8.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) aşağıdakı hüquqları vardır:
8.0.1. bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunmuş əsaslar olduqda sosial xidmət göstərən subyektlər tərəfindən təqdim edilən sosial xidmətdən bu Qanuna uyğun olaraq istifadə etmək;
8.0.2. sosial xidmət göstərilməsi üçün müraciət etmək;
8.0.3. sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;
8.0.4. sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək;
8.0.5. sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən müəssisəni seçmək;
8.0.6. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;
8.0.7. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;
8.0.8. sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;
8.0.9. sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
8.0.10. media məhsulları ilə təmin olunmaq;
8.0.11. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək;
8.0.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.