Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləridir.

37.2. Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:

37.2.1. sığortaçının Direktorlar Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində və ya sığortaçının biznes strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;

37.2.2. sığortaçının İdarə Heyətinin sədri və üzvləri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 il rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə sahəsində və ya sığortaçının biznes strategiyasında müəyyən edilən sahələrdə 10 illik iş təcrübəsinin (azı 5 il rəhbər vəzifədə olmaqla) olması;

37.2.3. sığortaçının daxili audit xidmətinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 il sığortaçıda olmaqla) olması, yaxud ali təhsil və maliyyə sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 il sığortaçıda olmaqla) olması;

37.2.4. sığortaçının baş mühasibi (bu vəzifəni icra edən şəxs) üçün – iqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması. Sığortaçının baş mühasibi (bu vəzifəni icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır;

37.2.5. məsul aktuari üçün – ali təhsil və aktuari kimi azı 1 il iş təcrübəsinin olması;

37.2.6. maliyyə vəziyyətinin pisləşməsi və ya maliyyə sahəsində qanunvericiliyin tələblərini pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş maliyyə sahəsində fəaliyyət göstərən hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən azı 12 ay əvvəlki dövrdə həmin şəxsin biznes strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş Direktorlar Şurasının (Müşahidə Şurasının), Təftiş Komissiyasının, Audit Komitəsinin, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi və məsul aktuarisi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 2 il müddətində tətbiq edilir;

37.2.7. sığortaçının rəhbər işçisi vəzifəsindən qanunla müəyyən olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə azad edilmiş olmamalıdır;

37.2.8. bu Qanunun 32.3-1-ci maddəsi nəzərə alınmaqla, sığortaçının bir idarəetmə orqanının (səhmdarın ümumi yığıncağı istisna olmaqla) üzvü digər idarəetmə orqanının üzvü vəzifəsini, baş mühasibi sığortaçının Audit Komitəsinin üzvü vəzifəsini, daxili audit xidmətinin rəhbəri isə sığortaçıda digər hər hansı vəzifəni tuta bilməz;

37.2.9. sığortaçının İdarə Heyətinin və Audit Komitəsinin üzvləri, baş mühasibi (bu vəzifəni icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və məsul aktuarisi digər sığortaçılarda və hüquqi şəxslərdə (bu Qanunun 28.5.1-ci maddəsi nəzərə alınmaqla, sığortaçının səhmdar olduğu digər sığortaçılarda və hüquqi şəxslərdə Direktorlar Şurasının üzvü olması halları istisna olmaqla) hər hansı vəzifə tuta bilməz;

37.2.10. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.

37.2-1. Bu Qanunun 37.2.4-cü maddəsində baş mühasib (bu vəzifəni icra edən şəxs) üçün müəyyən edilmiş tələblər sığortaçıda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.

37.2-2. Bu Qanunun 37.2.6-cı maddəsi bu Qanunun 81-5.2.3-cü maddəsinin tələbini yerinə yetirən məsul aktuarilərə münasibətdə tətbiq edilmir.

37.3. Sığortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini 60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan şəxslərə də şamil olunur.

37.4. Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən şəxslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.

37.6. Bu Qanunun 37-ci maddəsində müəyyən edilmiş müvafiq sahədə və ya sektorda iş təcrübəsinə aid tələblər həmin sahədəki və ya sektordakı əsas fəaliyyətin həyata keçirilməsi ilə bağlı vəzifələrdəki iş təcrübəsini nəzərdə tutur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver