18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.
18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, məktəbdənkənar təhsil müəssisələrində və ya ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir.
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.