamənin 9.16-cı bəndində göstərilən əsaslar üzrə sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə sənaye parkının rezidenti aşağıdakılardan birini seçməklə mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və qurğuların müqəddəratını müəyyən edir:

9.18.1. sənaye parkının rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;

9.18.2. sənaye parkının rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların sökülərək aparılması və ya məhv edilməsi (utilizasiyası);

9.18.3. istehsal sahəsinin, avadanlıq və qurğuların idarəedici təşkilat tərəfindən sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) və həmin işlərlə bağlı xərclərin sənaye parkının rezidenti tərəfindən ödənilməsi.

9.19. İdarəedici təşkilat bu Əsasnamənin 9.18-ci bəndində göstərilən məsələlərin həllində sənaye parkının rezidentinə kömək göstərmək vəzifəsini daşıyır.

9.20. Bu Əsasnamənin 9.18.1-ci yarımbəndində göstərilən halda istehsal sahəsini əldə edən, habelə sənaye parkının fəaliyyətinə uyğunluğunun müəyyən edilməsi barədə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla onun rezidentinin istifadəsində olan torpaq sahəsini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər bu Əsasnamənin 9-cu hissəsi ilə müəyyən olunmuş qaydada sənaye parkının rezidenti kimi qeydiyyatdan keçməlidirlər.

9.20-1. Sənaye parkının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye parkında digər istehsal sahəsi qurmaq istədikdə, həmin rezidentin yeni investisiya layihəsi üzrə qeydiyyatı bu Əsasnamənin 9-cu hissəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir və rezidentin əvvəlki qeydiyyat şəhadətnaməsi ləğv olunmadan ona yeni qeydiyyat şəhadətnaməsi verilir.

9.21. Sənaye parkının rezidenti qeydiyyatına və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.

10.1. Sənaye parkı ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:

10.1.1. vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

10.1.2. sənaye parkının infrastrukturla təmin edilməsi;

10.1.3. torpaq sahəsinin və tikilinin icarə haqlarının aşağı həddində müəyyən edilməsi;

10.1.4. güzəştli kreditlərin verilməsi;

10.1.5. inzibati prosedurların sadələşdirilməsi;

10.1.6. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;

10.1.7. istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.

10.2. Bu Əsasnamənin 10.1.1-ci yarımbəndinin müddəaları sənaye parkının qeyri-rezidentlərinə şamil edilmir.

11.1. Sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmə sənaye parkının fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir.

11.2. Sənaye parkının torpaq sahələrinin və (və ya) tikililərinin istifadə olunması sənaye parkının rezidenti və qeyri-rezidenti ilə idarəedici təşkilat arasında bağlanılan icarə müqavilələri əsasında həyata keçirilir.

11.3. Sənaye parkının ərazisində torpaq sahələri və (və ya) tikililər sənaye parkının rezidentlərinə, habelə qeyri-rezidentlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilələrin müddətinə uyğun olaraq icarəyə verilir.

11.4. Sənaye parkının rezidentinə və qeyri-rezidentinə icarəyə verilmiş torpaq sahəsinin və tikilinin bu Əsasnamənin 9.20-ci bəndində göstərilən hal istisna olmaqla, digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

11.5. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsi sənaye parkının rezidenti və qeyri-rezidenti ilə imzalanmış torpaq sahəsinin və (və ya) tikilinin icarə müqavilələrinin, habelə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvi üçün əsasdır. Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən bağlanılmış icarə (subicarə) müqaviləsinə xitam verilməsi və ya onun müddətinin bitməsi isə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvi üçün əsasdır.

Sənaye parkında maddi-texniki bazanın, məhsul istehsalının, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin müasir səviyyəsinə uyğunlaşdırılması məqsədi ilə məhsullara, istehsal metod və proseslərinə, şəhərsalma və tikinti, quraşdırma, sazlama, istismar, saxlanma, daşınma, qablaşdırma, etiketləmə və utilizasiya, habelə sanitar-epidemioloji, ekoloji, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və radiasiya təhlükəsizliyi qaydalarına, işlərin görülməsi və göstərilməsinə dair məcburi texniki tələbləri müəyyən edən Azərbaycan Respublikasının texniki normativ hüquqi aktları olmadıqda, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq analoji beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr tətbiq edilir.

13.1. Sənaye parkında şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri tətbiq olunur.

13.2. Sənaye parkında tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

14.1. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər. Birgə sənaye parkının yaradılması haqqında qərar dövlət torpaqlarına münasibətdə səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçi tərəfindən qəbul edilir.

14.2. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması xərcləri dövlətin, bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun olaraq müəyyən edilir.

14.3. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

Sənaye parkının yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

16.1. Sənaye parkının yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanmadıqda və ya əvvəl bağlanmış müqavilələr qüvvədən düşdükdə, sənaye parkı ləğv edilir.

16.2. Sənaye parkının ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.

16.3. Sənaye parkının ləğv edilməsi onun idarəedici təşkilatının ləğvinə səbəb olmur. Sənaye parkının ləğv edilməsi onun rezidenti və qeyri-rezidenti olmuş hüquqi və fiziki şəxslərin həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.

1. 23 oktyabr 2013-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 oktyabr 2013-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1156)

2. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

3. 27 iyun 2014-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 28 iyun 2014-cü il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 646)

4. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5. 22 fevral 2019-cu il tarixli 541 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 240)

6. 28 may 2021-ci il tarixli 1348 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 455)

7. 2 avqust 2022-ci il tarixli 1783 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 843)

8. 19 iyul 2023-cü il tarixli 2232 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 957)

9. 12 iyun 2024-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2024-cü il, “Xalq” qəzeti, 13 iyun 2024-cü il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 662)

10. 3 fevral 2025-ci il tarixli 317 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 4 fevral 2025-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 109)

11. 8 sentyabr 2025-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 9 sentyabr 2025-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 815)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver