“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 16 fevral 2006-cı il
1. Bu Qayda “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.12-ci bəndinə uyğun hazırlanmışdır.
2. Təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edir.
3. Qanvermənin təcili təşkili üçün media ilə əhaliyə müraciət edilir və əhalinin əvvəlcədən müəyyən olunmuş yerlərdə qan verməsinə şərait yaradılır.
4. Mülkiyyət formasından asılı olmayaraq, bütün idarə və təşkilatlar, hərbi hissələr kampaniyanın həyata keçirilməsi üçün tibb işçilərinə lazımi şərait yaradır və vətəndaşların qan donorluğunda fəal iştirakına yardım edirlər.
5. Fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun lazımi səviyyədə təşkili üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
- fövqəladə hallar üçün nəzərdə tutulmuş qan torbaları və qanköçürmə sistemləri ehtiyatının yaradılması;
- götürülmüş qanın müayinəsi üçün reaktivlərin və avadanlıq ehtiyatının yaradılması;
- qan komponentləri və qanəvəzedici məhlullar ehtiyatının yaradılması;
- götürülmüş qanın, qan komponentlərinin müvafiq yerlərə çatdırılması üçün tibbi heyətin nəqliyyat vasitələri, termokonteynerlər və soyuducu reagentlərlə təmin edilməsi;
- tibbi heyət və əhali arasında müvafiq təlimlərin keçirilməsi.
1. 30 noyabr 2020-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1413)
2. 9 mart 2023-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 434)
3. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)