Sərhəd mühafizə orqanlarının silah, döyüş texnikası və maddi-texniki təminatı, infrastrukturun yaradılması Azərbaycan Respublikasının maddi ehtiyatları hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Sərhəd mühafizə orqanlarının maddi-texniki təminatı normalarını və qaydasını müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Sərhəd mühafizə orqanlarının silah və texnikasının təmiri müvafiq icra hakimiyyəti orqanının təmir müəssisələrində həyata keçirilir. Müvafiq silah və texnikanın təmiri müvafiq icra hakimiyyəti orqanının sifarişi əsasında digər təmir müəssisələrində, o cümlədən, xarici dövlətlərin təmir müəssisələrində də həyata keçirilə bilər.
Məhsulun keyfiyyətinə nəzarət etmək və onu qəbul etmək üçün, o cümlədən Azərbaycan Respublikasının müəssisə və təşkilatlarında sərhəd mühafizə orqanlarının silah və texnikasının təmirinin keyfiyyətinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanından nümayəndələr dəvət olunur.
Sərhəd mühafizə orqanlarının hərbi hissələrini və bölmələrini yerləşdirmək üçün obyektlərin tikintisi və ya verilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün müəyyən edilmiş qaydada və normalar üzrə, sərhəd mühafizə orqanlarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət büdcəsi, Azərbaycan Respublikasının əlaqədar nazirlikləri və idarələrinin vəsaiti hesabına həyata keçirilir.