Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir.

Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər:

a) arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.;

b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

c) tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;

ç) sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

d) incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;

e) qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;

ə) adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver