Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 dekabr 2024-cü il
1.1. Bu Qayda “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir.
1.2. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.
2.2. Monitorinq özündə aşağıdakıları ehtiva edir:
2.2.1. strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsi;
2.2.2. strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;
2.2.3. strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsi;
2.2.4. strateji əhəmiyyətli malların həcminin azalması ehtimalı yarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.
2.3. Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:
2.3.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları;
2.3.2. internet resurslarından və mediadan əldə edilən məlumatlar;
2.3.3. bazar iştirakçılarından əldə edilən məlumatlar.
Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90 (doxsan) faizini təmin edən bazar iştirakçılarını əhatə edir.
4.1. Monitorinq strateji əhəmiyyətli mallara dair bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan məlumatların toplanılması və təhlili yolu ilə həyata keçirilir.
4.2. Monitorinqin həyata keçirilməsi üçün Agentlik dövlət orqanlarına (qurumlarına) və bazar iştirakçılarına bu Qaydanın əlavəsinə uyğun forma üzrə məlumatlar barədə sorğu verir və onlardan bu məlumatları hesabat ayından sonrakı ayın 5-ci iş gününədək alır.
5.1. Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1 (bir) dəfə 5 (beş) gün müddətində həyata keçirilir.
5.2. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçirilir.
5.3. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər.
Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib edilir və hər ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
7.1. Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi aşağıdakı meyarların hər birinə uyğun olmalıdır:
7.1.1. pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi;
7.1.2. qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalı.
___________________________________________________________________________________________________
Qeyd. Hesabat ilindən əvvəlki ildə orta aylıq anbar qalığı (4-cü sütun) hər bir strateji əhəmiyyətli mal üzrə həmin ilin hər ayının 1-nə olan anbar qalıqlarının cəmini 12-yə bölməklə müəyyən edilir.
Rəhbər ______________________ ________________________________________
(imza) (adı, soyadı, atasının adı)