14.1. Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
14.2. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:
14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;
14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;
14.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
14.2.5. sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.
14.3. Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta siniflərini birləşdirir:
14.3.1. sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:
14.3.1.1. sığorta olunan bədbəxt hadisə nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza sığortası;
14.3.1.2. tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta;
14.3.1.2-1. sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan səfər sığortası;
14.3.1.3. bu Qanunun 14.3.1.1-ci və 14.3.1.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər.
14.3.2. Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı siniflər:
14.3.2.1. Bu Qanunun 14.3.2.2 – 14.3.2.5-ci maddələrində sadalanmış əmlak istisna olmaqla, digər əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğından və digər risklərdən sığortası;
14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;
14.3.2.3. dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.4. hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.5. su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.6. daşıma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yüklərin (nəqliyyat) sığortası;
14.3.2.6-1. digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan titul sığortası;
14.3.2.6-2. yanğın, təbii fəlakətlər, xəstəliklər, ziyanvericilərin yayılması və hücumu nəticəsində kənd təsərrüfatı bitkilərinin və (və ya məhsullarının) tam və ya qismən məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı bitkilərinin sığortası;
14.3.2.6-3. yanğın, təbii fəlakətlər, ziyanvericilərin yayılması və hücumu, yoluxucu xəstəliklər nəticəsində kənd təsərrüfatına aid edilən heyvanların və quşların, dovşanların, arı ailələrinin, xəz dərili vəhşi heyvanların məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı heyvanlarının sığortası;
14.3.2.6-4. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hadisələr nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan aqrar sığorta;
14.3.2.7. bu Qanunun 14.3.2.1-14.3.2.6-4-cü maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər siniflər.
14.3.3. Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:
14.3.3.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.2. sığortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.3. sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.4. sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.5. sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın mülki məsuliyyətinin sığortası;
14.3.3.6. sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;
14.3.3.7. lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə məsuliyyətinin sığortası;
14.3.3.8. işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işəgötürənin məsuliyyət sığortası;
14.3.3.9. bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin sığortası.
14.3.4. Sığorta obyektinə görə əmlak sığortasına aid olan kredit sığortası üzrə aşağıdakı siniflər:
14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası;
14.3.4.2. ipoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sığortası;
14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan kreditlərin sığortası üzrə digər siniflər.
14.3.5. Sığorta obyektinə görə əmlak sığortasına aid olan qarışıq maliyyə risklərinin sığortası üzrə aşağıdakı siniflər:
14.3.5.1. əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan bazar dəyərinin düşməsi riskindən sığorta;
14.3.5.2. sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən sığorta.
14.3.6. Gələcəkdə ortaya çıxan mübahisələr nəticəsində hüquqi müdafiə, məsləhət, danışıqların aparılması və bununla əlaqədar digər hüquqi xidmətlərin əldə edilməsi ilə bağlı, həmçinin istintaq, məhkəmə, arbitraj və digər bu kimi icraatların keçirilməsi zamanı ortaya çıxan xərclərin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hüquqi xərclərin sığortası.