I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir.
II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.
III. Siyasi məqsədlə dinc toplantının keçirilməsi aşağıdakı hallarda qadağan edilir:
1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində), bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;
2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;
IV. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər.
V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.
VI. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər.
VII. Bu maddənin IV, V və VI hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.
VIII. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər.