Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 68

Maddə 68. Avadanlığın zədələnməsi

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır.

2. Su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir.

3. Su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər.

4. Aşağıdakı hallara yol vermək qadağan olunur:

a) sanitariya mühafizəsi zonasında su kəmərləri və kanalizasiya borularının və yeraltı texniki qurğuların mühafizə hasarlarının dağıdılması;

b) yeraltı texniki qurğuların, su kəmərləri və kanalizasiya borularının, kommunikasiyaların qəsdən və ya ehtiyatsızlıq üzündən sıradan çıxarılması, onların açılması, zədələnməsi və ya digər formada onlara təsir edilməsi;

c) texniki su kəmərinin içməli su kəmərinə qoşulması;

ç) suölçən cihazların göstəricilərinin dəyişdirilməsi;

d) suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver