Qanunvericilik › “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023) › Tam mətn

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023)

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.02.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1544 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sığortaolunanlarına münasibətdə uçotun bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq təşkili 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin müraciətlərinə əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığortaolunana tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu Qərarın qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində unikal kodun verilməsini təmin etsin;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

4.1. dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etsin;

4.2. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsin.

5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 fevral 2023-cü il

1.1. Bu Qayda Azərbaycan Respublikasının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-4-cü maddəsinə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7-1-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-4-cü maddəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-7-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının (bundan sonra – sığorta haqları) hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları;

1.2.2. unikal kod - barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq bir dəfə xüsusi alqoritmlə müəyyən edilərək verilən təkrarolunmaz nömrə;

1.2.3. sığortalının sığortaçıda uçotu - sığortalıların uçota alınması və həmin uçot məlumatlarında dəyişikliklərin aparılması;

1.2.4. sığortaolunanın sığortaçıda uçotu - sığortalıların sığortaolunanlar barəsində sığortaçıya təqdim etdiyi məlumatlar, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 4.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən əldə edilən məlumatlar əsasında uçota alınması, həmin uçot məlumatlarında dəyişikliklərin aparılması.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – Qanunlar) və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Sığortaolunanların və sığortalıların sığortaçıda uçotu (bu Qaydanın 1.5-ci bəndi istisna olmaqla) mərkəzləşdirilmiş qaydada Əsasnaməyə uyğun olaraq, MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə təşkil edilir.

1.5. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların sığortaçıda uçotu kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) aparılmaqla MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edilmir və mərkəzləşdirilmiş qaydada kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) saxlanılır.

1.6. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

1.7. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə tam həcmdə ödənilir.

2.1. Sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:

2.1.1. sığortalının adı;

2.1.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

2.1.3. sığortalıya məcburi dövlət sosial sığortası məqsədilə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən verilmiş sığortaçıda uçot nömrəsi (SUN);

2.1.4. sığorta haqları üzrə hesabat dövrünün əvvəlinə və sonuna olan borc;

2.1.5. sığorta haqları üzrə hesabat dövrünün əvvəlinə və sonuna artıq ödənilmiş sığorta haqqı;

2.1.6. artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.

2.2. Sığortaolunanın sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:

2.2.1. fərdi məlumatlar:

1. bu Qaydanın 1.2.1-ci yarımbəndində qeyd edilən sığortaolunanlar istisna olmaqla, digər sığortaolunanlar (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulmayan sığortaolunanlar) üzrə - soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, qeydiyyatda olduğu ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN);

2. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə - unikal kod;

2.2.2. xidməti məlumatlar (hesabat dövrləri və illəri üzrə hesablanmış və ödənilmiş sığorta haqqı, sığorta məbləği);

2.2.3. dövlət icbari şəxsi sığorta ödənişi (bundan sonra – sığorta ödənişi) barədə məlumatlar (sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisəsi barədə məlumatlar və təqdim olunmuş sənədlər, sığorta ödənişinin verilməsi və ya verilməsindən imtina barədə (səbəbi qeyd olunmaqla) qəbul edilmiş qərar və onun tarixi (il, ay, gün), Fond tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği, sığorta ödənişi almaq hüququ olan şəxs barədə məlumatlar (soyadı, adı, atasının adı, FİN-i) və əks-əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı və s.), sığorta ödənişinin köçürüldüyü bank hesabının rekvizitləri, sığorta ödənişinin ödənildiyi tarix (il, ay, gün).

Sığortalıların dövlət icbari şəxsi sığorta məqsədləri üçün sığortaçıda uçotu bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd edilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə real vaxt rejimində sığortaçıya ötürülən uçot məlumatları, o cümlədən sığortalıya Fond tərəfindən verilmiş sığortaçıda uçot nömrəsi (SUN) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”na uyğun olaraq sığortalıların sığortaçıya təqdim etdikləri hesabatlarda əks olunan məlumatlar əsasında həyata keçirilir.

4.1. Bu Qaydanın 2.2.1-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan uçot məlumatları sığortaolunanın FİN-i əsasında EHİS vasitəsilə real vaxt rejimində əldə edilir. MEİS və EHİS-dən müvafiq məlumatların əldə edilməsi mümkün olmadıqda, sığortalı həmin məlumatların təqdim edilməsi məqsədilə bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan Qaydaya uyğun olaraq sığortaçıya hesabat təqdim etdiyi gündən 30 (otuz) iş günü müddətində məlumatlandırılır.

4.2. Bu Qaydanın 2.2.1-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulan unikal kod sığortaçı tərəfindən verilir.

4.3. Bu Qaydanın 2.2.2-ci yarımbəndində nəzərdə tutulan uçot məlumatları Qaydanın 3-cü hissəsində nəzərdə tutulan Qaydaya uyğun olaraq sığortalıların sığortaçıya təqdim etdikləri hesabatlarda əks olunan məlumatlar əsasında qeydə alınır.

4.4. Bu Qaydanın 2.2.3-cü yarımbəndində nəzərdə tutulan uçot məlumatları Fond tərəfindən daxil edilməklə və ya MEİS-in altsistemləri, habelə Əsasnamənin 4.1-ci bəndinə uyğun olaraq MEİS-ə inteqrasiya edilən informasiya ehtiyatları və sistemləri vasitəsilə real vaxt rejimində ötürülməklə qeydə alınır.

4.5. Sığortalı tərəfindən ödənilmiş sığorta haqları bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan Qaydaya uyğun olaraq təqdim edilmiş hesabatda hesablanmış sığorta haqlarının məbləğinə uyğun olaraq sığortaolunanların həmin hesabatdakı siyahısı üzrə qeyd edilən ardıcıllığına əsasən bölüşdürülür.

Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların xidmət etdikləri sığortalı onların hər biri üçün unikal kodun alınması məqsədilə say göstərməklə ərizə ilə onların xidmətə başladığı gündən 5 (beş) iş günü müddətində Fonda müraciət edir. Fond həmin müraciətə 3 (üç) iş günü müddətində baxaraq sığortalıya həmin sığortaolunanların sayına uyğun olaraq unikal kodun verilməsini təmin edir və həmin kodları kağız daşıyıcıda sığortalıya göndərir.

6.1. Sığortalıların və sığortaolunanların uçot məlumatlarında dəyişiklik bu Qaydanın 3-cü və 4-cü hissələrinə uyğun olaraq, sığortaçıya təqdim edilən və əldə olunan məlumatlar əsasında aparılır.

6.2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun unikal kod verilmiş barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları sonradan barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulmayan sığortaolunanlar kateqoriyasına aid edildikdə, həmin sığortaolunanlara münasibətdə hesabatlılığın tamlığının təmin edilməsi məqsədilə bu barədə müvafiq halın rəsmiləşdirildiyi gündən 5 (beş) iş günü müddətində yazılı şəkildə sığortaçıya məlumat verilir və bu Qaydanın 2.2.1-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulan məlumat saxlanılmaqla, sığortaolunanların uçot məlumatlarında həmin yarımbəndin 1-ci abzasında nəzərdə tutulan məlumatlar da MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemində qeydə alınır.

7.1. Sığortaolunanlar üzrə sığorta haqları Qanunlara əsasən aşağıdakı miqdarda müəyyən edilir:

7.1.1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları - 5 (beş) illik vəzifə maaşı məbləğinin 1 (bir) faizi miqdarında;

7.1.2. hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri - 5 (beş) illik əməkhaqqı məbləğinin 1 (bir) faizi miqdarında;

7.1.3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti - on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında;

7.1.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları:

1. diplomatik nümayəndəliklərin və konsulluqların rəhbəri - on bir min manat sığorta məbləğinin 0,3 faizi miqdarında;

2. diplomatik nümayəndəliklərdə və konsulluqlarda digər diplomatik xidmət əməkdaşları - altı min altı yüz manat sığorta məbləğinin 0,3 faizi miqdarında;

3. inzibati-texniki xidmət əməkdaşları - dörd min dörd yüz manat sığorta məbləğinin 0,3 faizi miqdarında.

8.1. Şəxs müvafiq status əldə etdiyi, fəaliyyətə başladığı, işə təyin olunduğu, qulluğa qəbul və ya vəzifəyə təyin olunduğu (bundan sonra – fəaliyyətdə olma) tarixdən sığortalı tərəfindən sığorta olunur.

8.2. Sığorta haqqı bu Qaydanın 8.4-cü bəndi nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanaraq ödənilir:

8.2.1. bu Qaydanın 7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində qeyd edilən sığortaolunanlara münasibətdə onların cari ildə sığorta haqqının ödənilməsi tarixinə tutduğu vəzifəsinə əsasən həmin yarımbəndlərdə qeyd edilən faiz miqdarında;

8.2.2. bu Qaydanın 7.1.3-cü və 7.1.4-cü yarımbəndlərində qeyd edilən sığortaolunanlara münasibətdə isə həmin yarımbəndlərdə qeyd edilən faiz miqdarında.

8.3. Sığortalı tərəfindən sığorta haqqı hər büdcə ili üçün hər bir sığortaolunana görə (büdcə ilində fəaliyyət müddətindən asılı olmayaraq) bu Qaydanın 7.1-ci bəndində qeyd edilən məbləğlərdə bu Qaydanın 8.6-cı bəndinə uyğun olaraq tam həcmdə ödənilir.

8.4. Bu Qaydanın 7.1.1-ci, 7.1.2-ci və 7.1.4-cü yarımbəndlərində qeyd edilən sığortaolunanların eyni büdcə ili ərzində sığorta məbləği dəyişdikdə həmin il üçün sığorta haqqı sığorta məbləğinin dəyişməsinə əsas olan hala uyğun olaraq yenidən hesablanır. Bu halda həmin dəyişikliyədək ödənilmiş sığorta haqqı nəzərə alınmaqla hesablanmış fərq məbləği bu Qaydanın 8.6-cı bəndinə uyğun olaraq ödənilir və ya artıq ödənilmiş sığorta haqlarına dair məsələlər bu Qaydanın 10-cu hissəsinə uyğun olaraq tənzimlənir.

8.5. Fəaliyyətdə olan sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün dövlət büdcəsindən ayrılan vəsait hər il yanvarın 20-dək, yeni fəaliyyətə başlamış sığortaolunanlara münasibətdə onların fəaliyyətə başladığı aydan sonrakı ayın 15-dək, müddətli həqiqi hərbi xidmətə yeni çağırılan hərbi qulluqçulara münasibətdə isə onların xidmətə çağırıldıqları rübün ikinci ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tam həcmdə sığortalıların xəzinə hesablarına köçürülür.

8.6. Sığorta haqları sığortalılar tərəfindən bu Qaydanın 8.5-ci bəndinə uyğun olaraq vəsaitin sığortalıların xəzinə hesablarına köçürüldüyü tarixdən 15 (on beş) iş günü müddətində bu Qaydanın 8.3-cü bəndi nəzərə alınmaqla, birdəfəyə və tam həcmdə Nazirliyin xüsusi xəzinə hesabına köçürülür.

8.7. Hesabat məlumatlarına əsasən sığortalı tərəfindən əvvəlki büdcə ili üzrə sığorta haqqının tam ödənilmədiyi müəyyən edildikdə, həmin məbləğin qalıq hissəsi növbəti büdcə ilinin öhdəliklərində nəzərə alınır və bu barədə Fond tərəfindən Nazirliyə, sığortalıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat təqdim edilir.

8.8. Yeni fəaliyyətə başlamış və ya sığorta məbləği dəyişdirilmiş sığortaolunanın dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığortalılar tərəfindən müvafiq sığorta haqqı həmin sığortaolunanın fəaliyyətə başladığı və ya sığorta məbləği dəyişdirildiyi tarixdən 15 (on beş) iş günü müddətində, dekabr ayının 15-dən sonra fəaliyyətə başlayan və ya sığorta məbləği dəyişən sığortaolunana münasibətdə isə həmin büdcə ilinin sonunadək bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla birdəfəyə və tam həcmdə Nazirliyin xüsusi xəzinə hesabına köçürülür.

8.9. Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı tərəfindən onun bütün struktur bölmələri üzrə vahid hesabat mərkəzləşdirilmiş qaydada sığortaçıya bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan Qayda ilə müəyyən edilmiş formaya uyğun tərtib edilərək təqdim olunur.

9.1. Sığortalılar tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət Fond tərəfindən həyata keçirilir.

9.2. Sığortalılar tərəfindən sığorta haqlarının ödənilməsinə nəzarət (bu Qaydanın 9.3-cü bəndində qeyd olunan sığortalılar istisna olmaqla) MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminin məlumat bazası vasitəsilə həyata keçirilir.

9.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə sığorta haqlarının ödənilməsinə nəzarət kağız və elektron daşıyıcılarda olan hesabat məlumatları əsasında həyata keçirilir.

10.1. Büdcə ili başa çatdıqdan sonra hesabat məlumatlarına əsasən əvvəlki büdcə ili üçün artıq ödəmə müəyyən edildiyi halda sığortalı bu Qaydanın 10.2-ci bəndi nəzərə alınmaqla, sığortaçıdan artıq ödənilmiş sığorta haqlarının qaytarılmasını qanunvericiliyə uyğun olaraq tələb etmək hüququna malikdir.

10.2. Sığortaçı artıq ödənilmiş sığorta haqları ilə bağlı ardıcıllığa uyğun olaraq aşağıdakıları yerinə yetirir:

10.2.1. artıq ödənilmiş sığorta haqlarını ilkin olaraq sığorta haqları üzrə digər borcların (olduğu halda) ödənilməsinə yönəldir;

10.2.2. artıq ödəmənin qaytarılmasına dair sığortalının müraciəti olduqda, bu Qaydanın 10.2.1-ci yarımbəndi nəzərə alınmaqla, bu Qaydanın 10.5-ci bəndinə uyğun olaraq qaytarır;

10.2.3. sığortalının razılığı ilə artıq ödənilmiş sığorta haqlarını növbəti dövr üzrə hesablanmış sığorta haqları ilə əvəzləşdirir.

10.3. Artıq ödənilmiş sığorta haqlarının qaytarılması üçün sığortalı bu Qaydaya əlavə edilmiş formada ərizə ilə sığortaçıya müraciət edir.

10.4. Artıq ödənilmiş sığorta haqlarının qaytarılması üzrə ərizəyə sığortaçı tərəfindən baxılır. Sığortaçı tərəfindən bu Qaydanın 10.2-ci bəndi nəzərə alınmaqla, artıq ödənilmiş sığorta haqları qaytarılır və bu barədə sığortalı məlumatlandırılır.

10.5. Artıq ödənilmiş sığorta haqlarının qaytarılması 45 (qırx beş) gün müddətində təmin edilir və bu müddət sığortalının bu barədə ərizə verdiyi gündən sığorta haqlarının Nazirliyin xüsusi xəzinə hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Qaytarılmalı olan məbləğ ərizənin qəbul edildiyi gündən 25 (iyirmi beş) gün müddətində Fondun xüsusi bank hesabından Nazirliyin xüsusi xəzinə hesabına və həmin xəzinə hesabından 20 (iyirmi) gün müddətində müvafiq sığortalının xəzinə hesabına qaytarılır.

10.6. Artıq ödənilmiş sığorta haqları bank xərcləri çıxılmaqla geri qaytarılır.

_____________________________________________________________________________

_____________________________________________________________________________

VÖEN _______________________________________________________________________

Xəzinədarlıq orqanının rekvizitləri ______________________________________________

(xəzinədarlıq orqanının adı)

_____________________________________________________________________________

_____________________________________________________________________________

Aşağıda qeyd edilən dövlət icbari şəxsi sığorta haqları üzrə “_____” ___________ il tarixinə yaranmış artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması xahiş edilir:

____________________________________________________________________________

Cəmi __________________________________________________________________manat.

Ərizəni tərtib edən şəxs________________________________________________________

1. 5 aprel 2024-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 aprel 2024-cü il, “Xalq” qəzeti, 7 aprel 2024-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 454)

2. 19 iyun 2025-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyun 2025-ci il, “Xalq” qəzeti, 24 iyun 2025-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 598)

3. 21 oktyabr 2025-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 23 oktyabr 2025-ci il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 982)

4. 2 mart 2026-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 263)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver