Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası
1. “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Agentliyin Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 40 nömrəli iclas protokolu.
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyinin sədri
1.1. “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” (bundan sonra - Qaydalar) istehlakçıların qanunvericiliyə uyğun olaraq minimum keyfiyyət tələblərinə cavab verən və təhlükəsiz süd və süd məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hazırlanmışdır.
1.3. Süd toplama məntəqələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. Süd – laktasiya dövründə məməli heyvanların süd vəzilərində ifraz olunan, istehsal və emal prosedurlarına məruz qalmayan maye;
2.0.2. Süd toplama məntəqəsi (bundan sonra - məntəqə) - müxtəlif ölçülü və təyinatlı heyvandarlıq təsərrüfatlarından qəbul edilmiş südün bu Qaydada müəyyən edilmiş müddətdə saxlanmasının və topdan satışının həyata keçirildiyi və bu Qaydaların tələblərinə cavab verən tikililər və bu məqsədlə ayrılmış xüsusi yerlər;
2.0.3. Baytarlıq sənədləri - baytarlıq fəaliyyəti sahəsində “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə uyğun olaraq verilən icazələr;
2.0.4. Dezbaryer - gigiyenik təmizlənmə üçün nəzərdə tutulmuş, dezinfeksiyaedici məhlul doldurulmuş və ya hopdurulmuş dezinfeksiyaedici bölmə;
2.0.5. Kondensat suyu - su buxarının kondensasiyası nəticəsində əmələ gələn su.
3.1. Bu Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil edilir.
4.1. Məntəqə xüsusi ayrılmış yerlərdə fərdi inşa edilmiş ayrı tikilidə, heyvandarlıq təsərrüfatlarında süd sağım binasının yanında və ya sağım binasında sağım yerindən divar arakəsmə ilə ayrılmış bölmədə yerləşməlidir.
4.2. Məntəqə Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 2 nömrəli Əlavə - “Qida obyektlərinə dair gigiyena tələbləri”nə uyğun olmalıdır.
4.3. Məntəqədə təbii və mexaniki havalandırma sistemləri qurulmalıdır.
4.4. Məntəqəyə kənar şəxslərin girişi müəssisənin jurnalında qeydiyyat aparılmaqla həyata keçirilməlidir.
4.5. Məntəqənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı südün qəbulu və saxlandığı bölmədə yerləşdirilməməli, qapıları südün qəbulu və saxlandığı bölmələrə açılmamalı və aşağıdakılarla təchiz olunmalıdır:
4.5.1. bağlanan qapılar;
4.5.2. əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar.
4.6. Məntəqədə istifadə olunan ləvazimatların (avadanlıq və alətlər) yuyucu məhlullarla yuyulub təmizlənməsi, qurudulması və saxlanılması üçün bölmə olmalıdır.
4.7. Məntəqənin yerləşdiyi əraziyə nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üçün dezbaryerlər olmalıdır.
4.8. Məntəqə daxilində piyadalar üçün keçidlərdə dezbaryer olmalıdır.
4.9. İşçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilməlidir.
5.1. Məntəqədə südün toplandığı sisternlər və çənlər məntəqənin divarlarından ən azı 60 sm aralıda, döşəmədən ən azı 20 sm hündürlükdə və tavandan isə ən azı 100 sm aşağıda yerləşməlidir.
5.2. Məntəqə daxilində havanın temperaturunu, nəmliyini ölçən, o cümlədən məntəqəyə daxil olan və məntəqədən daşınan südün miqdarını ölçən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə avadanlıqları (civəsiz termometr, psixrometr, tərəzi) olmalıdır.
5.3. Məntəqədə istifadə olunan ləvazimatların (avadanlıq və alətlər) yuyucu məhlullarla yuyulub təmizlənməsi üçün avadanlıqlar olmalıdır.
5.4. Məntəqədə toplanan südün təmasda olduğu material və məmulatlar südün tərkibini dəyişməməli və təhlükəsizlik göstəricilərinə təsir etməməlidir.
5.5. Sisternlər, tankerlər, çənlər, bidonlar, boru kəmərləri, nasoslar, şlanqlar və digər avadanlıqların süd ilə təmasda olan bütün hissələri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq tətbiqinə icazə verilmiş materiallardan hazırlanmalıdır.
5.6. Qaydanın 7-ci hissəsində qeyd olunmuş temperaturda südün saxlanılması üçün soyuducu avadanlıqlar quraşdırılmalıdır.
5.7. Soyuducu avadanlıqların kondensat suyu süd və süd toplanan avadanlıqlar ilə təmas etməməlidir.
5.8. Südün toplanmasında və daşınmasında istifadə olunan bidonlar, çənlər, sisternlər və tankerlər süddən başqa maye və digər maddələrin daşınması üçün istifadə edilməməlidir.
5.9. Məntəqədə südlə təmasda olan avadanlıqlar qida məhsulları ilə təmasına icazə verilən paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən, südün orqonoleptik xüsusiyyətlərinə mənfi təsir göstərməyən, südə hər hansı zərərli və ya zərərsiz maddə keçirməyən materiallardan olmalıdır.
6.1. Məntəqəyə süd qida məhsulları ilə təmasına icazə verilən paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən materialdan hazırlanmış metal və plastik bidonlarda və ya metal sisternli, tankerli nəqliyyat vasitələrilə daşınmalıdır.
6.2. Sağım nəticəsində əldə edilən süd pambıq (ağ flanel, vaflı və ya tənzif parça) və ya metal filtrli süzgəc vasitəsilə süzülərək bidonlara və ya təsərrüfatlardakı çənlərə toplanmalıdır. Süzgəclər mexaniki çirkləndikdə və hər istifadədən sonra məişət (təsərrüfat)-içməli su və yuyucu məhlullarla yuyulub təmizlənməlidir.
6.3. Bidonlara və ya çənlərə toplanmış süd bu Qaydada müəyyən edilmiş temperaturda və müddətdə saxlanılmalıdır.
6.4. Heyvandarlıq təsərrüfatlarında toplanan südün fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə mənfi təsir göstərməməsi üçün süd heyvanların saxlanc və sağım yerlərindən ayrı bölmədə saxlanılmalıdır.
6.5. Sisternlər, tankerlər, çənlərdə toplanan südün, o cümlədən məntəqəyə daxil olan və məntəqədən daşınan südün miqdarı, temperaturu və südün əldə olunduğu təsərrüfat və ya sahibkar haqqında kağız və (və ya) elektron formada qeydlər aparılmalıdır.
6.6. Südün hər daşınma və toplanması prosedurundan əvvəl süd ilə təmasda olan sisternlər, tankerlər, bidonlar, boru kəmərləri, nasoslar, şlanqlar və digər avadanlıqlar məişət (təsərrüfat)-içməli su və yuyucu məhlullarla yuyulub təmizlənməlidir.
6.7. Süd bidonlarda daşındığı zaman soyuducu sistemə malik olan nəqliyyat vasitələrilə (refrijerator və s.) daşınmalıdır.
6.8. Südün daşınmasında və saxlanılmasında istifadə edilən bidonlar, çənlər, sisternlər, tankerlərin qapaqları qida məhsulları ilə təmasına icazə verilən paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən materialdan olmalıdır və fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə mənfi təsir göstərməməsi üçün germetik bağlanmalıdır.
6.9. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyası baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşayiətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır.
6.10. Məntəqə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa malik olmalıdır.
6.11. Bu Qaydada qeyd olunan normadan yüksək olan temperaturda, günəşin birbaşa şüalarına, güclü işığa, yağışa, toza, küləyə və hər hansı xarici fiziki, kimyəvi və bioloji təsirə məruz qalma ehtimalı olan südün məntəqədə toplanmış digər südlə qarışdırılmasına yol verilməməlidir.
6.12. Bu Qaydanın 6.11-ci bəndində qeyd olunan süd məntəqəyə daxil edilərsə ayrı çənlərə toplanmalı və laboratoriya müayinələrinin nəticələrinə əsasən, təhlükəsiz hesab edildikdən sonra digər süd saxlanılan çənlərə əlavə olunmalı və ya daşınmalıdır. Təhlükəli hesab olunduğu təqdirdə qanunvericiliyə uyğun tədbir görülməlidir.
6.13. Bu Qaydada qeyd olunan tələblərə uyğun avadanlıqlar yuyulub dezinfeksiya edilməlidir.
6.14. Məntəqə ərazisi təmiz saxlanılmalıdır.
6.15. Aparılmış dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri barədə müvafiq jurnalda qeydlər aparılmalıdır.
6.16. Məntəqəyə daxil olan və müvəqqəti saxlanılan südün laboratoriya tədqiqinin (sınağı) aparılması məqsədilə məntəqənin “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş laboratoriyası olmalı və ya akkreditasiyadan keçmiş laboratoriya ilə müqaviləsi olmalıdır.
7.1. Sağım prosesi zamanı əldə olunan süd toplama məntəqələrində 8-10C-də 12 saata, 6-8C-də 18 saata, 4-6C-də isə 24 saata qədər saxlanılmalıdır. Bu müddətlərdən artıq saxlanılmış süd emal prosesinə cəlb edilməlidir.
7.2. Sisternli və tankerli nəqliyyat vasitələrilə daşınan süd daşınmazdan əvvəl sistern və ya tankerlər plomblanmalıdır və temperaturu 10C-dək olmalıdır.
7.3. Çənlərdə südün eyni dərəcədə soyudulması məqsədilə 20-30 dəqiqə aralığında qarışdırılmalıdır.
8.1. Məntəqədə çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) olmalı və bu geyimdən yalnız müəssisə daxilində istifadə olunmalıdır.
8.2. Məntəqədə və südün nəqliyyat vasitəsinə yüklənməsində iştirak edən işçilər tərəfindən şəxsi sanitariya normalarına riayət edilməli, o cümlədən sanitar geyimlər təmiz saxlanılmalı və məntəqə sahibi tərəfindən geyimlərin yuyulması və təmizlənməsi üçün şərait yaradılmalıdır. Çirklənmiş geyimlər dəyişdirilməli və ya təmizlənməlidir.
8.3. Məntəqədən işçilərin sanitar geyimdə və iş ayaqqabıları ilə kənara çıxması yolverilməzdir. Məntəqənin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.
8.4. Süd ilə təmasda olan işçilər əllərinin təmizliyinə fikir verməli, ayaqqabı və paltarlarını təmiz saxlamalı, dırnaqlarını kəsilməlidir.
8.5. Məntəqədə və südün nəqliyyat vasitəsinə yüklənməsində iştirak edən işçi özünü pis hiss etdikdə, temperaturu olduqda, xəstəliyinə şübhə olduqda və dəridə iltihabi xəstəliklər aşkar etdikdə tibb məntəqəsinə müraciət etməlidir. Həmin dövr ərzində məntəqə ərazisinə daxil olmasına icazə verilməməli, həmçinin südün toplanması və daşınması əməliyyatlarını icra etməməlidir.