Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs;

1.0.2. adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd;

1.0.3. adyunktura - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması;

1.0.4. akademiya - müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;

1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru;

1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;

1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;

1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;

1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır).

1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması;

1.0.10. dissertasiya - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;

1.0.11. dissertant - dissertasiya işini yerinə yetirən şəxs;

1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;

1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması;

1.0.14. dosent - ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;

1.0.15. elmlər doktoru - elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə;

1.0.16. evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması;

1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;

1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə;

1.0.19. fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması;

1.0.20. fəxri professor (doktor) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi və elmi müəssisə tərəfindən verilən akademik ad (dərəcə);

1.0.21. formal təhsil - təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.22. gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.23. informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;

1.0.24. innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;

1.0.25. institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.26. ixtisas - müvafiq təhsil haqqında dövlət sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü;

1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;

1.0.28. kampus - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi);

1.0.29. kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;

1.0.30. konservatoriya - musiqi sahəsi üzrə subbakalavr və yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi;

1.0.31. qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;

1.0.32. lisenziya - təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd;

1.0.33. lisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi;

1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi;

1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;

1.0.37. professor - yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilən elmi ad;

1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması;

1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;

1.0.40. subbakalavr - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi;

1.0.41. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi;

1.0.42. tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;

1.0.44. təhsil investisiyası - təhsilin inkişafına sərmayə qoyuluşu;

1.0.45. təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

1.0.46. təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;

1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

1.0.48. təhsil müəssisəsinin muxtariyyəti - müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;

1.0.49. təhsil françayzinqi - təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi;

1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi;

1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;

1.0.52. tyutor - ali təhsil müəssisəsində akademik məsləhətçi;

1.0.53. universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi;

1.0.55. təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver