Qanunvericilik › “Sosial müəssisələrin Standartları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.03.2020) › Tam mətn

“Sosial müəssisələrin Standartları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.03.2020)

“Sosial müəssisələrin Standartları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.03.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial müəssisələrin Standartları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 17 mart 2020-ci il

1.1. Sosial müəssisələrin Standartları (bundan sonra – Standartlar) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən hazırlanmışdır, sosial müəssisələrin standartlarını müəyyən edir.

1.2. Bu Standartlarda istifadə olunan anlayışlar “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.3. Sosial müəssisələr bu Standartların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) və hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.

2.1. Sosial müəssisələrin ümumi standartları aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsi ilə müəyyən edilmiş əmək şəraiti ilə təmin olunur;

2.1.2. əlilliyi olan şəxslər üçün nəzərdə tutulan iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılır;

2.1.3. əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar;

2.1.4. əmək müqaviləsi bağlanılarkən, qadınların və yaşı 18-dən az olan işçilərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

2.2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edilmə vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanıla bilər.

3.1. Sosial müəssisələr öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, həmçinin bu Standartları rəhbər tuturlar.

3.2. Sosial müəssisələrin standartları aşağıdakılardır:

3.2.1. işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər (bundan sonra – Şəxslər) təşkil edirlər;

3.2.2. Şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o cümlədən peşəyönümü və peşəhazırlığı istiqamətində məsləhət xidmətləri göstərir;

3.2.3. Şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirləri həyata keçirir.

3.3. Bu Standartların 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlər işəgötürənin və ya işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilə bilər.

3.4. Sosial müəssisələrdə Şəxslər üçün nəzərdə tutulan iş yerlərinə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən göndəriş verilmədiyi halda, sosial müəssisə tərəfindən həmin iş yerlərinə bu kateqoriyadan olan digər şəxslər işə qəbul edilə bilərlər.

1. 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 666)

2. 12 iyul 2021-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 864)

3. 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

4. 15 oktyabr 2022-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 19 oktyabr 2022-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1221)

5. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

6. 25 sentyabr 2024-cü il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1104)

7. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

8. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver