1. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir.
2. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir.
3. Naxçıvan Muxtar Respublikasının regional sxemləri Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir.
4. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.
5. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə aparılmalıdır.