1. Bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir.
2. Müvafiq icra hakimiyyəti orqanı su təchizatı və kanalizasiya müəssisəsinə müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, bələdiyyələrlə razılaşdırılmaqla, müəssisənin xidməti zonasının hüdudlarından kənarda onun fəaliyyətini həyata keçirməyə səlahiyyət verə bilər.