Qanunvericilik › “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025) › Tam mətn

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025)

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 16.1-ci və 25.1-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə həmin Əsasnamənin 5.10-5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minir.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 20 may tarixli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur.

1.3. Bu Qaydalar Kodeks Alimentarius Komissiyasının “Mineral sulara dair standart CXS 108-1981”, Avropa İttifaqının 2009-cu il 18 iyun tarixli 2009/54/EC nömrəli (Directive 2009/54/EC Of the European Parliament and of the Council of 18 June 2009) və 2003-cü il 16 may tarixli 2003/40/EC nömrəli (Commission Directive 2003/40/EC of 16 May 2003) sənədləri əsas götürülərək hazırlanmışdır.

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. təbii mineral su - mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii su;

2.1.2. dəfələrlə istifadə üçün nəzərdə tutulan qablaşdırma (çoxdəfəlik qablaşdırma) - səmərəli qaytarılmanı və təkrar istifadəni təmin edən, təbii mineral suyun doldurulması üçün dəfələrlə istifadə olunan qablaşdırma;

2.1.3. bir dəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırma (birdəfəlik qablaşdırma) – fiziki keyfiyyətinə və gigiyenik tələblərə görə təbii mineral suyun doldurulması üçün təkrar (bir dəfədən çox) istifadə oluna bilməyən qablaşdırma;

2.1.4. mühafizə zonası - sahənin topoqrafik, geoloji və hidrogeoloji quruluşu, iqlim şəraiti, torpaq cinsi və növləri, sutoplayıcı sahəsinin sərhədləri, mənbə ətrafında olan yaşayış məntəqələri, sənaye obyektləri kimi amillərdən asılı olaraq mənbə və onların əlaqəli olduğu yeraltı sistemin pozulmasına, çirklənməsinə və dayanıqlı xüsusiyyətlərinin itməsinə səbəb olacaq xarici təsirlərdən qorumaq məqsədilə yerinə yetirilən tədbirlərin, həyata keçirilən fəaliyyətlərin nəzarət edildiyi, tikinti və torpaqdan istifadə fəaliyyətlərinin məhdudlaşdırıldığı ərazi.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasında qüvvədə olan digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.

3.1. Təbii mineral sular aşağıda sadalanan xüsusiyyətləri ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraq çirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir:

3.1.1. dəyişməyən mineral və mikroelement tərkibi baxımdan;

3.1.2. mikrobioloji cəhətdən təmiz olması;

3.1.3. sabit temperatura malik olması.

3.2. Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır.

3.3. Təbii mineral suya karbon qazından başqa digər kimyəvi maddə əlavə edilməməli, əlavə edilmiş karbon qazı təbii mineral suyun təbiiliyini pozmamalıdır.

3.4. Qablaşdırma zamanı təbii mineral suya təbii və ya kənardan təmin edilən, ümumi qaz həcminin ən azı 99%-i karbondioksid (CO2) olan və tərkibindəki karbon monooksidin miqdarı 10 µl/l-dən çox olmayan karbon qazının əlavə edilməsinə yol verilir. Bu proses suyun mikrobioloji xüsusiyyətlərində dəyişikliyə səbəb olmamalıdır.

3.5. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş təbii mineral sular aşağıdakı kimi adlandırılır:

3.5.1. “təbii qazlı təbii mineral su” – dekantasiya (süzülmə) və qablaşdırmadan sonra hazır məhsuldakı karbon qazının miqdarı suyun mənbəyindəki miqdar ilə eyni olduğu halda və ya suyun süzülməsi və qablaşdırılması zamanı itirilən karbon qazı mənbədən alınan karbon qazı ilə bərpa edilərək mənbədəki karbon qazının miqdarına bərabərləşdirildiyi halda;

3.5.2. “mənbədəki karbon qazı ilə zənginləşdirilmiş təbii mineral su” – təbii mineral sular süzüldükdən və qablaşdırıldıqdan sonra yalnız suyun mənbəyindəki karbon qazı ilə zənginləşdirildiyi və hazır məhsuldakı karbon qazının miqdarı suyun mənbəyindəki miqdarından çox olduğu halda;

3.5.3. “karbon qazı ilə zənginləşdirilmiş təbii mineral su” – təbii mineral su süzüldükdən və qablaşdırıldıqdan sonra mənbədən əldə edilməyən karbon qazı ilə zənginləşdirildiyi və karbon qazının miqdarı mənbəyindəki miqdarından çox olduğu halda;

3.5.4. “qazsız təbii mineral su” – təbii halda və ya bu Qaydaların 3.6-cı bəndinə uyğun olaraq həyata keçirilən təmizlənmə prosesinə məruz qoyulduqdan və qablaşdırıldıqdan sonra tərkibində hidrokarbonat duzlarını həll olmuş vəziyyətdə saxlamağa imkan verən sərbəst karbon qazı olmayan təbii mineral su;

3.5.5. “karbon qazından qismən təmizlənmiş təbii mineral su” – bu Qaydaların 3.6-cı bəndinə uyğun olaraq təmizlənmə prosesinə məruz qoyulduqdan və qablaşdırıldıqdan sonra suyun mənbədən əldə edilməsi zamanı müşahidə edildiyindən daha az miqdarda karbon qazı ehtiva edən və normal təzyiq və temperatur altında qazı atmosferə buraxmayan təbii mineral su.

3.6. Təbii mineral suların tərkibindən karbon qazı yalnız fiziki üsullardan istifadə etməklə kənarlaşdırıla bilər. Fiziki üsullarla kənarlaşdırma prosesinə məruz qalan təbii mineral sular "qazsız təbii mineral su" və ya "karbon qazından qismən təmizlənmiş təbii mineral su" kimi adlandırılır.

3.7. Təbii mineral sular aşağıda sadalanan üsullardan başqa digər üsullarla təmizlənməyə məruz qoyulmamalıdır:

3.7.1. oksigenləşmə prosesinə məruz qoyulduqdan sonra dəmir və kükürd kimi qeyri-stabil elementlərin filtrasiya və dekantasiya (süzmə) yolu ilə kənarlaşdırılması. Bu üsul təbii mineral suyun ona xas tərkibini dəyişmir;

3.7.2. ozonla zənginləşdirilmiş hava tətbiq etməklə dəmir, manqan, kükürd və arsenin kənarlaşdırılması;

3.7.3. yalnız fiziki üsullarla sərbəst karbon qazının qismən və ya tamamilə kənarlaşdırılması. Kənarlaşdırma prosesi üçün ozonla zənginləşdirilmiş hava tətbiq edildikdə bu Qaydaların 7-ci hissəsinin müddəaları tətbiq edilir.

3.8. Dezinfeksiya aparılması və bakteriostatik elementlərin əlavə edilməsi və ya təbii mineral suyun canlı mikroorqanizm koloniyası sayını dəyişdirə biləcək digər prosedurların aparılmasına yol verilmir.

3.9. Təbii mineral sulardan alkoqolsuz içkilərin hazırlanmasına yol verilir.

4.1. Təbii mineral sularda təbii şəkildə mövcud olan və miqdarının artması ilə istehlakçının sağlamlığı üçün təhlükə yaradan komponentlər və onların yolverilən maksimum həddi bu Qaydalara 1 nömrəli əlavədə göstərilən miqdardan çox ola bilməz.

4.2. Təbii mineral suların anion və kation tərkibi bu Qaydalara 2 nömrəli əlavədə göstərilənlərə uyğun olmalıdır.

4.3. Təbii mineral suların radioaktivliyi bu Qaydalara 3 nömrəli əlavədə göstərilənlərə uyğun olmalıdır.

4.4. Suyun yatağından götürülmüş nümunədə mikroorqanizm koloniyalarının ümumi sayı 20-22oC-də 72 saat ərzində aqar-aqar və ya aqar-jelatin qarışığında hər ml-də 20 (20 KƏGV/ml), 37 oC-də 24 saat ərzində aqar-aqar qarışığında hər ml-də 5-dən (5 KƏGV/ml) çox olmamalıdır.

4.5. Qablaşdırıldıqdan sonra götürülmüş nümunədəki mikroorqanizm koloniyalarının ümumi sayı aqar-aqar və ya aqar-jelatin qarışığında 20-22 oC-də 72 saat ərzində hər ml-də 100-dən (100 KƏGV/ml), aqar-aqarda 37 oC-də isə 24 saat ərzində hər ml-də 20-dən (20 KƏGV/ml) çox olmamalıdır. Ümumi mikroorqanizm koloniyasının sayılması qablaşdırmadan sonra 4oC±1oC temperaturu olan mühitdə saxlanılan nümunədə 12 saat ərzində aparılmalıdır.

4.6. Suyun mənbəyində və dövriyyədə olan qablaşdırılmış təbii mineral suyun mikrobioloji göstəriciləri bu Qaydalara 4 nömrəli əlavədə göstərilənlərə uyğun olmalıdır.

4.7. Təbii mineral suda orqanoleptik (görünüş, qoxu, dad) və fiziki-kimyəvi göstəriciləri (o cümlədən, pH, bulanıqlıq, elektrikkeçiriciliyi) cəhətdən hər hansı nöqsan olmamalıdır.

5.1. Təbii mineral suyun qablaşdırılmasında aşağıdakı tələblərə cavab verən çoxdəfəlik və birdəfəlik qablaşdırmadan istifadə olunur:

5.1.1. çoxdəfəlik qablaşdırmalar ən az 55-700C temperaturda su və təmizləyici vasitə ilə əllə toxunmadan tam avtomatik yuyula bilən, istifadə və yuyulma nəticəsində deformasiyaya uğramayan keyfiyyətdə olmalıdır;

5.1.2. çoxdəfəlik polikarbonat qablaşdırmalarda suyun adı və qabın istehsal tarixi qabın istehlakçıya görünən hissəsində qabarıq şəkildə yazılmalıdır;

5.1.3. çoxdəfəlik polikarbonat qablaşdırmalarda şirkət adı, əmtəə nişanı yazılmasına da yol verilir. Bu qablar hər hansı mineral suyun qablaşdırılması üçün istifadə olunduğu halda həmin qablar digər fərqli su və ya içkinin qablaşdırılmasında istifadə oluna bilməz;

5.1.4. çoxdəfəlik polikarbonat qablaşdırmalarda satışı həyata keçirilən mineral suların yararlılıq müddəti 3 aydan artıq olmamalıdır;

5.1.5. birdəfəlik qablaşdırmalar təkrar olaraq mineral suların qablaşdırılmasında istifadə edilməməlidir.

5.2. Təbii mineral sularda polikarbonat bidon istifadə edildikdə istehlakçını yanıldan halların baş verməməsi və məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün qablaşdırma və qapaq üzərinə hava və su keçirməyən şəkildə şrink vurulur.

6.1. Təbii mineral suların etiketində suyun adı, suyun bu Qaydaların 3.5.1-3.5.5-ci yarımbəndlərində göstərilən növü, miqdarı (həcmi), suyun çıxarıldığı yatağın adı və yerləşdiyi ünvanı, saxlanma şərtlərinə dair xəbərdarlıqlar, etiket məlumatlarının oxunmasına mane olmayan formada şəkil və fiqur, suya tətbiq olunan proseslər (o cümlədən, dekantasiya (süzmə)), təbii mineral suyun tərkibindəki anion və kation tərkibi (flüor, bikarbonat, xlorid, sulfat, kalsium, kalium, natrium və dəmir), istehsal tarixi və son istifadə müddəti və ya yararlılıq müddəti göstərilməlidir.

6.2. Təbii mineral suyun adı suyun mənbəyinin adını və ya suyun çıxarıldığı mənbənin yerləşdiyi yeri əks etdirmədiyi halda, suyun çıxarıldığı mənbənin adı və ya suyun mənbəyinin yerləşdiyi yerin adı suyun adının yazıldığı sahədə göstərilməlidir.

6.3. Qida subyektinin istəyi olduğu halda suyun fiziki-kimyəvi xassələri (pH, keçiricilik, ümumi minerallaşma kimi) etiketdə göstərilə bilər.

6.4. Təbii mineral sular ozonla zənginləşdirilmiş hava ilə təmizlənirsə, etiketdə “Texnikasına uyğun olaraq ozonla zənginləşdirilmiş hava ilə oksigenləşməyə məruz qoyulmuşdur” xəbərdarlığının, flüorun aktiv alüminiumla parçalanması halında isə “flüorun səviyyəsi aktiv alüminium üsulu ilə azaldılıb” qeydi mütləqdir. Etiketdəki xəbərdarlıq yazısının görünüşü digər etiket məlumatından və fon rəngindən fərqli olmalıdır.

6.5. Təbii mineral suyun birbaşa qablaşdırmasında, qapağında, etiketində və ya reklamında bu suların xəstəliklərin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması ilə bağlı məlumatlardan istifadə edilməsinə yol verilmir.

6.6. Təbii mineral suyun tərkibində olan maddələri və ya təbii mineral suyun mühüm xüsusiyyətlərini istehlakçıya dolğun formada ifadə etmək üçün aşağıda sadalanan məlumatlardan etiketdə istifadə olunur:

6.6.1. quru qalıq kimi hesablanan mineralın miqdarı 1500 mq/l-dən çox olduqda, “mineralla zəngin”;

6.6.2. quru qalıq kimi hesablanan mineralın miqdarı 500 mq/l-dən az olduqda, “aşağı minerallı”;

6.6.3. quru qalıq kimi hesablanan mineralın miqdarı 50 mq/l-dən az olduqda, “çox aşağı minerallı”;

6.6.4. bikarbonatın miqdarı 600 mq/l-dən çox olduqda, “bikarbonatlı”;

6.6.5. sulfatın miqdarı 200 mq/l-dən çox olduqda, “sulfatlı”;

6.6.6. xloridin miqdarı 200 mq/l-dən çox olduqda, “xloridli”;

6.6.7. kalsiumun miqdarı 150 mq/l-dən çox olduqda, “kalsiumlu”;

6.6.8. maqneziumun miqdarı 50 mq/l-dən çox olduqda, “maqneziumlu”;

6.6.9. ikivalentli dəmirin miqdarı 1 mq/l-dən çox olduqda, “dəmirli”;

6.6.10. flüorun miqdarı 1 mq/l-dən çox olduqda, “flüorlu”;

6.6.11. natriumun miqdarı 200 mq/l-dən çox olduqda, “natriumlu”;

6.6.12. natriumun miqdarı 20 mq/l-dən az olduqda, “natriumu az pəhriz qidalanma üçün təbii mineral su”;

6.6.13. sərbəst karbon qazının miqdarı 250 mq/l-dən çox olduqda, “turş”;

6.6.14. kiçik uşaqlar və körpələr üçün yemək hazırlanmasına uyğun ola bilər;

6.6.15. bağırsaq işlədici təsiri ola bilər;

6.6.16. sidikqovucu təsiri ola bilər;

6.6.17. “həzmi stimullaşdırır”.

6.7. Bu Qaydaların 6.6-cı bəndində sadalananlar yalnız təbii mineral suların fiziki-kimyəvi müayinələri və zəruri hallarda farmakoloji, fizioloji və klinik müayinələrlə müəyyən olunduğu halda etiketdə yerləşdirilə bilər.

6.8. Təbii mineral suyun tərkibində 1,5 mq/l-dən çox flüorid olduqda, məhsulun etiketində “Tərkibində 1,5 mq/l-dən çox flüor var. Körpələr və 7 yaşdan kiçik uşaqların müntəzəm istehlakı üçün uyğun deyil” ifadəsi yazılmalıdır.

7.1. Təbii mineral sulara element tərkibi baxımından keyfiyyətini dəyişmədən tətbiq edilən oksigenləşmədən sonra, dəmir və kükürd kimi elementlərin filtrasiya və boşaltma yolu ilə dekantasiyası (süzülməsi), ozonla zənginləşdirilmiş havadan istifadə etməklə dəmir, manqan, kükürd və arsenin dekantasiyası (süzülməsi), aktiv alüminiumdan istifadə edərək flüorun dekantasiyası (süzülməsi) və yalnız fiziki vasitələrlə sərbəst karbon qazının qismən və ya tamamilə dekantasiyasından (süzülməsi) başqa heç bir prosedur tətbiq edilməməlidir.

7.2. Dekantasiya (süzmə) prosesində ozonla zənginləşdirilmiş hava və alüminium istifadəsi 7.2.1-7.2.3-cü yarımbəndlərdə göstərilənlər nəzərə alınmaqla həyata keçirilir:

7.2.1. dekantasiya (süzmə) prosesinin səmərəliliyinin təmin edilməsi, onun zərərli təsirlərinin qarşısının alınması və suyun fiziki və kimyəvi tərkibinin dəyişməməsi;

7.2.2. dekantasiya (süzmə) prosesindən əvvəl təbii mineral su bu Qaydaların 4-cü hissəsində göstərilən mikrobioloji göstəricilərə uyğun olmalıdır. Ozonla zənginləşdirilmiş havanın istifadəsi ilə təmizlənmiş təbii mineral sularda ozon, bromat və bromoform üçün maksimum yolverilən norma müvafiq olaraq 50 µq/L, 3,0 µq/L və 1,0 µq/L olmalıdır;

7.2.3. yatağından əldə edilən suyun tərkibini dəyişmədən suyun tərkibindəki flüor aktiv alüminiumla kənarlaşdırıldıqda sudakı alüminium səviyyəsi 200 µg/L-dən yuxarı olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver