23.1. Siyasi partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:
23.1.1. üzvlük haqqı;
23.1.2. ianə;
23.1.3. dövlət maliyyə yardımı;
23.1.4. bu Qanunun 12.1.11-ci və 12.1.12-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətdən əldə edilən gəlir;
23.1.5. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait;
23.1.6. hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak;
23.1.7. qanunla qadağan olunmayan digər gəlirlər.
23.2. Siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:
23.2.1. bu Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);
23.2.2. yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;
23.2.3. digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;
23.2.4. beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;
23.2.5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
23.2.6. yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
23.2.7. adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.
23.3. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
23.4. Siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.
23.5. Siyasi partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında bölüşdürülmür və yalnız nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilir.
23.6. Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.
23.7. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir.
23.8. Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur.