Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli Fərmanının 2.2.1–2.2.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
4. “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərar qüvvəyə mindiyi tarixdən 15 (on beş) iş günü müddətində barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara unikal kodun verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsinlər.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
6.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bu Qərarın 5-ci hissəsinə uyğun olaraq edilən müraciətləri daxil olduğu tarixdən 1 (bir) ay müddətində barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığorta olunana tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən unikal kodun verilməsini təmin etsin;
6.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 avqust 2026-cı il
1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9-1-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə (bundan sonra – sığorta olunan) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotunun təşkilati və hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri (əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılan işçilər istisna olmaqla), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan mülki işçiləri;
1.2.2. sığortaçı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond);
1.2.3. sığortalı – Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları;
1.2.4. sığorta olunanın sığortaçıda uçotu – sığorta olunanlara dair sığortalıların sığortaçıya təqdim etdiyi məlumatlar, habelə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemindən (bundan sonra – ƏMAS) əldə edilən məlumatlar əsasında sığorta olunanların uçota alınması və həmin uçot məlumatlarında dəyişikliklərin aparılması;
1.2.5. sığortalının sığortaçıda uçotu – sığortalıların uçota alınması və həmin uçot məlumatlarında dəyişikliklərin aparılması;
1.2.6. unikal kod – barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq bir dəfə xüsusi alqoritmlə müəyyən edilərək verilən təkrarolunmaz nömrə.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Sığorta olunanların və sığortalıların sığortaçıda uçotu mərkəzləşdirilmiş qaydada bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla ƏMAS vasitəsilə təşkil edilir. Sığorta olunanların (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla) “MyGov” platformasında olan şəxsi kabinetində özləri barəsində uçot məlumatlarını yoxlamaq imkanı yaradılır.
1.5. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanların sığortaçıda uçotu kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) aparılmaqla ƏMAS-a daxil edilmir və kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) saxlanılır.
1.6. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan şəxslərin (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri istisna olmaqla), bələdiyyə üzvlərinin, o cümlədən sığortalıda istehsalat təcrübəsi (təlimi) keçən tələbələrin və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin, habelə sığortalı ilə mülki-hüquqi müqavilə əsasında öhdəliklərini yerinə yetirən şəxslərin sığortaçıda uçotu sığortalının həmin şəxslər barədə məlumatları ƏMAS-a daxil etməsi, barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər barədə məlumatların isə kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortaçıya göndərilməsi yolu ilə təşkil edilir.
2.1. Sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:
2.1.1. sığortalının adı;
2.1.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;
2.1.3. sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;
2.1.4. sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;
2.1.5. sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;
2.1.6. sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;
2.1.7. artıq ödənilmiş sığorta haqqı;
2.1.8. sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar;
2.1.9. artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.
2.2. Sığorta olunanın sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:
2.2.1. fərdi məlumatlar (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla): soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, qeydiyyatda olduğu ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN) və əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı və s.);
2.2.2. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar üzrə – unikal kod və bu Qaydanın 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar;
2.2.3. xidməti məlumatlar: sığorta olunana (bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla) münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix, həmin tarixdən etibarən sığorta olunanın əmək müqaviləsinin qüvvədə olduğu dövr üzrə vəzifə maaşı və ona əlavənin məbləği və hesablanmış sığorta haqqı;
2.2.4. sığorta olunanın kateqoriyası və peşə risk dərəcəsi;
2.2.5. icbari sığorta ödənişi (bundan sonra – sığorta ödənişi) barədə məlumatlar (sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisəsi barədə məlumatlar və təqdim olunmuş sənədlər, sığorta ödənişinin verilməsi, o cümlədən sığorta ödənişinin verilməsindən imtina barədə (səbəbi qeyd olunmaqla) qəbul edilmiş qərar və onun tarixi (il, ay, gün), Fond tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği, sığorta ödənişi verilmiş faydalanan şəxs barədə məlumatlar (soyadı, adı, atasının adı, FİN-i) və əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı və s.), sığorta ödənişinin köçürüldüyü bank hesabının rekvizitləri, sığorta ödənişinin ödənildiyi tarix (il, ay, gün).
2.3. Sığortalı ilə mülki-hüquqi müqavilə əsasında öhdəliklərini yerinə yetirən sığorta olunanlara münasibətdə bu Qaydanın 2.2-ci bəndində (bu Qaydanın 2.2.2-ci və 2.2.3-cü yarımbəndləri istisna olmaqla) nəzərdə tutulan məlumatlara əlavə olaraq mülki-hüquqi müqavilənin qüvvədəolma müddəti və müqavilənin qiymətinə (vaxtaşırı ödənilməsi nəzərdə tutulduğu halda müqavilənin qüvvədəolma müddəti üzrə hesablanan ümumi qiymətinə) dair məlumatlar da əlavə edilir.
2.4. İstehsalat təcrübəsi (təlimi) keçən tələbələrə və şagirdlərə, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə isə bu Qaydanın 2.2-ci bəndində (bu Qaydanın 2.2.2-ci və 2.2.3-cü yarımbəndləri istisna olmaqla) nəzərdə tutulan məlumatlara əlavə olaraq istehsalat təcrübəsinin başlama və bitmə tarixi, könüllülərə münasibətdə isə müqavilənin qüvvədəolma müddəti, habelə sığorta haqqının hesablandığı tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləği barədə məlumatlar da əlavə edilir.
2.5. Büdcə ili başa çatdıqdan sonra əvvəlki büdcə ili üçün artıq ödəmə müəyyən edildiyi halda, artıq ödənilmiş sığorta haqları ilə bağlı bu Qaydanın 2.1.7-ci və 2.1.9-cu yarımbəndlərində nəzərdə tutulan məlumatlar aşağıdakı ardıcıllıqla və bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla ƏMAS vasitəsilə real vaxt rejimində hesablanaraq uçot zamanı nəzərə alınır:
2.5.1. artıq ödənilmiş sığorta haqları ilkin olaraq sığorta haqları üzrə sığortalının digər borclarının (olduğu halda) ödənilməsinə yönəldilir və ya növbəti dövr üzrə hesablanmış sığorta haqları ilə əvəzləşdirilir;
2.5.2. artıq ödənilmiş sığorta haqlarının qaytarılmasına dair sığortalının müraciəti sığortaçıya daxil olduqda, bu Qaydanın 2.5.1-ci yarımbəndində nəzərdə tutulan məbləğlər və bank xərcləri çıxıldıqdan sonra artıq ödənilmiş sığorta haqlarının qaytarılması 45 (qırx beş) gün müddətində təmin edilir və bu müddət sığortalının bu barədə ərizə verdiyi gündən sığorta haqlarının Nazirliyin xüsusi xəzinə hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Qaytarılmalı olan məbləğ ərizənin qəbul edildiyi gündən 25 (iyirmi beş) gün müddətində Fondun xüsusi bank hesabından Nazirliyin xüsusi xəzinə hesabına və həmin xəzinə hesabından 20 (iyirmi) gün müddətində müvafiq sığortalının xəzinə (bank) hesabına qaytarılır.
2.6. Sığortalının ləğv edilməsi, eləcə də sığorta haqlarının səhv ödənilməsi hallarında büdcə ili üçün artıq ödəmə məbləği müəyyən edildiyi halda bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq ƏMAS vasitəsilə real vaxt rejimində hesablanaraq uçot zamanı nəzərə alınır.
3.1. Sığortalı bu Qaydanın 1.2.1-ci yarımbəndində qeyd edilən sığorta olunanların hər biri üçün unikal kodun alınması məqsədilə say göstərməklə, həmin şəxslərin işə başladıqları tarixdən etibarən 5 (beş) iş günü müddətində sığortaçıya müraciət edir.
3.2. Sığortaçı daxil olmuş müraciətə 15 (on beş) iş günü müddətində baxaraq müraciətdə qeyd edilən sığorta olunanların sayına uyğun olaraq unikal kodun verilməsini təmin edir və həmin kodları kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortalıya göndərir.
3.3. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlarla əmək müqaviləsinə və ya mülki-hüquqi müqavilə əsasında davam edən münasibətə xitam verildiyi halda sığortalı tərəfindən sığortaçıya həmin sığorta olunana verilmiş unikal kodun ləğv edilməsi ilə bağlı yazılı müraciət göndərilir.
4.1. Sığortalıların sığortaçıda uçotu sığortalıların sığortaçıya təqdim etdiyi məlumatlar və MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən əldə edilən məlumatlar əsasında həyata keçirilir.
4.2. Sığorta olunanların (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla) sığortaçıda uçotu bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan uçot məlumatlarının ƏMAS-a daxil edilməsi yolu ilə sığorta olunanın FİN-i əsasında real vaxt rejimində avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu Qaydanın 2.2.3-cü, 2.2.4-cü yarımbəndlərində və 2.3-cü bəndində nəzərdə tutulan uçot məlumatları sığortalının, 2.2.5-ci yarımbəndində və 2.4-cü bəndində nəzərdə tutulan uçot məlumatları sığortalı və sığortaçının ƏMAS-a daxil etdiyi məlumatlar əsasında qeydə alınır.
4.3. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan sığorta olunanlar barədə məlumatlar həmin şəxslərin öz səlahiyyətlərinin icrasına (əmək fəaliyyətinə) başladığı, istehsalata və ya işə cəlb edildiyi və ya mülki-hüquqi müqavilənin qüvvəyə mindiyi tarixdən sığortalı tərəfindən 3 (üç) iş günü müddətində ƏMAS-a daxil edilir, barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər barədə məlumatlar isə kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortaçıya göndərilir.
4.4. Sığortalıların və sığorta olunanların uçot məlumatlarında dəyişiklik bu Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq, sığortalının təqdim etdiyi və ya ƏMAS-dan əldə olunan məlumatlar əsasında aparılır.
4.5. Qanunun 14.3-cü maddəsində nəzərdə tutulan hallarda bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində, 2.3-cü və 2.4-cü (sığorta haqqının hesablandığı tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləği barədə məlumatlar istisna olmaqla) bəndlərində qeyd olunan məlumatlarda dəyişikliklər bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla, sığortalının 5 (beş) iş günü müddətində təqdim etdiyi məlumatlar əsasında ƏMAS vasitəsilə real vaxt rejimində edilir.
4.6. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar sonradan barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulmayan sığorta olunanlar kateqoriyasına aid edildikdə, həmin sığorta olunanlara münasibətdə məlumatların tamlığının təmin edilməsi məqsədilə bu barədə müvafiq halın rəsmiləşdirildiyi gündən 5 (beş) iş günü müddətində sığortalı tərəfindən yazılı şəkildə sığortaçıya məlumat verilir və bu Qaydanın 2.2.2-ci yarımbəndində nəzərdə tutulan məlumatlar saxlanılmaqla, həmin sığorta olunanlar barəsində bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan məlumatlar da ƏMAS-a daxil edilir.
1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14.4-cü maddəsinə əsasən hazırlanmışdır və Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara (bundan sonra – sığorta olunanlar) münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – sığorta) məbləğinin müəyyənləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. birillik əməkhaqqı fondu – əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən sığorta olunanlara münasibətdə əmək müqaviləsində nəzərdə tutulan aylıq vəzifə maaşı və ona əlavənin cəminin on iki mislində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 3 avqust tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın 1.2.2-ci yarımbəndinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında öhdəliklərini yerinə yetirən sığorta olunanlara münasibətdə müəyyən edilən ortaaylıq gəlirin və istehsalat təcrübəsi (təlimi) keçən tələbələrə və şagirdlərə, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə müəyyən edilən şərti gəlirin on iki mislində hesablanan məbləğ;
1.2.2. gətirilmiş gözlənilən dəyər – faiz dərəcəsi və sığorta olunan şəxsin yaşı nəzərə alınmaqla, hesablanan (diskontlaşdırılan) və gələcək tarixlərə aid olan məbləğlərin sığorta haqqının hesablandığı tarixə gözlənilən (ehtimal olunan) dəyəri;
1.2.3. prenumerando annuitet – ödənişləri dövrün əvvəlində həyata keçirilən annuitet;
1.2.4. sığortaçı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu;
1.2.5. sığortalı – sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Sığortaçı sığorta məbləğini hesablayarkən illik faiz dərəcəsini 8 (səkkiz) faiz götürməlidir.
2.2. Sığortalı tərəfindən xeyrinə sığorta fəaliyyəti həyata keçirilməli olan N sayda sığorta olunanlar üzrə 𝑖-ci sığorta olunana münasibətdə sığorta məbləği aşağıdakı düsturla hesablanır:
𝑆𝑀𝑖–𝑖-ci sığorta olunana münasibətdə sığorta məbləği;
𝑥𝑖– 𝑖-ci sığorta olunanın yaşı;
𝑃𝑖 – 𝑖-ci sığorta olunanın qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan birillik əməkhaqqı fondu;
a𝑥𝑖–yaşı 𝑥𝑖 olan şəxs üçün aylıq ödənişi 112-ə bərabər olan prenumerando aylıq anuitetin gətirilmiş gözlənilən dəyəri.
2.3. Sığortalı tərəfindən xeyrinə sığorta fəaliyyəti həyata keçirilməli olan N sayda sığorta olunanlar üzrə ümumi sığorta məbləği aşağıdakı düsturla hesablanır:
𝑆𝑀– ümumi sığorta məbləği;
𝑁– sığorta olunanların sayı;
𝑆𝑀𝑖–𝑖 -ci sığorta olunana münasibətdə sığorta məbləği.
1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16.4-1-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların (bundan sonra – sığorta olunan) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə sığorta ödənişinin (bundan sonra – sığorta ödənişi) məbləğini və verilməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri (əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılan işçilər istisna olmaqla), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan mülki işçiləri;
1.2.2. ortaaylıq əməkhaqqı (bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan sığorta olunanlara münasibətdə şərti gəlir və 3.4-cü bəndində nəzərdə tutulan sığorta olunanlara münasibətdə isə ortaaylıq gəlir) – aylıq sığorta ödənişinin hesablanması məqsədilə bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq müəyyən edilən məbləğ;
1.2.3. sığortaçı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond);
1.2.4. sığortalı – sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Sığorta ödənişi sığortalının təqdim etdiyi məlumatlar əsasında bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada hesablanan məbləğlərdə Qanunun 16-cı maddəsinə uyğun olaraq aylıq, birdəfəlik və ya əlavə olmaqla ödənilir.
1.5. Bu Qaydanın 1.6-cı bəndi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (məlumatların ötürülməsi və yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və Məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) vasitəsilə göstərilir.
1.6. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar barədə bu Qaydaya uyğun olaraq təqdim edilməli sənədlər (o cümlədən məlumat və arayışlar) ƏMAS-a daxil edilmir, sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortaçıya təqdim edilir.
2.1. Sığorta ödənişinin verilməsi üçün təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq tərtib edilmiş təhqiqat komissiyasının qərarına və ya sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinə səbəb olan halın sığorta hadisəsi hesab edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair məlumatların (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar barədə məlumatlar istisna olmaqla) 3 (üç) iş günü müddətində Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilərək ƏMAS-a daxil edilməsi yolu ilə aparılır.
2.2. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta ödənişinin verilməsi üçün təyinat istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi ilə bağlı sənədlərin (o cümlədən məlumat və arayışlar) və bu Qaydanın əlavəsinə uyğun olaraq tərtib edilmiş arayışın 5 (beş) iş günü müddətində sığortaçıya təqdim edilməsi yolu ilə aparılır.
2.3. Sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəb olduğu sağlamlığın pozulması halından sığorta olunan öldükdə, yaxud sığorta hadisəsinin sığorta olunanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə və ya xəbərsiz itkin düşməsinə səbəb olduğu halda Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən (o cümlədən, Qanunun 5.3-cü maddəsi nəzərə alınmaqla sığorta olunanın ailə üzvlərindən) və ya onların qanuni nümayəndələrindən (bundan sonra – müraciət edən şəxs) aşağıdakı sənədlər (məlumatlar) sığortalıya daxil olduqdan sonra 3 (üç) iş günü müddətində sığortalı tərəfindən sığorta ödənişinin verilməsi üçün müraciət gücləndirilmiş elektron imza ilə təsdiq edilərək ƏMAS-a daxil edilir:
2.3.1. sığorta olunanın ölüm haqqında şəhadətnaməsi;
2.3.2. sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından sığorta olunan öldüyü halda, onun himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərə münasibətdə doğum haqqında və ya nikah haqqında şəhadətnamənin surəti və ya qəyyumluq və himayəçilik orqanının qərarının surəti, habelə sığorta olunanın ölümündən sonra doğulmuş uşağına münasibətdə doğum haqqında şəhadətnamənin surəti, ailə üzvlərinə münasibətdə qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti, habelə valideynlərdən birinin, arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri halında qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti və ya qəyyumluq və himayəçilik orqanının qərarının surəti;
2.3.3. müraciət edən şəxsin (şəxslərin) fərdi identifikasiya nömrəsi (FİN);
2.3.4. müraciət edən şəxslə sığorta olunanın qohumluq əlaqəsini (doğum haqqında və nikah haqqında şəhadətnamələr) və ya müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlərin surəti.
2.4. Bu Qaydanın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərində nəzərdə tutulan sənədlər (məlumatlar), 2.3-cü bəndində nəzərdə tutulan müraciət və ona əlavə edilən sənədlər (məlumatlar) ƏMAS-a və ya bu Qaydanın 1.6-cı bəndinə uyğun olaraq sığortaçıya daxil olduğu gündən 15 (on beş) iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, bu Qaydanın 2.6-cı bəndi nəzərə alınmaqla uyğunsuzluqlar aşkar edilmədikdə sığorta ödənişinin təyin edilməsi haqqında, əks təqdirdə səbəbi qeyd olunmaqla sığorta ödənişinin təyin edilməsindən imtina olunması haqqında qərar qəbul edilir və bu barədə bu Qaydanın 1.6-cı bəndi nəzərə alınmaqla sığortalının və (və ya) sığorta olunanın (habelə, müraciət edən şəxsin) ƏMAS-dakı şəxsi kabinetinə bildiriş göndərilir.
2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən sığorta ödənişinin təyin edilməsi məqsədilə Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlamanın aparılması zamanı sığorta olunanın sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi dərəcəsinə və ya ölümünün qeyd edilən hadisələrlə əlaqəsinə dair məlumatları MEİS-dən əldə olunur.
2.6. Sığorta ödənişinin verilməsindən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallarda imtina edilir.
2.7. Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi üçün təqdim edilmiş sənədlərin və məlumatların tam və (və ya) düzgün olmadığı müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsindən imtina edildikdə imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra sığorta ödənişinin verilməsi üçün sənədlər və məlumatlar bu Qayda ilə müəyyən edilmiş qaydada təkrar ƏMAS-a daxil edilir.
2.8. Bu Qaydada nəzərdə tutulmuş sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə etmək mümkün olduqda, həmin sənədlərin və məlumatların təqdim edilməsi sığortalıdan və ya müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
2.9. Sığortalı və digər aidiyyəti orqanlar (qurumlar) sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin və məlumatların əldə edilməsində sığorta olunana və ya müraciət edən şəxsə kömək etməlidirlər.
2.10. 2026-cı il yanvarın 1-dən sonra baş verən sığorta hadisəsinə görə Fond tərəfindən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişməsi, sığorta olunanın ölməsi (yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi) və ya Qanunun 5.1.2.4-cü maddəsində qeyd edilən halın yaranması səbəbindən sığortalı tərəfindən təkrar müraciət edildikdə bu Qaydanın 2.1-ci, 2.2-ci (bu Qaydaya əlavə istisna olmaqla) və 2.3-cü bəndlərində qeyd edilən sənədlərin və məlumatların yenidən təqdim edilməsi tələb olunmur. Həmin sığorta ödənişinin məbləği bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilir.
3.1. Əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən sığorta olunanlara münasibətdə ortaaylıq əməkhaqqı sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 (on iki) təqvim ayı üzrə sığorta olunanın əmək müqaviləsində (yalnız sığorta hadisəsinə səbəb olmuş əmək fəaliyyətinə dair bağlanılmış və həmin halın baş verdiyi tarixə qüvvədə olan) nəzərdə tutulan vəzifə maaşı və ona əlavənin məbləğləri cəminin on ikiyə bölünməsi yolu ilə hesablanır.
3.2. Əmək müqaviləsi sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəl daha az müddətə qüvvədə olduğu halda ortaaylıq əməkhaqqı həmin hadisədən əvvəlki 12 (on iki) təqvim ayına daxil olan tam təqvim ayları üzrə əmək müqaviləsində nəzərdə tutulan vəzifə maaşı və ona əlavənin məbləğləri cəminin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Əmək müqaviləsi sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 1 (bir) aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilədə nəzərdə tutulan aylıq vəzifə maaşı və ona əlavənin məbləğinin cəmi sığorta olunanın ortaaylıq əməkhaqqı kimi nəzərə alınır.
3.3. Sığortalıda istehsalat təcrübəsi (təlimi) keçən tələbələrin və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin şərti gəliri həmin şəxslərə münasibətdə sığorta haqqının hesablandığı tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına bərabər tutulur.
3.4. Sığortalı ilə mülki-hüquqi müqavilə əsasında öhdəliklərini yerinə yetirən sığorta olunanlara münasibətdə ortaaylıq gəlir yalnız sığorta hadisəsinə səbəb olmuş fəaliyyətə dair bağlanılmış və həmin halın baş verdiyi tarixə qüvvədə olan mülki-hüquqi müqavilə ilə müəyyən edilmiş qiymətin (vaxtaşırı ödənilməsi nəzərdə tutulduğu halda müqavilənin qüvvədəolma müddəti üzrə hesablanan ümumi qiymətin) müqavilənin qüvvədə olduğu tam ayların sayına bölünməsi yolu ilə hesablanır. Mülki-hüquqi müqavilə 1 (bir) aydan az müddətdə bağlanıldığı halda, həmin müqavilənin qiyməti sığorta olunanın ortaaylıq gəliri kimi nəzərə alınır.
4.1. Aylıq, birdəfəlik və ya əlavə sığorta ödənişinin təyin edilməsi halları və şərtləri Qanunun 16.2–16.4-cü maddələrinə əsasən müəyyən edilir.
4.2. Birdəfəlik sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na uyğun olaraq hesablanır.
4.3. Qanunla birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda bu Qaydaya uyğun olaraq hesablanmış sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilir və ödənilir.
4.4. Aylıq sığorta ödənişinin məbləği bu Qaydanın 3-cü hissəsinə əsasən müəyyən edilən ortaaylıq əməkhaqqının sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında hesablanır və peşə əmək qabiliyyətinin itirilməsi müddətinə təyin edilir.
4.5. Aşağıdakı hallarda aylıq sığorta ödənişinin verilməsi həmin məlumatların MEİS-ə daxil olduğu tarixdən sonrakı ayın 1-dən dayandırılır və ya yenidən hesablanmaqla təkrar təyin edilir:
4.5.1. sığorta olunan vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə);
4.5.2. sığorta olunanın peşə əmək qabiliyyətinin tam bərpa olunması haqqında Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin (bundan sonra – Agentlik) qərarı olduqda;
4.5.3. sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə təkrar müayinə olunmaqdan imtina etdikdə;
4.5.4. sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi müddəti bitdikdə;
4.5.5. sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişdirilməsinə dair Agentliyin qərarı olduqda;
4.5.6. Agentliyin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi haqqında qərarına əsasən sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı yeni müddət müəyyən edildikdə.
4.6. Peşə əmək qabiliyyətinin itirilməsi müddətinin bitdiyinə görə aylıq sığorta ödənişinin dayandırıldığı halda, həmin müddətin bitməsindən sonra 6 (altı) ay ərzində xəstəlik, zədə və çatışmazlığın davam etməsi halında Agentliyin qərarı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yenidən müəyyən edildikdə aylıq sığorta ödənişi dayandırıldığı aydan yenidən hesablanmaqla təyin edilir.
4.7. Bu Qaydanın 4.5.3-cü yarımbəndinə əsasən aylıq sığorta ödənişi dayandırıldığı halda həmin əsasın aradan qalxdığı tarixdən Agentliyin qərarına uyğun olaraq aylıq sığorta ödənişi təyin edilir.
4.8. Əlavə sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na əsasən müəyyən edilir.
5.1. Sığorta ödənişi bu Qaydanın 2.4-cü bəndində qeyd edilən müddət ərzində Fond tərəfindən nağdsız qaydada ödənilir və bu barədə dərhal sığortalı və (və ya) sığorta olunanın (habelə müraciət edən şəxsin) ƏMAS-da olan şəxsi kabinetinə və ya əlaqə vasitələrindən birinə bildiriş göndərilir.
5.2. Bu Qaydanın 2.10-cu bəndində qeyd olunan tarixdən sonra baş verən sığorta hadisəsinə görə Fond tərəfindən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişməsi və ya sığorta olunanın ölməsi (yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi) halında sığorta ödənişinin məbləği əvvəllər ödənilmiş sığorta ödənişinin məbləği (məbləğləri) qədər azaldılmaqla yenidən hesablanır və bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla ödənilir.
5.3. Sığortalı və faydalanan şəxs tərəfindən səhv və ya təhrif olunmuş məlumatların təqdim olunması nəticəsində yaranan sığorta ödənişi üzrə artıq ödəmələr müvafiq olaraq sığortalı və ya faydalanan şəxs tərəfindən Fonda geri qaytarılır.
1.1. Sığortalının tam adı ________________________________________________
1.2. Sığortalının ünvanı ________________________________________________
1.3. Sığortalının hesab nömrəsi___________________________________________
1.4. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara münasibətdə unikal kod ________________________________________________
1.5. Sığorta olunanın təvəllüdü __________________________________________
2.1. İstehsalatda bədbəxt hadisənin və ya peşə xəstəliyinin səbəbi və başvermə şəraiti (hadisə alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə, bu barədə məlumat) ___________________________________________________________
2.2. Hadisənin baş verdiyi tarix ___________________________________________
2.3. Hadisə yeri _______________________________________________________
2.4. Hadisənin nəticəsi (ölüm, peşə əmək qabiliyyətinin itirilməsi)________________
2.5. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi və müddəti _____________________
2.6. Hadisə ilə birbaşa bağlı olan qəsdən törədilmiş cinayətin əlamətlərinə dair məlumatlar
2.7. Hadisənin sığorta olunanın özünə qəsd etməsi nəticəsində baş verdiyinə dair məlumatlar
2.8. İstehsalatda bədbəxt hadisə hesab olunurmu?
2.9. Peşə xəstəliyi hesab olunurmu?
1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20-1.5-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar formalaşan sığorta vəsaitindən (bundan sonra – sığorta vəsaiti), o cümlədən sığorta ehtiyatı fondundan istifadənin təşkilati və hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar (bundan sonra – sığorta olunanlar) üzrə ödənilən sığorta haqları (bundan sonra – sığorta haqları);
2.1.2. sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən və son 24 ayda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:
2.1.2.1. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;
2.1.2.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən sistem əhəmiyyətli banklar;
2.1.3. qanunda nəzərdə tutulan digər mənbələr.
2.2. Sığorta haqlarının 5 (beş) faizədək hissəsi sığorta ehtiyatı fonduna yönəldilir.
2.3. Sığorta vəsaiti Nazirliyin xüsusi xəzinə hesabında (bu Qaydanın 2.1.2-ci yarımbəndində qeyd olunan gəlirlər istisna olmaqla) toplanılır və Fondun xüsusi bank hesabına köçürülür.
2.4. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatı fondunda vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.
2.5. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
3.1. Sığorta vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur:
3.1.1. faydalanan şəxslərə sığorta ödənişlərinin verilməsi;
3.1.2. əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar (sığorta haqqının 10 (on) faizi miqdarında);
3.1.3. Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
3.1.4. sığorta ehtiyatı fondunun yaradılması;
3.1.5. idarəetmə xərclərinin ödənilməsi (sığorta haqqının (geri qaytarılmış vəsaitlər nəzərə alınmamaqla) 5 (beş) faizədək hissəsi);
3.1.6. risklərin sığortalanması;
3.1.7. qanunla müəyyən edilən digər istiqamətlər.
3.2. Hər il üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə gəlir və xərclərin bu Qaydanın 3.1-ci bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsü Nazirlik tərəfindən təsdiq edilir.
3.3. Sığorta ehtiyatı fondundan aşağıdakı istiqamətlərdə istifadə olunur:
3.3.1. sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda sığorta ehtiyatı fondunun artırılması dayandırılmaqla, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlirin əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara yönəldilməsi;
3.3.2. sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsirin maliyyələşdirilməsi.
3.4. Sığorta ehtiyatı fondu bu Qaydanın 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş tələblərə uyğun olan banklarda (bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərtilə) depozitə yerləşdirilir.
3.5. Bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirləri Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) və Nazirliyin tabeliyində Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) həyata keçirirlər. Agentlik və Mərkəz bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, bu Qaydanın 3.2-ci bəndində göstərilən bölgüdə nəzərə alınması məqsədilə Nazirliyə təqdim edirlər.
3.6. Fond tərəfindən bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin və Mərkəzin bank hesablarına köçürülür.
4.1. Sığorta vəsaiti və sığorta ehtiyatı fondundan istifadəyə dair hesabat bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq ayrı aparılır.
4.2. Bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq, əvvəlki il Fond tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik və Mərkəz hər il fevralın 1-dək Fonda təqdim edirlər.
4.3. Fond bu Qaydanın 4.2-ci bəndində qeyd olunan məlumatları və hesabatı, habelə sığorta vəsaitlərinin istifadəsinə dair Nazirliyin təsdiq etdiyi formada icmal hesabatı hər il fevralın 15-dək Nazirliyə, Nazirlik isə hər il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.