Qanunvericilik › Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Siyasi partiyanın ali idarəetmə orqanı

Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır.

14.2. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:

14.2.1. dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində dəyişikliklərin edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi;

14.2.2. siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının say tərkibinin müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;

14.2.3. siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;

14.2.4. qurultayarası kollegial idarəetmə, nəzarət orqanlarının və siyasi partiya sədrinin hesabatlarının dinlənilməsi;

14.2.5. siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi.

14.3. Bu Qanunun 15.2-ci, 15.4-cü, 16.2-ci, 16.4-cü və 17.2-ci maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qurultayın səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver