Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, bu qərarların qanunvericiliyə edilmiş dəyişikliklərə uyğunlaşdırılmasını, işlərə baxılması zamanı ortaya çıxan, eləcə də məhkəmələrdən, digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.
Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunlarının təfsirinə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşmasına təsir göstərən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarlarındakı izahların Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından yenidən nəzərdən keçirilməsini şərtləndirir.
Qeyd olunan vəzifə və məqsədlərdən çıxış edərək və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 27 may tarixli 2 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Bir tərəfdən də bu onunla əlaqədardır ki, Azərbaycan Respublikasının 2000-ci il 26 may tarixli 886-IQ nömrəli Qanununa əsasən 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, həmin əşyaları (predmetləri və məmulatları) hazırlama, habelə odlu silahı təmir etmə, eləcə də həmin əşyaları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin yeni tövsifedici əlamətləri müəyyən edilmişdir.”;
1.2. üçüncü abzasda “ildə” sözü “il 17 mart tarixli 835-IQ nömrəli Qanunla” sözləri ilə, “tarixli” sözü “tarixdə Strasburq şəhərində imzalanmış” sözləri ilə, “edilməsi barədə” sözləri isə “edilməsinə dair” sözləri ilə əvəz edilsin.
2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir.”;
2.2. ikinci abzasda “Təqsirləndirilən şəxsdən” sözləri “Şəxsdən” sözü ilə, “predmetə” sözü “cinayətlərin predmetinə” sözləri ilə, “Respublikasının” sözü “Respublikası” sözü ilə əvəz edilsin və həmin abzasa “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” sözlərindən sonra “1978-ci il 28 iyun tarixli” sözləri əlavə edilsin;
2.3. üçüncü abzasda “Təqsirləndirilən şəxsin” sözləri “Şəxsin” sözü ilə əvəz edilsin, “qurğulara” sözündən sonra “, yəni qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan cinayətlərin predmetinə” sözləri əlavə edilsin.
3.1. birinci abzasda “maddəsinə” sözü “maddəsinin 1-ci bəndinə” sözləri ilə əvəz edilsin;
3.2. ikinci abzasda ikinci halda “və” sözü “, habelə qaz silahı,” sözləri ilə əvəz edilsin və həmin abzasa “soyuq silah” sözlərindən sonra “, o cümlədən soyuq atıcı silah” sözləri əlavə edilsin;
3.3. üçüncü-beşinci abzaslar müvafiq olaraq dördüncü-altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 8-ci bəndinə əsasən odlu silah – barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır.”.
4. 3-cü bəndin dördüncü abzasında “lüləli” sözü “lüləsi” sözü ilə əvəz edilsin.
5.1. birinci abzasda “Qanunun” sözü “Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin;
5.2. ikinci abzasda “atımın” sözü “atımı” sözü ilə əvəz edilsin;
5.3. beşinci abzas ləğv edilsin və altı-doqquzuncu abzaslar müvafiq olaraq beş-səkkizinci abzaslar hesab edilsin.
6.1. birinci abzasda “Qanunun” sözü “Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin;
6.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları qanunsuz olaraq başqasına vermə dedikdə, həmin predmetlərə sahiblik edənin qanunsuz olaraq onları müvəqqəti (məsələn, istifadə etmək, saxlamaq, daşımaq və s. bu kimi məqsədlər üçün) başqa şəxsə verməsi başa düşülür.”.
7. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2010-cu il 21 iyun tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, saxlanması, daşınması, gəzdirilməsi və ya satılmasına görə müvafiq olaraq CM-in 228.1 (228.2) və 228.3-cü (228.4-cü) maddələri ilə cinayət məsuliyyəti istisna edilsə də, yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi CM-in müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır.
Yivsiz odlu ov silahından hazırlanmış, yəni artıq əvvəlki təyinatını itirmiş kəsilmiş tüfəngi əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Lakin belə (kəsilmiş) tüfəngdə istifadə etmək məqsədilə törədilsə belə, yivsiz odlu ov silahı üçün nəzərdə tutulmuş döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi CM-in 228-ci maddəsi ilə məsuliyyət yaratmır.”.
8.1. ikinci abzas ləğv edilsin;
8.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Həmin predmetlərin qanunsuz daşınması dedikdə, istənilən üsulla onların yerinin dəyişdirilməsinə yönələn qəsdən edilən hərəkət başa düşülməlidir.”;
8.3. aşağıdakı məzmunda səkkiz-onuncu abzaslar əlavə edilsin:
“CM-in 228.3-cü maddəsinə əsasən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları qanunsuz olaraq satma dedikdə, CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş - bu predmetlərin müvəqqəti olaraq başqasına keçməsini ehtiva edən odlu silahın və s. verilməsindən fərqli olaraq onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması, yəni həmin predmetlərin əvəzli və ya əvəzsiz olaraq başqasının sahibliyinə keçməsi ilə yanaşı, onların üzərində sərəncam vermək “hüququnun” da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir (məsələn, pul müqabilində satılması, bağışlanması, başqa predmetlə dəyişdirilməsi, borcun əvəzinə verilməsi və s.).
Şəxs eyni bir predmetə münasibətdə CM-in 228.1-ci maddəsində göstərilən əməllərlə, məsələn, qanunsuz olaraq odlu silahı əldə etməklə, saxlamaqla, daşımaqla yanaşı, onun satışını həyata keçirdikdə, bu hərəkətlər CM-in 228.1 və 228.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında deyil, yalnız daha ağır məsuliyyət müəyyən edən CM-in 228.3-cü maddəsi ilə, CM-in 228.4-cü maddəsində təsbit edilmiş tövsifedici əlamətlərlə müşayiət olunduqda isə CM-in həmin maddəsi ilə tövsif olunmalıdır.
Lakin fərqli predmetlərə (məsələn, müxtəlif odlu silahlara) münasibətdə müstəqil hərəkətlərlə törədilmiş, biri CM-in 228.1 və ya 228.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibini, digəri CM-in 228.3 və ya 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibini təşkil edən ayrı-ayrı əməllər CM-in 228.1 və 228.3-cü (tövsifedici əlamətlər olduqda – CM-in 228.2 və 228.4-cü) maddələri ilə - cinayətlərin məcmusu kimi tövsif edilməlidir.”.
9. 10-cu bəndin birinci abzasına “qurğuları” sözündən sonra “, habelə qaz silahını və ya soyuq silahı qanunsuz” sözləri, “dedikdə,” sözündən sonra “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin ziddinə olaraq” sözləri, həmin abzasda ikinci halda “odlu” sözündən sonra “, qaz silahı” sözləri, “soyuq silah,” sözlərindən sonra isə “o cümlədən soyuq atıcı silah,” sözləri əlavə edilsin.
10. 11-ci bənddən “(quldurluq istisna olmaqla)” sözləri çıxarılsın.
11.1. ikinci abzasda “Təqsirli şəxs” sözləri “Şəxs” sözü ilə əvəz edilsin;
11.2. dördüncü abzasda “vətəndaşlardan” sözü “şəxslərdən” sözü ilə əvəz edilsin.
12. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“13. CM-in 228.2.1-ci maddəsi ilə məsuliyyət odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxsdən ibarət qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi zamanı yaranır.
CM-in 228.2.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq tövsifedici əlaməti təqsirkar şəxs tərəfindən CM-in 228.1, 228.2.1 və 228.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərdən hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi hallarında mövcud olur.
Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir.
Əgər şəxs əvvəl təkbaşına, sonradan isə təkrarən digər şəxslərlə qabaqcadan əlbir olaraq döyüş sursatı və odlu silah əldə edib gəzdirirsə, onun əməli təkrarlıq və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətlərinə görə CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə tövsif edilməlidir.
CM-in 228.1, 228.3 və 228.5-ci maddələrində göstərilən cinayət tərkibləri bir-birinə münasibətdə müstəqil olduğundan, CM-in 228.3 və ya 228.5-ci maddəsində nəzərdə tutulan hərəkətlər törədildikdən sonra CM-in 228.1, 228.2.1 və 228.2.3-cü maddələrində göstərilən əməllərin törədilməsi onların təkrar törədilməsi hesab olunmur.
Lakin bu Qərarın 9-cu bəndinin doqquzuncu abzasında göstərilən qaydada CM-in 228.3-cü (228.4-cü) maddəsi ilə tövsif olunmuş əməldə şəxsin yalnız bu maddədə nəzərdə tutulmuş odlu silahı və ya digər predmetləri satma əməlini deyil, həm də həmin (eyni bir) predmeti qanunsuz olaraq əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə kimi əməli (əməlləri) törətməsi də nəzərə alındığı hallarda, bu (CM-in 228.3 və ya 228.4-cü maddəsində nəzərdə tutulmuş) cinayətin törədilməsindən sonra şəxs CM-in 228.1 və ya 228.2.1 və ya 228.2.3-cü maddəsində göstərilən əməli (əməlləri) törətdikdə, həmin əməl cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - CM-in 228.2.2-ci maddəsi ilə (CM-in 228.2-ci maddəsində nəzərdə tutulmuş digər tövsifedici əlamətlərlə müşayiət olunduqda – həm də həmin maddələrlə) tövsif edilməlidir.
CM-in 228.2.3-cü maddəsində, eləcə də CM-in 228.4.2-ci maddəsində təsbit edilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsi əlaməti bu Qərarın 25-ci bəndinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müddəalara əsasən təfsir olunmalıdır.
Nəzərə almaq lazımdır ki, CM-in 228.4-cü maddəsində göstərilən tövsifedici əlamətlər müstəsna olaraq CM-in 228.3-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma əməlinə münasibətdə müəyyən edilmişdir.
Odur ki, silahın qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı, məsələn, CM-in 228.1-ci maddəsində göstərilən əməllərin deyil, yalnız odlu silahın və CM-in 228.3-cü maddəsində sadalanan və s. predmetlərin satışı mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə, əməl CM-in 228.4.4-cü maddəsi ilə tövsif edilə bilər.
Cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı olan əməllərə münasibətdə təfsiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli Qərarında verildiyi üçün şəxsin əməlində CM-in 228.4.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən, həmin Qərarda ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmalıdır.
CM-in 228.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi tövsifedici əlamətinin tətbiqi məsələsi həll olunarkən də burada həmin əlamətin yalnız CM-in 228.3-cü maddəsində göstərilən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma cinayətinə münasibətdə müəyyən olunduğu nəzərə alınmalıdır.
Bu səbəbdən (nə qədər ki, məhz CM-in 228.3-cü maddəsində göstərilən satış əməlinin təkrar törədilməsi həmin cinayətin CM-in 228.4.3-cü maddəsi ilə tövsifini şərtləndirən hal qismində nəzərdə tutulmuşdur) şəxsin əvvəl CM-in 228.1 və ya 228.2-ci maddəsində göstərilən cinayətləri törətməsi qanunsuz olaraq odlu silahın və s. predmetlərin satışının təkrarlıq əlaməti üzrə - CM-in 228.4.3-cü maddəsi ilə tövsif edilməsini tələb edən hal kimi qiymətləndirilə bilməz.
Eynilə, şəxsin eyni bir predmet, məsələn, odlu silah barədə əvvəlcə onun əldə edilməsi, daşınması və ya CM-in 228.1-ci (228.2-ci) maddəsində göstərilən digər hərəkətləri törətməsi, daha sonra isə həmin predmeti (odlu silahı) satması da CM-in 228.4.3-cü maddəsinin mənasına görə cinayətlərin təkrar törədilməsi əlamətini yaratmadığından, əməl həmin maddə ilə tövsif edilə bilməz və əgər digər tövsifedici əlamətlər yoxdursa, CM-in 228.3-cü maddəsi ilə tövsif olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, CM-in 228.2.1-ci maddəsindən fərqli olaraq, CM-in 228.4.1-ci maddəsi (birincinin az ağır, CM-in 228.4.1-ci maddəsində göstərilən cinayətin isə ağır cinayət olması nəzərə alınaraq) cinayətin yalnız qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən deyil, həm də cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsini tövsifedici əlamət qismində nəzərdə tutmuşdur.
Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən yuxarıda qeyd olunan xüsusiyyətlər nəzərə alınmaqla “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs”, “mütəşəkkil dəstə”, cinayətkar birlik (təşkilat) anlayışlarını təsbit edən CM-in 16, 34.2, 34.3 və 34.4-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır.”.
13.1. birinci abzasda “228.4-cü” sözü “228.5-ci” sözü ilə, “tullayıcı” sözü isə “soyuq atıcı” sözləri ilə əvəz edilsin;
13.2. ikinci abzasda “Qanunun” sözü “Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin, həmin abzasa “6-cı bəndinə” sözlərindən sonra “(soyuq atıcı silaha münasibətdə isə həmin maddənin 7-ci bəndinə)” sözləri, “qarışıq təyinatlı silahlar” sözlərindən sonra “(nizə, döyüş baltası, süngü və s.)” sözləri, ikinci halda “malik olan” sözlərindən sonra “soyuq atıcı silahlar” sözləri əlavə edilsin, həmin abzasdan “sair” sözü çıxarılsın və həmin abzasda “nizə, döyüş baltası,” sözləri “atıcı bıçaq və atıcı baltalar, mizraq, arbalet, ox” sözləri ilə, “nunsakalar” sözü isə “nunçaklar” sözü ilə əvəz edilsin;
13.3. aşağıdakı məzmunda dörd-altıncı abzaslar əlavə edilsin:
“Nəzərə almaq lazımdır ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 11-ci bəndində göstərilən özünümüdafiə silahı – yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğuları qaz silahı hesab edilsə də, onların əldə edilməsinə, gəzdirilməsinə, satılmasına və ya hazırlanmasına görə CM-in 228.5 və ya 229.4-cü maddəsi ilə məsuliyyətin yaranıb-yaranmaması məsələsi həmin Qanunun 3-cü maddəsinin II hissəsinin 8 və 9-cu bəndlərinin, habelə 9-cu maddəsinin XI hissəsinin müddəaları nəzərə alınmaqla həll edilməlidir.
O cümlədən nəzərə alınmalıdır ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin XI hissəsi ilə özünümüdafiə silahı hesab edilən aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmadığı (hər bir 18 yaşına çatmış vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməklə və səlahiyyətli ticarət müəssisəsi tərəfindən müvafiq qeydin aparılması ilə onları əldə edə bildiyi) halda, həmin Qanunun 3-cü maddəsinin II hissəsinin 8-ci bəndi ilə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən istifadəsinə razılıq verilməyən gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin təsiri hesabına orta dərəcəli zədələnməyə səbəb olan qaz silahının dövriyyəsi”, 9-cu bəndi ilə isə “özünümüdafiə məqsədilə xüsusi təyinatlı güllələrlə doldurulmuş (polad özəkli, zireh deşən, işıqlandırıcı, dağıdıcı, ekspansiv tipli), eləcə də bütün növ boğucu qazlarla və gecə optik cihazı ilə təchiz edilmiş qaz tapançasının dövriyyəsi” qadağan edilmişdir.
Özünümüdafiə qaz silahının “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin II hissəsinin 8 və 9-cu bəndləri ilə ehtiva olunan qaz silahlarına aid olub-olmamasının, o cümlədən qaz silahının təchiz edildiyi (qaz silahının xassəsini şərtləndirən) maddənin güclü təsir edən, güllələrin xüsusi təyinatlı, qazın boğucu, qaz silahının orta dərəcəli zədələnməyə səbəb ola bilən olub-olmamasının və s. bu kimi məsələlərin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu bütün hallarda müvafiq ekspertizanın keçirilməsi təmin olunmalıdır.”.
14.1. birinci abzasda “Odlu” sözü “CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinə əsasən odlu” sözləri ilə əvəz edilsin;
14.2. iki-dördüncü abzaslar müvafiq olaraq üç-beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə sözügedən predmetləri könüllü təhvil verən, lakin əməlində başqa cinayətin tərkibi olan, o cümlədən silahdan və ya CM-in 228-ci maddəsi ilə ehtiva olunan digər predmetlərdən istifadə etməklə cinayət törətmiş şəxs CM-in 228-ci maddəsinin “Qeyd”inə əsasən hər bir halda bu maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və yalnız başqa cinayətə görə məsuliyyət daşımalıdır.”;
14.3. dördüncü abzasda “228.4-cü” sözü “228.5-ci” sözü ilə əvəz edilsin.
15. 16-cı bəndin dördüncü abzasında “silah” sözü “onda qanunsuz olan silahı” sözləri ilə, “onun əməli” sözləri “o,” sözü ilə əvəz edilsin, həmin abzasdan “əldə etməyə və ya” sözləri çıxarılsın və həmin abzasa “gəzdirməyə” sözündən sonra “(əldə etməyə və saxlamaya)” sözləri əlavə edilsin.
16. 17-ci bəndin ikinci abzasında “onu sonradan” sözləri “sonradan onun” sözləri ilə əvəz edilsin.
17.1. birinci abzasda “Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs” sözləri “Şəxs” sözü ilə əvəz edilsin;
17.2. üçüncü abzasda “bu şəxslərdən” sözləri “bu şəxslər arasında birgə silahın (hər ikisinə məxsus ümumi predmetin) hazırlanması barədə qabaqcadan razılıq olmamışdırsa, onlardan” sözləri ilə əvəz edilsin;
17.3. dördüncü abzas müvafiq olaraq beşinci abzas hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Əgər həmin şəxslər qabaqcadan əldə olunmuş razılığa müvafiq olaraq hər biri birgə odlu silahın hazırlanması üzrə vahid məqsədlə şərtləndirilən rolları yerinə yetirmişlərsə, onların əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahı hazırlama kimi CM-in 229.2.1-ci maddəsi ilə, silahın komplekt hissələrini talamış şəxsin əməli (digər tövsifedici əlamətlər olmadıqda) həm də CM-in 232.1-ci maddəsi ilə, komplekt hissələri ondan götürərək odlu silahın hazırlanmasında istifadə etmiş digər şəxsin əməli isə (nə qədər ki, o, talanmış hissələri əldə etməyi qabaqcadan vəd etmişdir) həm də CM-in 32.5 və 232.1-ci maddələri ilə tövsif edilməlidir.”;
17.4. dördüncü abzasın birinci cümləsinə “olduqda və s.” sözlərindən sonra “bu kimi birgə (hər ikisinə məxsus) silahı hazırlamaq barədə vahid məqsədlə şərtləndirilməyən” sözləri əlavə edilsin və həmin abzasın ikinci cümləsində “dilə tutaraq” sözləri “ələ almaqla” sözləri ilə, üçüncü cümləsində “32.4-cü” sözü “32.4” rəqəmləri ilə əvəz edilsin.
18. 19-cu bənddə “228.1-ci” sözü “228-ci” sözü ilə əvəz edilsin.
19. 21-ci bənddən “(tullayıcı)” sözü çıxarılsın və həmin bənddə “Məcəllənin” sözü “CM-in” sözü ilə əvəz edilsin.
20.1. birinci abzasda “Qanunsuz” sözü “CM-in 229-cu maddəsinin “Qeyd” hissəsinə əsasən qanunsuz” sözləri ilə əvəz edilsin və həmin abzasa “maddələri” sözündən sonra “, habelə qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı” sözləri əlavə edilsin;
20.2. üçüncü abzasda “dedikdə” sözü “eləcə də “Qeyd”in “əgər onun əməllərində başqa cinayət tərkibi yoxdursa” müddəaları təfsir edilərkən” sözləri ilə, “izah” sözü isə “izahlar” sözü ilə əvəz edilsin.
21. 23-cü bənddən “eləcə də onların əldə edilməsi, başqasına verilməsi, satılması, daşınması, gəzdirilməsi, talanması, hədə-qorxu ilə tələb edilməsi,” sözləri çıxarılsın və həmin bəndə “başa çatmış” sözlərindən sonra “cinayət” sözü əlavə edilsin.
22.1. birinci abzasın ikinci cümləsində “kompleks” sözü “komplekt” sözü ilə əvəz edilsin;
22.2. ikinci abzasın birinci cümləsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “səlahiyyətli orqan” sözləri ilə, ikinci cümləsində “törədilir” sözü “törədilə bilər” sözləri ilə əvəz edilsin;
22.3. üçüncü abzasda “üzrə təqsirkarın vəzifəsini” sözləri “vəzifəsi tapşırılmış şəxsin bu vəzifəni” sözləri ilə, “bu” sözü “həmin” sözü ilə, “vəzifələrini lazımınca yerinə yetirilməməsi ilə” sözləri isə “vəzifəsini lazımınca yerinə yetirməməsi ilə baş vermiş” sözləri ilə əvəz edilsin;
22.4. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular onların mühafizəsi tapşırılmış şəxs tərəfindən talandıqda və ya həmin şəxs digərləri tərəfindən qeyd edilən əşyaların talanmasında təşkilatçı, təhrikçi, köməkçi kimi iştirak etdikdə, müvafiq olaraq əməl CM-in 232-ci maddəsi ilə və yaxud CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad edilməklə CM-in 232-ci maddəsi ilə tövsif edilir.”;
22.5. dördüncü abzas müvafiq olaraq beşinci abzas hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Digər ağır nəticələr dedikdə, insan ölümü, sağlamlığa az ağır və ağır zərərin vurulması, mühüm maddi ziyanın yaranması və s. başa düşülür.”.
23. 25-ci bənd aşağıdakı redaksiyada verilsin:
“25. CM-in 232.1-ci maddəsində göstərilən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinin yaranması üçün bu predmetlərin mülkiyyətçisinin və ya sahibinin kim olması, habelə onların miqdarı və dəyəri əhəmiyyət kəsb etmir.
Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmənin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, bu əşyaların mühafizəsi tapşırılmış və ya qanuni dövriyyəsinin həyata keçirilməsi, məsələn, onların istifadəsi, istehsalı, uçotu, mühafizəsinin təşkili, verilməsi, götürülməsi, məhv edilməsi və s. üzrə vəzifə səlahiyyətlərinə malik olan şəxs tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi başa düşülməlidir.
Eyni zamanda həmin əşyaların müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək üçün verildiyi şəxs (məsələn, qarovulçu, növbə üzrə asayişin mühafizəsində iştirak edən, müəyyən qaydalar üzrə daimi silah gəzdirmək hüququ olan polis əməkdaşları, keşikçi, inkassator) tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi də şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsi kimi qiymətləndirilməlidir.
CM-in 232.2.4-cü maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti, habelə CM-in 232.3.2-ci maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti fərqləndirilərkən, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 23-cü bəndində verilmiş, CM-in 180.2.4-cü maddəsində göstərilən soyğunçuluq cinayətinə və CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş quldurluq cinayətinin əsas tərkibinə həsr olunmuş izahlar nəzərə alınmalı və zərərçəkmiş şəxsin sağlamlığına ağır, az ağır, sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma və belə zərər vurma ilə hədələmə CM-in 232.3.2-ci maddəsi ilə ehtiva olunan hallar kimi, bu cür nəticələrə səbəb olmayan döymə, fiziki ağrı yetirmə, əl-qolunu bağlama və ya başqa şəkildə azadlığını məhdudlaşdırma və s. bu kimi zor tətbiq etmə və belə xarakterli zorakılıqla hədələmə isə CM-in 232.2.4-cü maddəsi ilə əhatə olunan hallar kimi nəzərdən keçirilməlidir.
Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğularla əlaqədar olaraq CM-in 232.2.4 və 232.3.2-ci maddələrində göstərilən cinayətlərin törədilməsi işin konkret hallarından asılı olaraq soyğunçuluq, quldurluq, həyat və sağlamlıq üçün təhlükəli olan və belə təhlükə kəsb etməyən zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hədə-qorxu ilə tələb etmə cinayətlərinin xüsusi halları kimi çıxış etdiyindən, xüsusi norma ilə ümumi normanın rəqabəti halında əməlin xüsusi norma ilə tövsif olunmasını tələb edən CM-in 17.4-cü maddəsinə müvafiq olaraq əməllərin cinayətlərin məcmusu üzrə həm də CM-in 180, 181 və 182-ci maddələri ilə tövsif olunması istisna edilir.
Eyni zamanda CM-in 232.3.2-ci maddəsində nəzərdə tutulmuş əlamətin sağlamlığa hansı ağırlıqda zərər vurmanı tam şəkildə əhatə edib-etməməsi, əməlin cinayətlərin məcmusu qaydasında bu maddə ilə yanaşı, həm də CM-in qəsdən sağlamlığa bu və ya digər ağırlıqda zərər vurmaya görə məsuliyyət müəyyən edən 126, 127 və 128-ci maddələri ilə tövsif edilməsinə ehtiyacın olub-olmaması məsələsi həll edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 mart tarixli Qərardadından irəli gələn hüquqi mövqe nəzərə alınmalı və əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma və ya CM-in 126.2-ci maddəsində təsbit olunmuş tövsifedici əlamətlərlə müşayiət olunmadıqda, CM-in 232.3.2-ci maddəsi istənilən ağırlıqda, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmanı tam şəkildə əhatə edən norma kimi götürülməli və odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə talama və ya hədə-qorxu ilə tələb etmə cinayətinin CM-in 232.3.2-ci maddəsi ilə yanaşı, CM-in 126.1, 127 və 128-ci maddələri ilə - cinayətlərin məcmusu kimi tövsif edilməsinə yol verilməməlidir.
Yalnız CM-in 126.2 və 126.3-cü maddələrində göstərilən qəsdən sağlamlığa ağır zərər vurma ilə müşayiət olunan talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin CM-in 232.3.2-ci maddəsi ilə yanaşı, həmin maddələrlə, yəni göstərilən cinayətlərin məcmusu qaydasında tövsif olunması tələb olunur (maddələrin sanksiyaları təxminən eyni ağırlıqda olduğuna, CM-in 126.3-cü maddəsinin sanksiyası ilə müqayisədə isə CM-in 232.3.2-ci maddəsinin sanksiyası daha yüngül olduğuna görə CM-in 232.3.2-ci maddəsi ilə qeyd edilən sağlamlığa qəsdən ağır zərər vurma hallarının ictimai təhlükəliliyi tam şəkildə əhatə olunmadığından).”.
24.1. birinci abzasda “silahın və ya döyüş sursatının” sözləri “silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların” sözləri ilə, “Məcəllənin” sözü isə “, əgər bu əməl nəticəsində mühüm zərər vurulubsa, CM-in” sözləri ilə əvəz edilsin;
24.2. ikinci abzasdan “təqsirləndirilən” sözü çıxarılsın və həmin abzasa “bu kimi” sözlərindən sonra “sair” sözü əlavə edilsin.
25. 27-ci bənddə “Məcəllənin” sözü “CM-in” sözü ilə, “228.4-cü” sözü isə “228.5-ci” sözü ilə əvəz edilsin.
26. 28-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Bununla yanaşı, bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır.”.
27. 29-cu bənddə “Hazırkı” sözü “Bu” sözü ilə, “N-li” sözü isə “nömrəli” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 aprel 2025-ci il