Qanunvericilik › “Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2011) › Tam mətn

“Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2011)

“Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 292 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 12 aprel 2011-ci il

Bu Qaydalar "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 292 nömrəli Fərmanının 1.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin (bundan sonra - hərbi və mülki heyət) formalaşdırılması və xüsusi hazırlığın keçməsi qaydalarını müəyyən edir.

2.1. Hərbi və mülki heyət aşağıdakı hallarda formalaşdırıla bilər:

2.1.1. Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirak etməsi barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edildikdə;

2.1.2. sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və ya mülki heyətin əvəzlənməsi, yaxud sayının artırılması ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq qərar verildikdə.

3.1. Hərbi və mülki heyət könüllülük əsasında komplektləşdirilir.

3.2. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi heyətin tərkibinə ayrı-ayrı hərbi qulluqçular, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hüquq mühafizə orqanlarının və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə digər dövlət orqanlarının hərbi və hərbiləşdirilmiş birləşmələri (müvafiq silahlara və texnikaya, yardım və təminat vasitələrinə malik olan hissə və bölmələr) daxil edilə bilər.

3.3. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən mülki heyətin tərkibinə diplomatik statusa malik olan və ya malik olmayan mülki şəxslər, o cümlədən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ayrı-ayrı nümayəndələri, nümayəndə qrupları və ya bölmələri daxil edilə bilər.

3.4. Azərbaycan Respublikasının hərbi və mülki heyətinin sülhməramlı əməliyyatlarda iştirakına atəşkəs haqqında və digər düşmənçilik hərəkətlərinin dayandırılması barədə beynəlxalq müqavilələrə əməl edilməsinə nəzarət və müşahidə, qabaqlayıcı tədbirlər, münaqişə edən tərəflərin ayrılması, onların bölmələrinin tərk-silah edilərək buraxılması, danışıqların təşkilində vasitəçilik və yardım, münaqişələrin nəticələrinin aradan qaldırılması, mühəndis işlərinin və digər işlərin yerinə yetirilməsi, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yardım edilməsi, tibbi və humanitar yardımın göstərilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi və insan hüquqlarının müdafiə olunması üzrə asayişin qorunması və digər funksiyaların yerinə yetirilməsi, həmçinin BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq məcburi hərəkətlərin həyata keçirilməsi daxil ola bilər.

3.5. Hərbi və mülki heyət yüksək peşəkar və mənəvi keyfiyyətlərə malik olmaqla yanaşı, öhdələrinə düşən xidməti vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyi bacarmalıdırlar.

3.6. Əvvəllər məhkum olunmuş, habelə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş, hərbi xidmətlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrində və ya qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə davam etdirən, yaxud hərbi intizamın pozulmasına qəsdən yol vermiş hərbi qulluqçular hərbi heyətə daxil edilə bilməzlər.

4.1. Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün xüsusi sülhməramlı kontingent yaradılır. Sülhməramlı əməliyyatlarda iştirak üçün hərbi və ya mülki heyəti təqdim edən müvafiq dövlət orqanları həmin heyətin formalaşdırılmasını, xüsusi hazırlıq keçməsini, tibbi müayinəsini, attestasiyasını, həmçinin qeyd edilən heyətə və onların ailə üzvlərinə müəyyən olunan təminatların, imtiyazların və kompensasiyaların verilməsini təşkil və təmin edir.

4.2. Hərbi və mülki heyətin hazırlanması və onlarla tədrisin təşkili müəyyən olunmuş qaydada və yerlərdə müvafiq dövlət orqanlarının maddi-tədris bazasında keçirilir.

4.3. Hərbi və mülki heyətin hazırlanmasının məqsədləri aşağıdakılardır:

4.3.1. sülhməramlı əməliyyatlar zamanı xüsusi vəzifələrin yerinə yetirilməsi bacarığının aşılanması;

4.3.2. sülhməramlı əməliyyatların effektiv yerinə yetirilməsi üçün hərbi və mülki heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədris prosesinin təşkili;

4.3.3. hərbi və mülki heyətdə yüksək mənəvi-psixoloji keyfiyyətlərin tərbiyə olunması.

5.1. Hərbi və mülki heyətin hazırlanması heyəti təqdim edən müvafiq dövlət orqanları tərəfindən hazırlanmış proqramlar əsasında həyata keçirilir.

5.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əməliyyat mandatının, münaqişə regionunda mülki əhali ilə qarşılıqlı fəaliyyət və silah (güc) tətbiqi qaydalarının əks olunduğu yazılı yaddaş-təlimat kitabçasının tərtib edilməsini və hərbi heyətin hər bir hərbi qulluqçusuna çatdırılmasını təmin etməlidir. Ayrı-ayrı hallarda heyət əlavə olaraq region əhalisinin mədəni, dini dəyərləri və ənənələri, həmçinin gender və müxtəlif yaşlı insanlar arasında münasibətlərin xüsusiyyətləri ilə tanış edilir.

5.3. Proqramlar hərbi və mülki heyətin hazırlanmasının təşkilini, tədrisin məzmununu, məşğələlərin növlərini və tədrisin keyfiyyətinə nəzarət qaydalarını əhatə edir.

5.4. Proqramların həyata keçirilməsini təmin edən rəhbər heyət, müəllimlər və təlimatçılar sülhməramlı əməliyyatlarda iştirak təcrübəsi olan, bu mümkün olmadıqda isə qeyd edilən sahədə zəruri biliklərə malik şəxslərdən təşkil olunur. Məşğələlərin keçirilməsinə hərbi hüquqşünaslar, mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları və digər mütəxəssislər cəlb edilə bilərlər.

5.5. Hazırlanan hərbi və mülki heyət vaxtlı-vaxtında bütün tədris tapşırıqlarını, normativləri, məqbul və imtahanları müvəffəqiyyətlə yerinə yetirməlidir.

5.6. Hərbi və mülki heyətlə aparılan tərbiyə işi tədris prosesinin tərkib hissəsidir və onun əsas məqsədi hərbi və mülki heyətin mənəvi, psixoloji dayanıqlılığının möhkəm olmasını, habelə şəxsi heyət arasında hərbi intizamın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.

5.7. Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən mülki heyətin hazırlanmasının digər xüsusiyyətləri həmin heyətə daxil olan şəxslərin mənsub olduqları dövlət orqanları tərəfindən müəyyən edilir.

Sülhməramlı əməliyyatlarda iştirakla bağlı hərbi və ya mülki heyəti təqdim edən dövlət orqanları tərəfindən bu heyətin hazırlanması, maddi-texniki təchizatı, tibbi və digər təminatına çəkilən xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində bu orqanların saxlanılması xərclərinin hesabına və ya dövlət büdcəsində həmin məqsəd üçün ayrıca sətirlə nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüsünə əsasən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver