Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
“Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 sentyabr 1998-ci il
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən aşağıdakı qayda və tələblərə riayət olunmasını təmin etməkdir:
su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına;
sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara;
su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə.
3. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.
4. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi normativ-hüquqi sənədlərin əsasında aparılır:
4.1. Nəzarət aylıq, rüblük və illik xüsusi iş planları əsasında həyata keçirilir. Bu iş planlarında nəzarətin məqsədi və vəzifələri göstərilir. İş planları su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarəti həyata keçirən müvafiq orqanların rəhbərliyi tərəfindən təsdiq edilir. Dövlət orqanlarının, ayrı-ayrı təşkilatların, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında da yoxlamalar aparıla bilər.
4.2. Nəzarət müəssisə, idarə və təşkilatların istehsalat texnologiyasının və su təsərrüfatı fəaliyyətinin təhlili və su obyektlərinin vəziyyətinin öyrənilməsi əsasında aparılır. İlk növbədə istifadəsi və mühafizəsi qeyri-qənaətbəxş su obyektləri nəzarət götürülür.
4.3. Yoxlama aparılarkən su obyektlərinin istismar rejiminin layihə şərtlərinə və sudan səmərəli istifadə edilməsi qaydalarına uyğun olması müəyyən edilir, lazımi su ölçən avadanlıq və cihazların mövcudluğuna, onların texniki vəziyyətinə, sudan istifadənin mütərəqqi texnologiyalarının tətbiq edilməsinə və sudan istifadənin ilkin uçotuna dair məlumatlar yoxlanılır.
4.4. Yoxlamanın nəticələrinə görə su obyektinin istifadəsi və mühafizəsi üzrə protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında su obyektinin istifadəsi və mühafizəsinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün su obyektinin istifadəçiləri və su istehlakçıları üçün məcburidir.
4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
5. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər:
su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq;
su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək;
suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir.
7. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.
1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
2. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4. 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390)
5. 10 may 2012-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 477)
6. 16 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 923)
7. 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)
8. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)