Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar:

a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması;

b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması;

c) su ehtiyatlarından səmərəli istifadə olunması;

ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver