7.1. Azərbaycan Respublikasının dövlət standartları bu Qanunda nəzərdə tutulan məqsədlər üçün işlənilib hazırlanır və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
7.2. Dövlət standartları “AZS” nişanı ilə nişanlanır.
7.3. Azərbaycan Respublikasının dövlət standartlarında aşağıdakılar müəyyən edilə bilər:
7.3.1. texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə əməl edilməsini təmin etmək məqsədi ilə standartlaşdırma obyektləri üzrə zəruri tələblər;
7.3.2. standartlaşdırma obyektinin təsnifatlaşdırılmasına dair tələblər;
7.3.3. malın unifikasiya, uyğunluq və qarşılıqlı əvəzolunma göstəriciləri;
7.3.4. terminologiya, şərti işarələr və təriflər;
7.3.5. istehlak xassələri və standartlaşdırma obyektinin keyfiyyət səviyyəsini müəyyən edən funksional təyinatlı göstəriciləri (texniki xarakteristikaları da daxil olmaqla);
7.3.6. qəbul, qablaşdırılma, markalanma, daşınma, saxlanma, utilizasiya və məhvetmə qaydaları;
7.3.7. sınaq üsulları və qaydaları;
7.3.8. bütün növ resursların qənaət olunmasına və resurslardan səmərəli istifadə edilməsinə dair tələblər;
7.3.9. idarəetmə sistemləri və onların tətbiqinə dair tələblər;
7.3.10. müəyyən fəaliyyət sahəsi üzrə təşkilati-metodiki xarakterli müddəalar, eləcə də ümumi texniki norma və qaydalar;
7.3.11. ölçmələr (nümunələrin götürülməsi də daxil olmaqla);
7.3.12. ölçmə metodları;
7.3.13. uyğunluğun qiymətləndirilməsi prosedurları.
7.4. Azərbaycan Respublikasının dövlət standartları qanunvericiliyin tələbləri, beynəlxalq, dövlətlərarası və regional standartlar və standartlaşdırma obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədlər, elmi tədqiqatların (sınaqların) və ölçmələrin nəticələri nəzərə alınmaqla hazırlanmalıdır. Dövlət standartları lüzumsuz maneələr yaratmaq məqsədi ilə hazırlanmamalı, qəbul və ya tətbiq olunmamalıdır.
7.5. Dövlət standartı Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbul və tətbiq edilməlidir.
7.6. Standartlaşdırma fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əsaslı iqlim, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlmədiyi hallarda, müvafiq beynəlxalq, dövlətlərarası və regional standartlar və ya onların müvafiq hissələri dövlət standartının hazırlanması üçün texniki komitələr tərəfindən təhlil və istifadə mənbəyi kimi götürülməyə bilər.
7.7. Dövlət standartları standartlaşdırma üzrə milli proqrama və ya təşəbbüs qaydasına müvafiq olaraq işlənilib hazırlanır.
7.8. Dövlət standartının ilkin layihəsini dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər hazırlaya və müvafiq texniki komitəyə təqdim edə bilər. Dövlət standartının layihəsini hazırlayan subyektlər onun qəbul edilməsinin zəruriliyini əsaslandırmalıdırlar.
7.9. Dövlət standartlarının işlənilib hazırlanması prosedurları standartlaşdırma üzrə texniki komitələr vasitəsilə həyata keçirilir.
7.10. Dövlət standartlarının işlənilib hazırlanması prosesinə başlanılması və yekunlaşdırılması haqqında bildirişlər, həmçinin dövlət standartlarının layihələri milli standartlaşdırma qurumunun rəsmi internet saytında yerləşdirilməlidir.
7.11. Milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Müvafiq texniki komitəyə daxil olan rəylərə ən geci 1 (bir) ay müddətində baxılmalı və rəylər nəzərə alınmadıqda, rəy müəllifinə bu barədə əsaslandırılmış məlumat verilməlidir.
7.12. Texniki komitədə dövlət standartları konsensus əsasında qəbul olunmalıdır.
7.13. Bütün maraqlı tərəflərin layihə üzrə razılığı əldə edildikdən və nəzərə alınmamış rəylərlə əlaqədar rəy müəlliflərinə məlumat verildikdən sonra müvafiq texniki komitə dövlət standartını qəbul edilməsi üçün milli standartlaşdırma qurumuna təqdim etməlidir.
7.14. Milli standartlaşdırma qurumu bu Qanunun tələblərinə uyğunluğu baxımından layihənin ekspertizasını aparır və bu Qanunun tələblərinə uyğun olduğu halda hazırlanmış dövlət standartını qəbul edir və dövlət reyestrinə daxil edir. Dövlət reyestrinə daxil edilmiş dövlət standartı, eyni zamanda, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir. Dövlət standartının qüvvəyə minmə tarixi dövlət standartında göstərilir.
7.15. Qəbul edilmiş dövlət standartları rəsmi nəşr edilir.
7.16. Aşağıdakı hallarda dövlət standartlarının qüvvədən düşməsi barədə milli standartlaşdırma qurumu tərəfindən qərar qəbul edilir:
7.16.1. eyni məsələ ilə bağlı yeni dövlət standartının qəbulu və qüvvəyə minməsi;
7.16.2. qüvvəyə minən texniki reqlamentlərin tələblərinə zidd olması;
7.16.3. aparılmış yoxlamanın nəticələrinə əsasən.