Qanunvericilik › “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2009) › Tam mətn

“Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2009)

“Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

1.1. Bu Əsasnamə “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa və “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli və 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanlarına əsasən hazırlanmışdır və taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət nəzarətinin məqsədi taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracını nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsini təmin etməkdir.

2.1. Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti monitorinqlər, araşdırmalar, yoxlamalar, ekspertizalar və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər (bundan sonra - nəzarət tədbirləri) formasında həyata keçirilir.

2.1-1. Taxılçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2.2. Taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və aşağıdakı tələblərə riayət edilməsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - səlahiyyətli orqan) tərəfindən nəzarət edilir:

2.2.2. istehsal edilən, habelə ixracı nəzərdə tutulan qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olmasına;

2.2.3. Azərbaycan Respublikasında istehlak üçün idxal olunmuş qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmasına;

2.2.4. qablaşdırılmış taxıl məhsullarının etiketinin üzərində məhsulun adının, həcminin növünün və tərkibinin, istifadə sahəsi və qaydalarının, istehsal tarixinin və yararlılıq müddətinin, saxlanma şərtlərinin, istehsalçının adının, ünvanının, əmtəə nişanının və normativ sənədlərdə tələb olunan digər məlumatların olmasına;

2.2.5. taxıl məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmasına;

2.2.6. taxıl məhsullarının tədarükü, saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə səbəb olan halların (şəraitin) mövcud olub-olmamasına;

2.2.7. səlahiyyətli orqanlar tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikatın mövcudluğuna;

2.2.8. uyğunluq nişanından, müalicəvi, pəhriz, ekoloji təmiz adlarından müvafiq dövlət orqanının icazəsi əsasında istifadəsinə;

2.2.9. sertifikat və razılıq verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və razılıq verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

2.2.11. taxılçılıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilən məhsulların sınaqlarının dövri olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş və müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

2.2.12. Azərbaycan Respublikasına idxal edilmiş taxıl məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu araşdırılarkən istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən uyğunluq, gigiyenik, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda fitosanitar və baytarlıq sertifikatların rəsmi tərcüməsinin mövcudluğuna.

2.3. Səlahiyyətli orqanın taxıl məhsullarına dövlət nəzarəti sahəsində aşağıdakı səlahiyyətləri vardır:

2.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsini yoxlamaq;

2.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxalı və ixracı ilə məşğul olan taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

2.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təmin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

2.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması haqqında icrası məcburi olan göstərişlər vermək;

2.3.5. keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;

2.3.6. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətinin ekspertizasını aparmaq;

2.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

2.10. İstehsal, tədarük, saxlanma, daşınma, satış, idxal və ixrac zamanı, həmçinin ayrı-ayrı ərazilərin (şəhər, rayon, kənd, sahə və s.) təminatında taxıl məhsullarının lazımi keyfiyyətdə olmasının ümumi vəziyyətini müəyyən etmək və qanun pozuntusu əlamətləri barəsində daxil olmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə monitorinqlər aparılır.

2.11. Daxil olmuş müraciətlərdə göstərilən halların və sübutların dəqiqləşdirilməsi, qanun pozuntusu əlamətlərinin əhatə etdiyi subyektlərin və konkret pozuntuların səbəblərinin müəyyən edilməsi məqsədi ilə səlahiyyətli orqan tərəfindən araşdırmalar (ilkin araşdırmalar) aparıla bilər.

2.12. Səlahiyyətli orqanın dövlət nəzarəti aparılmasına səlahiyyətli əməkdaşları aşağıdakı hüquqlara malikdir:

2.12.1. zəruri hallarda taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərliyini məlumatlandırmaqla istehsal, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq;

2.12.2. taxılçılıq fəaliyyətinin subyektlərindən zəruri məlumatları və sənədləri almaq;

2.12.3. taxılçılıq fəaliyyəti subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən, yoxlamanın məqsədləri üçün əvəzsiz istifadə etmək;

2.12.4. normativ sənədlərə müvafiq olaraq məhsulun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təyin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada sınaq nümunələri götürmək;

2.12.5. normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, qanun pozuntusunun dayandırılması barədə və onların aradan qaldırılması məqsədi ilə icrası məcburi olan göstərişlərin verilməsi, inzibati cərimələr tətbiq edilməsi, sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq;

2.12.6. keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsinin və satışının qadağan edilməsi, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul edilməsi üçün rəhbərliyə təkliflər vermək.

2.13. Taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərləri və digər vəzifəli şəxsləri səlahiyyətli orqanın əməkdaşlarına taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatları və sənədləri təqdim etməli, nəzarət tədbirlərinin aparılması üçün şərait yaratmalıdırlar.

2.14. Nəzarət tədbirlərinin nəticələri iki nüsxədə tərtib olunur və aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda nəzarət tədbirini həyata keçirən səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi qeydlər aparılır.

3.1. Müəyyən edilmiş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması məqsədi ilə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqan taxılçılıq fəaliyyətinin subyektinin rəhbərinə icrası məcburi olan göstəriş vermək, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan məhsul partiyasının istifadəsinin və realizə edilməsinin qadağan olunması, dövriyyədən (satışdan) çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir. Nəzarət tədbirlərinin nəticələri üzrə verilən göstəriş və qərarların icrası taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir.

3.2. Aşağıdakı hallarda taxıl məhsullarının Azərbaycan Respublikasında istifadəsinin (satışının) qadağan edilməsi, həmçinin istehsal, ixrac, satış və idxal zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə göstəriş verilir:

3.2.1. yoxlanılan taxıl məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmədikdə;

3.2.2. yoxlanılan taxıl və taxıl məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun sabit istehsalına şərait olmadıqda;

3.2.3. taxıl məhsulları dövlət nəzarətindən gizlədildikdə;

3.2.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikat və ya digər normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul istehsal edildikdə və saxlandıqda;

3.2.5. saxta və müvafiq icazə alınmadan başqasının əmtəə nişanı ilə məhsullar istehsal edildikdə və satıldıqda;

3.2.6. istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda və məhsul istehlak keyfiyyətlərinə uyğun olmayan qaydada etiketləndikdə və ya qablaşdırıldıqda;

3.2.7. taxıl məhsullarının saxlanılması və ya satışı zamanı mövcud norma və qaydalar pozulduqda.

3.3. Sertifikat və şəhadətnamə alınmış taxıl məhsullarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar edildikdə, sertifikatın fəaliyyəti qanunvericiliyə uyğun dayandırılır.

3.4. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan taxıl məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanın və ya məhkəmənin qərarına əsasən həyata keçirilir.

3.5. Taxıl məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti aparılarkən, inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati tənbeh tətbiq edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

3.6. Səlahiyyətli orqanın əməkdaşları tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi zamanı nümunələr götürülərkən 2 (iki) nüsxədə "Nümunə götürmə aktı" tərtib olunur. Həmin akt səlahiyyətli orqanın əməkdaşı və taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır, bir nüsxəsi səlahiyyətli orqanda saxlanılır, digər nüsxəsi isə taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir.

3.7. Nümunə götürmə aktında aşağıdakı məlumatlar olmalıdır:

3.7.1. nümunə götürülməsində iştirak edən əməkdaşların soyadı, adı, vəzifəsi;

3.7.2. nümunənin adı, çəkisi;

3.7.3. nümunələrin sayı və miqdarı;

3.7.4. nümunənin götürülməsinin hüquqi əsası;

3.7.5. nümunələrin götürülmə tarixi və saatı;

3.7.6. nümunənin götürüldüyü yer, taxılçılıq fəaliyyəti subyektinin adı, ünvanı;

3.7.7. qablaşdırmanın forması;

3.7.8. aparılacaq analizlər dəqiq göstərilməklə tədqiqat və ya ekspertizanın məqsədi;

3.7.9. nümunə götürülən məhsul partiyasının həcmi və s.

3.8. Qiymətləndirmənin nəticələri əsasında qanunvericiliklə müəyyən edilmiş sənədlərin verilməsi təmin edilir.

3.9. Nəzarət tədbirləri keçirilməsi zamanı tərtib olunan "Sərəncam", "Akt" və "Nümunə götürmə Aktı"nın formaları səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2. 16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944)

3. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

4. 16 dekabr 2016-cı il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2228)

5. 5 fevral 2018-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 6 fevral 2018-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 337)

6. 20 iyul 2018-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1647)

7. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

8. 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

9. 8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver