50.1. Sığortaçı kimi təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:
50.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
50.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
50.1.3. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
50.1.4. nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
50.1.5. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının bu Qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
50.1.6. rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket;
50.1.7. bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar mövcud olmadıqda aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;
50.1.8. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;
50.1-1. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçı kimi təsis edilmiş hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçı kimi təsis edilmiş hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
50.2. Bu Qanunun 50.1.7-ci maddəsi müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinə şamil edilmir.