Qanunvericilik › Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Teatrların vəzifələri

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Teatrların vəzifələri aşağıdakılardır:

11.1.1. işçilərin əmək şəraitini və əməyinin mühafizəsini, habelə sosial müdafiəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin etmək;

11.1.2. tamaşaçıların həyat və sağlamlığının mühafizəsini, habelə müvəqqəti saxlanc üçün onlardan alınmış əmlakın qorunmasını təmin etmək;

11.1.3. biletlərin satıldığı və tamaşa nümayiş olunduğu yerlərdə afişalar asmaq, həmin afişalarda teatrın, tamaşanın, əsər müəllifinin (müəlliflərinin), quruluşçuların və ifaçıların (rol və partiyaları) adlarını, həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirin keçirilməsi barədə afişaların və digər elanların üzərində tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni və teatrın zəruri hesab etdiyi digər məlumatları göstərmək;

11.1.4. tamaşanın keçirildiyi yer, başlanacağı və bitəcəyi vaxt, biletlərin qiyməti, alınma və geri qaytarılma şərtləri, müəyyən tamaşaçı kateqoriyaları üçün nəzərdə tutulmuş güzəştlər, tamaşaçıların yaş məhdudiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat vermək;

11.1.5. teatr biletində öz adını, ünvanını, biletin qiymətini, tamaşanın tarixini və saatını, tamaşaçının salondakı yerini, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni göstərmək.

11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu ilə aşağıdakı hallarda geri qaytarıla bilər:

11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz olunduqda və ya təxirə salındıqda;

11.2.2. elan olunmuş baş rol ifaçısı dəyişdirildikdə.

11.3. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır.

11.4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver