Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. İstehsalat tullantı suları

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kanalizasiya müəssisələri hər hansı istehlakçı ilə (hüquqi və fiziki şəxslərlə) onların obyektlərindən istehsalat tullantı sularının axıdılması, saxlanması və təmizlənməsi barədə müqavilə bağlaya bilərlər.

2. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

3. Kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin təmizlənməsini tələb edə bilərlər. Bu tullantı suları (özləri və ya digər maddələrlə birləşmədə) aşağıdakılara təhlükə yaratdıqda kanalizasiya müəssisələri istehsalat tullantı sularının axıdılması üçün müqavilənin bağlanmasından imtina edə bilərlər:

a) bu sularla təmasda olan insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə;

b) kanalizasiya müəssisəsinin avadanlıqlarının təhlükəsiz istismarına və texniki vəziyyətlərinə;

c) tullantı sularının təmizlənməsi və emalının texnoloji proseslərinə.

Bu cür imtina istehsalat tullantı sularının daşınması və emalı xərcləri ilə bağlı razılıq əldə edilmədiyi halda da edilə bilər.

4. İstehlakçılar:

a) istehsalat tullantı sularının axıdılması haqqında müqavilənin bağlanmasından kanalizasiya müəssisəsinin imtinası ilə;

b) belə müqavilənin şərtləri ilə;

c) istehsalat tullantı sularının axıdılması ilə əlaqədar ödəmələrin məbləği ilə razılaşmadıqda kanalizasiya müəssisəsinin qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver