“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.12-ci bəndini rəhbər tutaraq
1. “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə (Rasim Teymurov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət nazir müavini Arif Əsgərova həvalə edilsin.
1. “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası” (bundan sonra - Qayda) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
2. Bu Qayda taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın (bundan sonra - xüsusi hazırlıq) keçirilməsi qaydalarını müəyyən edir.
3. Xüsusi hazırlıq bu Qaydanın 1 nömrəli Əlavəsində göstərilən “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram” (bundan sonra - Proqram) əsasında aparılır.
4. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
5. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (18 saat) və praktiki məşğələlər (6 saat) ilə birlikdə 24 saat təşkil edir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.
6. Xüsusi hazırlıq tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir
7. Proqramın tədrisində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Avtomobil nəqliyyatı haqqında” və “Sosial sığorta haqqında” qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın taksi minik avtomobili ilə sərnişin daşımalarına, o cümlədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalarından, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən materiallardan istifadə olunur.
8. Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə bu Qaydanın 1 nömrəli Əlavəsində göstərilən mövzular üzrə məlumat verilir və praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Proqramda nəzərdə tutulmuş sürmə təlimi keçirilir.
11. Xüsusi hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırılmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramının yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi şifahi sual-cavab formasında qiymətləndirilir.
12. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verən sürücülər xüsusi hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara xüsusi hazırlığın keçməsini təsdiq edən sənəd və tədris olunan mövzuların daha yaxşı mənimsəmələri üçün əyani yaddaş materialları təqdim olunur.
13. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verə bilməyən sürücülərin proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir.
13-1. Sürücülər xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydanın 4-cü hissəsində göstərilən qurumlara təqdim etməlidirlər:
13-1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
13-1.2. bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə);
13-1.3. sürücülük vəsiqəsinin surəti.
13-2. Xüsusi hazırlığı keçirən qurumlar tərəfindən bu Qaydanın 13-1-ci hissəsində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sürücülərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sürücülər tərəfindən təmin edilir.
13-3. Xüsusi hazırlıqda iştirak etmək üçün müraciət etmiş və bu Qaydanın 13-1-ci hissəsində göstərilən sənədləri təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə məlumat verilir.
13-4. Xüsusi hazırlıq üzrə mühazirələr bu Qaydanın 13-5-ci hissəsinin tələbi nəzərə alınmaqla, əyani formada keçirilir.
13-5. Xüsusi hazırlıq üzrə mühazirələr sürücülərin müraciət etdiyi halda, habelə fors-major hallarda həmin mühazirələri keçirən bu Qaydanın 4-cü hissəsində göstərilən qurumların qərarı əsasında distant formada və ya əyani və distant formanın birgə tətbiqi ilə keçirilə bilər.
13-6. Xüsusi hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.
14. Xüsusi hazırlıq keçmiş taksi minik avtomobilləri sürücülərinin, habelə həmin şəxslərə verilmiş şəhadətnamələrin uçotu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.
15. Taksi minik avtomobilləri sürücülərinin xüsusi hazırlıq keçmələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür)
Azərbaycan Respublikasının sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktları haqqında ümumi məlumat:
- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi (sadələşdirilmiş verginin ödənilməsinə münasibətdə);
- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (məcburi sosial sığorta haqlarının ödənilməsinə münasibətdə);
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”.
Taksi minik avtomobillərinə və onların istismarına dair tələblər:
- taksi minik avtomobilinin istismarına dair normativ hüquqi aktların tələbləri;
- taksi minik avtomobilinin tanınma nişanları və təchizatı;
- taksi minik avtomobilinin texniki vəziyyətinə nəzarət və texniki qulluq;
- taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar, proqram təminatları və onlardan istifadə.
Taksi minik avtomobil sürücülərinə dair tələblər:
- taksi minik avtomobil sürücülərinə dair ümumi tələblər;
- sürücünün iş və istirahət rejimi normalarına riayət olunması;
- taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquq və vəzifələri;
- sürücülərin xarici görünüşü və geyim forması.
Taksi minik avtomobilləri ilə sərnişin daşınmasında hərəkətin təhlükəsizliyinin təmin olunması:
- taksi minik avtomobilinin idarə olunmasını çətinləşdirən və hərəkətin təhlükəsizliyinə təsir edən amillər;
- çətin keçilən sahələrdə, mürəkkəb, eləcə də hərəkət üçün ciddi təhlükə yaradan yol şəraitində, uzun sürən tıxaclarda, fors-major hallarda (təbii fəlakətlər, əlverişsiz hava şəraiti, o cümlədən qar, çovğun, yağış-leysan və s.) taksi minik avtomobilinin düzgün idarə olunması;
- yol-nəqliyyat hadisəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər;
- taksi minik avtomobilinin sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində idarə edilməsi;
- taksi minik avtomobilinin təhlükəsiz idarə olunması.
Taksi minik avtomobilləri ilə sərnişinlərin daşınması:
- taksi minik avtomobilinin sifarişçilərə təqdim olunması;
- taksi minik avtomobillərinin duracaq yerlərindən düzgün istifadə edilməsi;
- daşınması qadağan olunan əşyalar;
- sərnişinlərlə ödənişlərə dair hesablaşma;
- taksi minik avtomobiliilə sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti.
Taksi minik avtomobili sürücülərinin etik davranışı:
- sürücünün davranışının təhlili və davranışına təsir edən faktorlar;
- sərnişinlərlə etik davranış və mədəni rəftar;
- empatiya və ünsiyyət;
- münaqişəli vəziyyətlərin və stressin idarə edilməsi;
- taksi minik avtomobilində tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi;
- peşəkarlıq və fərdi məsuliyyət;
- əlilliyi olan şəxslərlə davranışı.
- ilk tibbi yardım barədə ümumi məlumat (ilk tibbi yardım qutusunun tərkibi və oradakı tibbi ləvazimatlardan, dərman vasitələrindən istifadə);
- yol-nəqliyyat hadisəsi baş verdikdə xəsarət alanlara ilk tibbi yardım göstərilməsinin ardıcıllığı;
- travmalarda ilk yardım, travmatik şoka qarşı tədbirlər.
Taksi minik avtomobilində sürmə təlimi
- hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə;
- taksi minik avtomobilində sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları;
- mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi.
1. 06 iyun 2018-ci il tarixli 001 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyun 2018-ci il)
2. 05 dekabr 2019-cu il tarixli 010 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912050010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2019-cu il)
3. 09 sentyabr 2020-ci il tarixli KQ-7/20 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009090720, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 sentyabr 2020-ci il)
4. 11 may 2023-cü il tarixli 3-27/3-7-1/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305117371, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 may 2023-cü il)
5. 03 iyul 2023-cü il tarixli 3-27/3-7-5/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307037375, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2023-cü il)
6. 07 noyabr 2023-cü il tarixli 3-27/3-7-15/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311073715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2023-cü il)