“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.2-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Sığortaçı tərəfindən formalaşdırılan qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə təyinatları haqqında Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”ın təsdiq edilməsi barəsində” 2019-cu il 3 iyun tarixli 1951100024 nömrəli Qərarı ləğv edilsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və sığortaçı tərəfindən formalaşdırılan qarşısıalınma tədbirləri fondunda (bundan sonra – qarşısıalınma tədbirləri fondu) yığılan vəsaitlərin istifadə təyinatlarını, habelə həmin vəsaitlərin istifadəsi ilə bağlı hesabat formalarını və onların təqdim edilmə qaydasını müəyyən edir.
1.2. Qarşısıalınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanır və bu Qaydada nəzərdə tutulmuş təyinatlar üzrə istifadə olunur.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənanı ifadə edir.
2.1. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər aşağıdakı təyinatlar üzrə istifadə oluna bilər:
2.1.1. maarifləndirici tədbirlərin həyata keçirilməsi:
2.1.1.1. təhsil müəssisələrində yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi;
2.1.1.2. təhsil müəssisələrində sığorta hadisəsi hesab edilə bilən halların baş verməsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması;
2.1.1.3. zərərçəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi istiqamətində maarifləndirici materialların hazırlanması və yayımlanmasının təşkil edilməsi;
2.1.1.4. sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısının alınması üçün təbliğat və təşviqat işlərinin aparılması;
2.1.2. sığorta hadisələrinin baş vermə intensivliyinin yüksək olduğu ərazilərdə hadisənin baş vermə ehtimalının azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.3. təbii və ekoloji xarakterli fövqəladə halların, o cümlədən daşqın və sellərin baş verməsi nəticəsində fəsadların qarşısının alınması və azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.4. yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğuların (yanğın siqnalizasiyası sistemlərinin) quraşdırılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.5. təmizləyici qurğular, müəssisələrdə zərərli tullantı süzgəcləri, digər təbiəti mühafizə obyektləri avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi.
Sığortaçı tərəfindən qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər və onların istifadə təyinatları haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına aylıq hesabatlar təqdim edilməlidir. Hesabatlar hər növbəti ayın ilk 5 (beş) iş günü müddətində bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən edilmiş formaya uyğun olaraq sığortaçının İdarə Heyətinin sədrinin (və ya onun vəzifələrini müvəqqəti icra edən şəxsin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron informasiya sistemi vasitəsi ilə təqdim edilir.
Sığortaçının adı: _________________________________________________________
Hesabat dövrü:__________________________________________________________